Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 01:50

Anar Məmmədlinin məhkəmədə çıxışı


Anar Məmmədli
Anar Məmmədli
-
Hörmətli məhkəmə heyəti və məhkəmə iclası iştirakçıları,

İlk öncə SMDT və KBƏ-yə qarşı qaldırılmış cinayət işi ilə bağlı ötən 6 aylıq dönəmdə bizə dəstək verən vəkillərə, jurnalistlərə, yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, siyasi partiyalar və vətəndaş cəmiyyəti fəallarına təşəkkür edirik. Eyni zamanda həbsdə olduğum 5 aylıq müddətdə mənə və ailəmə dəstək olan hər kəsə təşəkkür edirəm.

İttiham aktında mənim, Süleymanlı Bəşir və Məmmədov Elnurun SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi çərçivəsində fəaliyyəti bir qrup şəxsin əlbir olaraq ağır cinayətlərə səbəb olan fəaliyyəti kimi göstərilib. Bu istintaqın konkret olaraq Baş Prokurorluğun və dolayısı ilə Azərbaycan Respublikası hökumətinin vətəndaşlarına yerli seçki müşahidəçiliyinə təşkilinə yönəlmiş ictimai birliyinə qarşı əsassız, qanunsuz və barışmaz münasibətin göstəricisidir. Əslində isə Azərbaycan Respublikası dövlət orqanlarının bizim vətəndaş ittifaqını tanıyıb-tanımamasından asılı olmayaraq, bu birliyin hüquqi əsasları Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlər-BMT-nin sənədləri Avropa İnsan Hüquqları Konvensiyası, ATƏT-in Helsinki Yekun Aktı, Kopenhagen və Moskva sənədlərilə təmin olunur.

Biz Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi, mövcud seçki qanunvericiliyi və təcrübənin təkmilləşdirilməsi yönündə çalışan vətəndaşların yerli seçki müşahidə qrupu olmuşuq. Və bu qrup 2001-2008-ci illərdə SMM, 2008-2013-cü illərdə isə SMDT kimi çalışıb. Bu baxımdan hazırkı ittihamda bizim cinayətkar məqsədlər naminə bir araya gələn qrup kimi xarakterizə olunmağımızı birləşmək, toplaşmaq və ifadə azadlığına təcavüz və təzyiq hesab edirəm! İttiham aktında mənim «fiziki şəxs» olduğum halda hüquqi şəxs yaratmadan, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilirəm. Ancaq həyatım boyu heç vaxt nə qanuni, nə də qanunsuz sahibkarlıqla məşğul olmuşam.

Azərbaycan yerli seçki müşahidəçiliyi və müstəqil vətəndaş cəmiyyətinə qarşı siyasi ayrı-seçkiliyin ən bariz nümunəsi 14 may 2008-ci ildə SMM-in dövlət qeydiyyatının Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai Rayon Məhkəməsində ləğvi oldu. Bundan sonra SMM-in təsisçisi və üzvü kimi biz SMDT-ni təsis etməli olduq. Ancaq Ədliyyə Nazirliyinə olan 2 müraciətimizə baxmayaraq, qanunsuz və ədalətsiz olaraq, dövlət bizim SMDT-də qurduğumuz birliyi tanımadı və bizə olan barışmaz münasibəti davam etdirdi. Ancaq Azərbaycanda unudurlar ki, hər hansı QHT-nin dövlət qeydiyyatına alınmaması bu qurumun fəaliyyət göstərməməsi üçün əsas ola bilməz. Çünki birləşmək azadlığı hər bir ölkə vətəndaşının müstəsna və təməl hüququdur, bu hüququ siyasi ayrı-seçkilik göstərmədən tanımaq isə dövlətin vəzifəsidir.
Düzdür Avropa presedent hüququ siyasi, milli, irqi, dini və cinsi ayrı-seçkiliyi təbliğ edən QHT-lərin, habelə cinayətkar məqsədlərlə yaradılan qurumların fəaliyyətini qadağan edir. Ancaq bizim fəaliyyətimizdə bu cür hallar heç zaman olmayıb. Bildiyim qədər, ölkəmizin milli qanunvericiliyi yerli seçki müşahidəçiliyini qeyri-qanuni əməllər sırasına daxil etməyib və bu baxımdan bizim fəaliyyətimiz cinayət məqsədilə yaradılan ictimai birlik hesab oluna bilməz.

