Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:37

ABŞ səfirliyi NİDA-çılara verilən cəzadan məyus olub


Foto: Arxiv
Foto: Arxiv
-
ABŞ-ın Azərbaycandakı səfirliyi NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkum olunmasını pisləyib.

Səfirliyin bəyanatında deyilir ki, diplomatik nümayəndəlik çox şübhəli ittihamlarla səkkiz fəalın uzunmüddətli həbs cəzasına məhkum edilməsi barədə 6 may qərarından dərin məyusluq hissi keçirir:

«Biz Azərbaycan hökuməti nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesini təmin etməyə çağırmışıq. Azərbaycan hökumətinin ABŞ səfirliyi və digər səfirliklərin müşahidəçilərinə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı, məhkəmə prosesində ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlar müşahidə etmişik. Biz, həmçinin, məhkəmə nümayəndələrinin sübutlarla yanlış rəftar və hüquqi araşdırma prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik. Biz Azərbaycan hökumətini bir daha Avropa Şurasının Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi nəzərə alaraq insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq».

Bəyanatda səfir Richard Morningstar-ın bu yaxınlarda dediyi fikirlər yenidən xatırladılır:
«Birləşmiş Ştatlar inanır ki, Azərbaycan daha açıq cəmiyyətin yaranmasına imkan verməklə daha güclü sabitliyə malik olacaq. Biz Azərbaycanı demokratikləşmə yolunda dəstəkləmək üçün Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə birgə işləməyə sadiqik».

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA-çı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Məmməd Əzizov, Rəşad Həsənovu 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədlini 7 il, Şahin Novruzlunu 6 il müddətinə azadlıqdan məhrum edib.

Ötən ilin mart-aprel aylarında tutulan NİDA-çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər.
XS
SM
MD
LG