Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:29

Hacıbala Abutalıbov: «Qurultay üçün Müsavata yer veriləcək»


Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov
-
«Müsavat Partiyasına qurultay keçirmək üçün yer veriləcək».

Bunu apa-ya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

O, Müsavat Partiyasına bir neçə dəfə yer ayrıldığını, sadəcə, onların qurultay keçirmək istəmədiklərini deyib:

«İstənilən vaxt onlara yer ayrılıb. Ancaq həmişə qurultayı keçirməmək üçün bəhanə tapırlar. Deyirlər, 600 nəfərlik yer ver, 650 nəfərlik yer verirəm. Sonra deyirlər, «yox, bizim 1000 nəfərlik nümayəndəmiz var». 1000 nəfərlik yer verirsən, deyirlər, «yox 1500 nümayəndəmiz var». Qurultay keçirmək istəyən 100 nəfərlik yerdə də keçirər. Sadəcə, insanın ürəyində gərək mələk yaşasın, şeytan yox. Nə vaxt onların ürəyində bu şeytanı mələk edəcəyəm, onlar qurultay da keçirəcək, Azərbaycan xalqına da xidmət edəcəklər. Əmin olun ki, mən bunu edəcəyəm».

H.Abutalıbov qeyd edib ki, bir həftə ərzində Müsavata 650-700 nəfərlik yer ayrılacaq.

«Ancaq əmin olun ki, onlar qurultay keçirməyəcəklər» - deyə o bildirib.
Gülağa Aslanlı
Gülağa Aslanlı


«BU ADAM ÖZ İŞİ İLƏ DEYİL, ŞEYTANLARLA MƏŞĞULDUR»

Müsavat başqanının müavini Gülağa Aslanlı isə deyir ki, şəhər icra hakimiyyəti heç vaxt onlara istədikləri yeri verməyib:

«Müsavat Partiyası qurultay keçirməyə həmişə hazırdır. Hacıbala Abutalıbov və onun komandası Müsavat Partiyasına heç vaxt 800-1000 nəfərin yerləşə biləcəyi yer ayırmayıb. Elə yerlər ayırıblar ki, ora ən yaxşı halda 500-ə yaxın adam yerləşə bilər. Qaldı ki, kiminsə qəlbindən şeytan çıxarmağa, belə çıxır ki, bu adam öz işi ilə deyil, şeytanlarla məşğuldur. Elə ona görə də Bakı şəhəri bu gündədir».

Müsavat Partiyası bir müddət əvvəl qurultayını Tbilisidə keçirəcəyini bildirmişdi.
XS
SM
MD
LG