Əslində, SMM və SMDT-yə münasibətdə Azərbaycan hökuməti üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Bununla da 2008-ci ildən başlayaraq, davamlı şəkildə SMDT təsisçiləri və üzvlərinin birləşmək hüququ pozulub. Nəticədə isə biz seçkilərin monitorinqi, vətəndaşların dövlət idarəetməsində iştirakı, seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması yönündə proqramlarımızı çətinliklə də olsa qeydiyyatsız QHT kimi icra etmişik. Təşkilatın icra etdiyi proqramlar müxtəlif donorlardan olmaqla, bütünlüklə xarici fondlar və səfirliklərin ayırdığı qrantlar əsasında gerçəkləşib. Bu proqramlar üzrə maliyyə əməliyyatlarını şəffaf qaydada həyata keçirmək üçün mən 2006-cı ildə Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatda olduğum Vergi Ödəyicisini Eyniləşdirmə Nömrəsi və onun rekvizitlərindən istifadə etmişəm. Belə ki, fiziki şəxs kimi açdığım bank hesablarına qrant vəsaitlərin köçürülməsi və idarəsi tamamilə şəffaf qaydada aparılıb və bütün vergi öhdəlikləri icra olunub. Məsələn, 2008-2013-cü illərdə fiziki şəxs kimi mənim bank hesablarıma SMDT-nin proqramları üçün ümumilikdə 480 min AZN məbləğində vəsait daxil olub və bu vəsaitlərin xərclənməsi üzrə sənədlər və hesabatlar istintaqa təqdim edilib.
Bu məbləğlərin hamısı qrant vəsaitləri olmaqla ƏDV-yə cəlb olunmayıb, ancaq əmək haqqı fondu və xidmət haqlarına görə 12000 AZN-dən artıq vergi və sosial ödəmələr tutularaq, dövlətə ödənilib.

Bizim 2013-cü ildə KBƏ və DJM ilə Əməkdaşlığımızın isə 2 tərəfi var: 1) SMDT-nin dövlət qeydiyyatının olmaması və 2) 11 mart 2013-cü ildə qüvvəyə minmiş əlavə və dəyişikliklər nəticəsində qrantların qeydiyyatı ilə bağlı qaydaların sərtləşdirilməsi.
Qeyd etdiyim kimi, SMDT dövlət qeydiyyatına alınmadığı üçün layihələrlə bağlı maliyyə öhdəliyini mən fiziki şəxs kimi üzərimə götürmüşəm. Ancaq, 11 mart 2013-cü ildə qrant layihələrinin qeydiyyatı məsələsi icbari səciyyə daşıdı və mən artıq fiziki şəxs kimi SMDT-nin adına olan qrantlar ilə bağlı müqavilə bağlamaq imkanından məhrum oldum. Çünki, qanunvericilik kommersiya təşkilatlarının qrant layihələrinin İqtisadi İnkişaf Nazirliyində, qeyri-kommersiya təşkilatları adına qrant müqavilələrinin isə Ədliyyə Nazirliyində qeydiyyatı nəzərdə tutuldu. Bununla da SMDT-nin təsisçiləri olan şəxslərin fərdi qaydada qrant müqavilələrinin taleyi sual altına düşürdü.
Məhz bu səbəblər bizi vadar etdi ki, 9 oktyabr 2013-cü il prezident seçkisi ilə bağlı birgə əməkdaşlıq barədə Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi və Demokratik Jurnalistika Məktəbi ilə razılığa gəldik.

Tam əminliklə bildirirəm ki, KBƏ-nin və DJM-in SMDT ilə əməkdaşlığı hüquqi zərurətdən doğan, ancaq hüquqi normalarla qadağan olunmayan əməkdaşlıq olub. Bu təxribatlar vasitəsilə 2013-cü il ərzində icra olunan layihələrdən birində mən, digərində isə Bəşir Süleymanlı layihə rəhbəri olmuşuq.

İttiham aktı üzrə bizim təqsirləndirildiyimiz hallara və maddələrə gəldikdə, qəti olaraq bildirirəm ki, istintaq bizim təqsirlərimizi sübuta yetirə bilməyib. Bunu ənənəvi Azərbaycan reallığı və bizə qarşı ittihamın siyasi xarakterli olması ilə izah edərək, hesab edirəm ki, ittihamlara özüm aydınlıq gətirməli olacam. Əvvəla, cinayət məcəlləsinin 213.1-ci maddəsi üzrə mən fiziki şəxs kimi idarə etdiyim layihələr üzrə 2008-2013-cü illərdə vergidən və ya məcburi dövlət sosial sigorta haqlarını ödəməkdən yayınma olmayıb. Əgər 2013-cü ildə SMDT-nin KBƏ ilə birgə icra etdiyi layihənin ƏDV-yə cəlb olunmasından söhbət gedirsə, bu absurddur. Çünki, ölkədəki bütün qrantlar ƏDV-dən azaddır. Məsələn, hazırda ölkədə milli donorçuluğun «təntənəsi» hesab olunan QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirdiyi layihələr ƏDV-yə cəlb olunmur. Elə isə niyə bizim xaricdən maliyyələşən qrantımız ƏDV-yə cəlb olunur?
İkinci ittiham, qanunsuz sahibkarlıqla bağlıdır. Bu o qədər gülünc və əsassız ittihamdır ki, münasibət bildirməyi yersiz hesab edirəm.

