Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Hillary Clinton kitabında Azərbaycandan da yazıb


ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton
ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton
-
LAVROV ƏLİYEVİ PƏRT ELƏDİ

«Azadlıq» qəzeti yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri köhnə gündəmə yeni rəng qatdı. İlham Əliyevin çətin vəziyyətlərindən biri də bu görüş idi. Bütün gözlər Lavrovun Qarabağ və Avrasiya İttifaqına dair verəcəyi bəyanatlara dikilmşdi.

Azərbaycan hökuməti hesab edirdi ki, Rusiya rəsmi Bakını yerli ictimai rəydə biabır olmaqdan xilas etmək üçün son günlərdə ortaya atılmış «altı rayon alınır» nəzəriyyəsinə dəstək verəcək.

Rusiya isə «əldəki sərçə damdakı göyərçindən faydalıdır» prinsipi ilə hərəkət edərək, İttifaqa qoşulmağa hazır Ermənistanı saxlayıb bu barədə açıq danışa bilməyən Azərbaycan hökumətinin ayağı altına daş qoymadı:

«Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədlər çərçivəsində qəbul ediləcək».

HİLLARY CLİNTON KİTABINDA AZƏRBAYCANDAN DA YAZIB

«Amerikanın Səsi» radiosu ABŞ-ın keçmiş dövlət katibi Hillary Clinton-un yeni çapdan çıxmış «Çətin seçimlər» adlı memuarından yazır. Xanım Clinton Türkiyə və Balkan ölkələri vasitəsilə Xəzər dənizindən təbii qazın Avropaya nəqlini təmin edəcək Cənub qaz dəhlizini enerji diplomatiyası sahəsində ən mühüm təşəbbüs kimi qiymətləndirir:

«Layihənin gerçəkləşməsi üçün lazım olan razılaşmaların müzakirə edilməsi məqsədilə səfir Riçard Morninqstarı xüsusi nümayəndə təyin etdim. Bu, Xəzər dənizində əsas mənbə olan Azərbaycanla qonşusu Ermənistan arasında uzun illər sürən münaqişəyə görə mürəkkəb məsələ idi. Morninqstar Azərbaycan prezidenti İlham Əliyevlə elə konstruktiv iş münasibətləri yaratmışdı ki, mən onu orada səfir təyin etdim.»

HAKİMİYYƏTİ ÇƏTİN STRASBURQ İMTAHANI GÖZLƏYİR

«Yeni Müsavat» gələn həftə AŞPA-nın yay sessiyasının Azərbaycan üçün asan keçməyəcəyini qeyd edir.

«May ayında AŞ Nazirlər Komitəsinə sədrliyi qəbul edən Azərbaycan hakimiyyətini AŞPA-nın gələn həftə keçiriləcək sessiyasında Strasburqda gərgin müzakirələr və çətin suallar gözləyir. Bu sessiya çərçivəsində həm AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, həm də prezident İlham Əliyevin çıxışları nəzərdə tutulur. Bu çıxışlardan sonra onlar həm də mətbuat konfransı keçirəcəklər.

AŞPA-dakı çıxışlardan sonra onlara deputatlar, mətbuat konfransında isə jurnalistlər suallar ünvanlayacaq. Heç şübhəsiz ki, bu sualların əksəriyyəti Azərbaycanda ictimai-siyasi vəziyyət, demokratik təsisatlara qarşı hücumlar, siyasi həbslər, repressiyalar və söz azadlığına basqılarla bağlı olacaq. Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, siyasi məhbuslar məsələsini AŞPA və digər qurumların gündəmindən çıxara bilmir».

BAKI METROPOLİTENİ YAY QRAFİKİNƏ KEÇİB

İyunun 17-dən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlayıb. «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib.

Məlumatda, həmçinin bildirilir ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır.

QAFQAZ UNİVERSİTETİNİN TALEYİ İLƏ BAĞLI REKTORDAN AÇIQLAMA

«Qafqaz Universiteti»nin rektoru Ahmed Sanıç universitetin bağlanması ilə bağlı yayılan söz-söhbətlərə Movqe.az vasitəsilə aydınlıq gətirib. Universitetin rektoru Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yaydığı məlumatdan hər şey aydındır:

«ARDNŞ-nın açıqladığı məlumatda bu sualın cavabı var. Oradan hər şey aydın görünür ki, qərar «Araz Kursları» və ümumtəhsil məktəbləri ilə bağlıdır. Yəni Qafqaz Universitetinin orada adı hallanmır». Movqe.az-ın «Qafqaz universiteti» bu il qəbulu davam etdirəcəkmi sualını A. Sanıç cavabsız qoyub.

Universitetin prorektoru Natiq Paşa isə Movqe.az-ın bu sualını belə cavablandırıb:

«Siz görmüsünüz ki, «Qafqaz Universtetinin»nin adı builki abituriyent jurnalında qəbul aparacaq özəl ali təhsil müəssisələri arasındadır. Ona görə də, universitetə tələbə qəbulu davam etdiriləcək. Həmçinin ARDNŞ-nın qərarında ali məktəb qeyd olunmadığından narahatçılığa da əsas yoxdur. Valideynlər də narahat olmasınlar».

MİLLİ ŞURA YAY TƏTİLİNƏ ÇIXIR

Milli Şura yay tətilinə çıxa bilər. Milli Şuranın sədri Cəmil Həsənli APA-ya açıqlamasında deyib ki, hələ bu barədə qərar olmasa da, belə bir qərarın veriləcəyi istisna deyil. C. Həsənli deyib ki, buna səbəb Milli Şura üzvlərinin bir qisminin hazırda Bakıda olmaması və sessiyanın keçiriləcəyi yerlə bağlıdır. Onun sözlərinə görə, bir çox otelə müraciət olunsa da, həmin otellər də Milli Şuraya toplantı keçirmək üçün yer ayırmaqdan imtina edib.
XS
SM
MD
LG