Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:56

Rusiyadan qayıdıb kənd çayxanasında domino oynayanlar...


Masallıda çayxana
Masallıda çayxana
-
Masallı rayonun Musaküçə kənd çayxanası gündə bir neçə dəfə dolub boşalır. Kənddə kimi istəsən, burada tapa bilərsən. Sakinlərin söylədiyinə görə, bu çayxana işsizlərin vaxt öldürdüyü yerdir...

«RUSİYADA... QARMAQARIŞIQLIQDIR»

Rusiyadan bir ilə yaxındır qayıdan Dadaş İbrahimovla da çayxanada görüşdük. O, azı 20 il Rusiyada yaşayıb. İndi vətənə dönməyinin səbəbini də orada gəlmələrə münasibətin pisləşməsində, miqrantlarla mübarizədə görür. Son illərədək Rusiyanın Perm şəhərində onun üçün pis keçməyib, orada ev-eşik sahibi də olub:

«20 ildir Rusiyada olmuşam, Perm şəhərində. Orada işləyirdim. İşim alınmadı vəziyyətlə əlaqədar. Qarmaqarışıqlıqdır. Vəziyyət pisləşdi, çıxıb gəldik. Həm də yaşıma görə, artıq 53 yaşını haqlamışam. Dedim, gəlib vətənimdə işimi qurum, burda işləyim. Yenə vətən yaxşıdır».

Onun sözlərinə görə, Rusiyaya, adətən, pul üçün gedirlər. Dadaş İbrahimov da kəndinə əliboş gəlməyib:

«Rusiyaya gedənlər pul üçün gedirlər. Az-maz qazandım. Gəldim evə bir az əl gəzdirdim, indi girmişəm içərisinə. Qardaşım da kömək edib. Ailəli, həm də pensiyaçı adamam. Özüm Əfqanıstanda xidmət etmişəm. Pensiya söhbəti var, alınsa alınacaq. Sənəd vermək lazımdır».

«BURANIN QAYDA-QANUNUYLA TANIŞ DEYİLƏM»

Dadaş İbrahimov ehtiyatla danışır. Söhbət əsnasında çayxanada domino və nərd oynayanlara da göz yetirir. Sonra evinə baş çəkməyi təklif edir. Evi, balaca da olsa, müasir tiplidir. Deyir ki, ya heyvandarlıqla, ya da alış-verişlə məşğul olmaq fikri var:

«Ya mal-qara saxlayacağam, ya da mağaza işlədəcəyəm. İkisindən birini seçəcəyəm. Çoxdandır burda olmuram. Buranın qayda-qanunuyla tanış deyiləm. Yoldaşlarımla, həmkəndlilərlə düşünüb bir qərara gələcəyik. Maşallah, burada arpa, buğda əkirlər – 5 hektar, 10 hektar sahədə. Bacaracağım işə vəsait qoyacağam».

«DEPORTASİYANIN NƏ OLDUĞUNU HEÇ ANLAMIRLAR»

O deyir ki, Rusiyada azərbaycanlılar çoxdur. Vətəndaşlığı olanların da çıxarıldığının – deportasiya edildiyini gözləriylə görüb:

«Onları ordan deportasiya edirlər. Deportasiyanın nə olduğunu heç anlamırlar. Gəlib keçirlər bu tərəfə, amma geri dönəndə onları buraxmırlar, deyirlər sənə arxaya yol yoxdur. Hələ mən biləni, noyabr-dekabr aylarında Permdən 200 min nəfəri deportasiya ediblər. Bəlkə də çox. Mən də, yoldaşım da infarkt keçirmişik».

Dadaş İbrahimovun dediyinə görə, 13 yaşlı oğlunun təhsili ilə bağlı Rusiyada problemlər vardı, amma burada yoxdur. Oğlu Rusiyada təhsilini davam etdirir.

«VƏTƏNƏ CİBİMDƏ PULLA GƏLDİM, AMMA...»

O, Rusiyadan kəndinə qayıdan yeganə adam deyil. 69 yaşlı Eynulla Eynullayev təxminən 2 il öncə vətənə qayıdıb:

«Tula vilayətindəki bir kənddə ev aldım. Sonra maldarlıqla məşğul oldum. Kartof, tərəvəz əkdim. Qızımı, yoldaşımı da apardım oraya. Çətinliklərlə üzləşdim. Vətənə cibimdə pulla gəldim, indi həmin pul burda qurtarıb. Tərəvəz əkirəm, Ağabəy su vermir».

Zarafatla deyir ki, burda «əli bala batdığından» Rusiyaya qayıtmaq istəyir:

«İndi qayıdıb ora getmək istəyirəm. Ümumiyyətlə, xaricə getmək istəyirəm. Yaşaya bilmirəm. Burda da heyvan saxlayıram, ancaq xeyri yoxdur. Əkdiyim əkinlər yanır. Suyu kəsib deyirlər ki, balıq saxlayıram. Başçının yanına getmişdim. İki gün su verdi, yenə su vermir... Məhsulu veririk zavoda, çürüyür orda».

«Nəyə ümid bağlayırsınız» sualını belə cavablayır:

– Belə görünür, heç zada.

«AZƏRBAYCANA GƏTİRİLƏN PULLARI BİR İŞƏ XƏRCLƏYƏ BİLMİRİK»

Masallının Hüseynhacılı kəndinin sakini Yaqub Kazımlı deyir ki, Azərbaycan vətəndaşlarını Rusiyaya aparan yalnız işləmək arzusudur. Vaxtilə o da Rusiyada işləyib, pul qazanıb. Di gəl, Azərbaycana qayıdandan sonra qazandığı pullar da əlindən çıxıb:

«Mən təsərrüfatda çalışan adamam – kənd təsərrüfatı ilə məşğul oluram. Əkib-becərdiyimiz, biçdiyimiz məhsulu yerinə çatdıra bilmirik. Monopoliya yaradırlar, inhisarçılıq baş alıb gedir. Rusiyada qazanılan, Azərbaycana gətirilən pulları bir işə xərcləyə bilmirik. Hara əlimizi atsaq, deyirlər ora bizimdir, bura bizimdir. İnhisarçıların hərəkətləri bizi boğaza yığıb. Bax, mən bir hektardan yuxarı badımcan, yarım hektar pomidor, 3 hektara yaxın müxtəlif kənd təsərrüfatı məhsulları əkmişəm, amma nəticə etibarilə heç bir şey əldə etməmişəm. Təkcə mən yox, Hüseynhacılı kəndində hamı bu gündədir».
XS
SM
MD
LG