Cinayət Məcəlləsinin 308.2-ci maddəsi əsasında biz «vəzifə səlahiyyətlərindən sui istifadə etməklə» dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurmaqda və seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən cinayətdə ittiham edilirik. Açığı bu ittiham tamamilə mənə aydın deyil. Əgər seçkinin nəticələrinə təsir etməkdən söhbət gedirsə, biz seçki müşahidə qrupu olmuşuq. Və seçkinin nəticələrinə təsir etmək imkanımız olmayıb. Bu maddə, əsasən yerli icra hakimiyyəti orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, bələdiyyə və seçki komissiya üzvlərinə şamil oluna bilər. Çünki, bizim son 10 ildə apardığımız seçki monitorinqi göstərir ki, seçkilərin nəticələrinə qeyri-qanuni yolla təsir edənlər sözügedən qurumların nümayəndələridir. Əlbəttə ki, bizim son 10 ildə keçirilən seçkilərə təsir etmək imkanımız olsa idi, indi ölkəmizdə demokratik seçki sistemi formalaşmış olardı. İkincisi isə, bu ittiham bizə ona görə tətbiq oluna bilməz ki, bizim fəaliyyətimizdə dövlətin və cəmiyyətin mənafeyinə zidd hec nə olmayıb. Əksinə SMM və SMDT-nin 2007-2013-cü illərdə fəaliyyəti nəticəsində Azərbaycan cəmiyyəti bizim hazırladığımız hesabatlar, tövsiyələr və qanunvericilik təşəbbüslərindən faydalanıb. Biz apardığımız tərəfsiz və obyektiv seçki müşahidəçiliyi sayəsində Azərbaycanın seçki sisteminin alternativ tarixini yazılmış siyasi proseslərin salnaməsini yaratmışıq.
Digər ittihama gəldikdə, bizə etibar edilmiş özgə əmlakını talama, mənimsəmə və ya israfetmə ilə bağlıdır. Ancaq ittiham aktını oxuyanda aydın olmur ki, söhbət hansı özgə əmlakından gedir. Məsələn, ittihamda mənim idarə etdiyim qrantlar üzrə 2008-2012-ci illər üçün 41 min AZN-in guya mənimsənildiyi və bir qrup şəxsin «zərər çəkdiyi» iddia olunur. Əvvəla, bu şəxslər ötən müddət ərzində iddiaçı olmayıblar və bizim layihələrdə istəkləri ilə layihənin büdcəsinə uyğun çalışıblar. Onlar nə mənə, nə də digər əməkdaşlara indiyədək narazılıq etməyiblər. İndi necə oldu ki, 5 ayın içində «zərərçəkənə» çevriliblər?

