Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:48

Pis və Çirkin öldü, bu dünyada yalnız Yaxşı qaldı...


Eli Wallach
Eli Wallach

-

Dünya kino tarixinin ən məşhur vesternlərindən sayılan «Yaxşı, Pis və Çirkin» (The Good, the Bad and the Ugly) filmində (1966) Çirkin obrazını canlandıran amerikalı aktyor Eli Herschel Wallach 98 yaşında dünyadan köçüb.

«The New York Times» qəzetinin xəbərinə görə, indi bu unudulmaz üçlükdən həyatda yalnız Yaxşı rolunun ifaçısı Clint Eastwood qalıb...

Üçlüyün yarpaq tökümü 1989-cu ildə Pisin – Lee Van Cleef-in ölümündən başlayıb.

Aradan 15 il ötəndən sonra növbə Çirkinə çatıb.

Tanınmış aktyorun qızı Katherine B. Wallach «The New York Times»a atasının öldüyünü təsdiqləyib.

60 illik sənət həyatı boyunca ünlü aktyor bir çox baş rollar oynayıb və heç bir «Oscar»a layiq görülməyib.

Əvəzində 2010-cu ildə Wallach-ı Amerika Kino Akademiyası şərəf «Oscar»ına layiq görüb.

Eli Wallach
Eli Wallach

Aktyor kino həyatına 1956-cı ildə «Gəlincik» (Baby Doll) filmiylə qədəm qoyub.

Wallach bu filmlə «Ən yaxşı debüt» nominasiyasında BAFTA mükafatını qazanıb.

Aktyorun ən məşhur rolu Sergio Leone-nin çəkdiyi «Yaxşı, Pis və Çirkin» filmində Tuko (Çirkin) obrazı olub.

Daha sonra «Möhtəşəm yeddilik» (The Magnificent Seven) və «Makkenanın qızılı» (Gold Makena) filmlərində yaddaqalan obrazlar yaradıb.

Wallach 1990-cı ildə «Xaç atası-3» (The Godfather Part 3) və 2003-cü ildə Clint Eastwood-un rejissor olduğu «Sehrli çay» (Mysthic river) filmlərində də oynayıb.

Eli Wallach aktrisa Anne Jackson-la evliydi və iki qız atasıydı.

XS
SM
MD
LG