Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Vaqif Səmədoğlu 75 yaşını haqladı…


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
-
İyunun 5-də saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Azərbaycan Akademik Milli Dram Teatrı
Azərbaycan Akademik Milli Dram Teatrı
Bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Vaqif Səmədoğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) 1939-cu il iyunun 5-də Bakıda doğulub.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Əməkdar İncəsənət Xadimi (1989), Azərbaycanın Xalq Şairi (1999) fəxri adlarına, «Şərəf» ordeninə layiq görülüb. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri (1968-1971), C. Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.

V. Səmədoğlu poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.
Onun «Yeddi şeir» adlı ilk mətbu əsəri 1963-cü ildə «Azərbaycan» jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, «Oğuz eli» qəzetinin baş redaktoru vəzifəsində çalışıb (1992-1994). Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Məlumatda vurğulanır ki, Vaqif Səmədoğlu ədəbiyyatımızda özünəməxsus yeri olan qələm sahiblərindəndir. Bədii yaradıcılığa ötən əsrin altmışıncı illərində başlayıb. Orijinal üslubu, poetik tapıntıları ilə fərqlənən poeziyası böyük maraqla qarşılanıb.

1968-ci ildə «Yoldan teleqramlar» adlı ilk kitabı nəşr edilib. Sonralar «Günün baxtı», «Mən burdayam, ilahi», «Uzaq, yaşıl ada» kitabları işıq üzü görüb.

O, həm də istedadlı dramaturqdur. «Uca dağ başında», «Lotereya», «Bəxt üzüyü», «Yayda qartopu oyunu», «Yaşıl eynəkli adam», «Generalın son əmri», «Mamoy kişinin yuxuları» adlı pyesləri səhnələşdirilib, onların bəzilərinin əsasında çəkilmiş bədii filim və televiziya tamaşaları böyük uğur qazanıb.
XS
SM
MD
LG