Göründüyü kimi, istintaqın ortaya qoyduğu iddiaların heç bir əsası yoxdur və hüquqi baxımdan bu cinayət işinə başlamaq üçün motivlər olmayıb. Elə isə sual ortaya çıxır ki, siyasi hakimiyyətin sifarişi əsasında bu cinayət işinə nədən başlamaq göstərişi verilib. Təbii ki, bunun ilkin səbəbi bizim yerli seçki müşahidə təşkilatı kimi 9 oktyabr 2013-cü il prezident seçkilərinin Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq prinsiplərin kobud şəkildə pozulması ilə baş tutmasını göstərməyimiz oldu. Bununla da hakimiyyət həm bizi cəzalandırmaq, həm ictimai rəydə bizi gözdən salmaq, həm də beynəlxalq partnyorlarımızı şantaj etmək məqsədi daşıdı. Xüsusi olaraq bir məsələyə diqqət çəkmək istəyirəm ki, hakimiyyət bizim fəaliyyətimizi Azərbaycan vətəndaşlarının könüllü, milli və demokratik ittifaqı nəticəsində təzahür edən faydalı və zəruri çalışma kimi qəbul etmək istəmir. Azərbaycan hakimiyyətinə elə gəlir ki, bizi yerli seçki müşahidəçiliyinə, seçkili hakimiyyət orqanlarının hesabatlılığına, vətəndaşların isə dövlət idarəçiliyi sahəsində bilgili və bacarıqlı olmasına yönəlmiş fəaliyyətə vadar edənlər xarici qüvvələrdir. Əslində bununla da Azərbaycan hakimiyyəti təmsilçiləri Azərbaycan xalqının XX əsrin əvvəllərində formalaşan milli və siyasi kimliyindən nə qədər uzaq olduğunu göstərmiş olurlar. Ancaq görünür ki, biz hər dəfə xatırlatmalıyıq ki, indiki Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş AXC-nin quru və miskin varisi deyil, gerçək, həqiqi, hüquqi, siyasi və mənəvi varisi olmalıdır. Bunun üçün də, M. F. Axundovun, F. X Xoyskinin Ə.M.Topçubaşov, M.Ə Rəsulzadə kimi siyasi fikir adamlarının arzuladığı demokratik, dünyəvi, hüquqi dövləti qurmaq üçün azad və ədalətli seçkilərin keçirilməsi çox vacibdir. Biz qəti olaraq əminik ki, Azərbaycanda seçkili hakimiyyət orqanlarının azad və ədalətli seçkilər nəticəsində formalaşması təmin olunmadıqca, ölkədə ictimai ədaləti, qanunun aliliyini, insan hüquq və azadlıqlarının qorunmasını və nəhayət ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin etmək mümkün olmayacaqdır. Bu yerdə M.Ə.Rəsulzadənin Ankarada 1950-ci ildə Azərbaycanda Sovet istilası ilə bağlı çıxışından bir fikri xatırlatmaq istərdim. «Azərbaycan xalqı milli müstəqilliyini bərpa olunması yönündə mücadiləni tarixi missiya kimi gələcək nəsillərə ötürməlidir. Ancaq müstəqilliyin bərpasına nail olmuş nəslin ilk işi ölkədə ictimai ədalətin qorunması və siyasi haqsızlıqların aradan qalxmasına töhfə vermək olmalıdır». Məncə, Rəsulzadənin bu fikirləri də bizim missiyamız və məqsədlərimizin ötən 10 ildə milli maraqlar üzərində qurulmasına şahidlik edib. Və mən təəssüf edirəm ki, Rəsulzadənin arzuladığı müstəqilliyin bərpasından ötən 22 il ərzində biz ölkəmizdə ictimai ədaləti və siyasi hüquqlara hörməti qura bilməmişik. Bəlkədə 22 illik bir dönəm kimlərəsə görə çox az bir zamandır. Amma Kürdəxanıdakı İstintaq Təcridxanasında dəfələrlə 20-22 yaşlarında siyasi motivlərlə həbs olunmuş gəncləri, o cümlədən Şahin Novruzlunu, Əbdül Əbilovu, Məmməd Əzizovu, Bəxtiyar Quliyevi, Elsəvər Mürsəllini, İlkin Rüstəmzadəni, Ömər Məmmədovu görəndə, onlarla rastlaşanda itirdiyimiz 22 il üçün əzab çəkirəm...

İndi Azərbaycanda dəbdə olan mövzulardan biri ölkənin neft gəlirləri hesabına artan büdcəsi, investisiya və abadlıq layihələri sayəsində sosial-iqtisadi inkişafı tərənnüm etməkdir. Ancaq bu tərənnüm nədənsə iqtisadi blokadada olan Ermənistan və Gürcüstanla müqayisədə aparılsa da, Baltikyanı ölkələrlə müqayisədə aparılmır. Məncə Azərbaycana daxil olan neft pulları sayəsində biz Baltikyanı ölkələrin malik olduğu sosial dövlət və demokratik siyasi inkişafı qura bilərdik. Ancaq bu baş vermədi. Çünki biz zamanla dost olmadıq, daha doğrusu ola bilmədik, buna imkan vermədilər. Zaman bizim xeyrimizə işləsə də, biz zamanla düşmənçilik elədik. Bunun ən böyük səbəbi isə hakimiyyətin zamanla, yəni inkişaf və tərəqqiyə postsovet mentaliteti, köhnə zehniyyətlə yanaşması oldu. Belə bir ağır durumda bir daha hazırda həbsdə olan və yaşları ölkəmizin müstəqilliyi ilə yaşıd olan gəncləri xatırlamaq istəyirəm. Mən onlar üçün çalışmağa, onların-yəni çağdaşlıq və gələcəyin dostu olmağa çalışmışam və daim zamanın dostu olaraq qalacam.
XS
SM
MD
LG