Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:49

«Sovetski» məsələsi «donub»


«Sovetski»
«Sovetski»
-
«Evlərin söküləcəyi söhbəti çıxandan ev alqı-satqısı dayanıb. Ancaq kirayə ilə başımızı dolandırırıq. O da ki, hər deyən olmur...».

«Sovetski»də ev alqı-satqısı ilə məşğul olan Müşfiq kişi qarşısındakı qəzetdə növbəti elanı işarələyir. «İşimiz ancaq budur, qəzetlərdə evləri tapmaq, zəng vurmaq. Bir ay əvvəl isə belə deyildi. Pis-yaxşı dolanırdıq...».

Təkcə «Sovetski»nin ev dəllalları deyil, xırda alverçiləri də, ustaları, dərziləri də Müşfiq kişi kimi narahatdırlar. Çörəkçi Fatma xala da «elə bilirəm, bu dəqiqə dükanım söküləcək, çörəksiz qalacağam» deyib narahatlıq keçirir.

NÖMRƏLİ VƏ NÖMRƏSİZ QAPILAR

Hamıdan çox nigaran olanlarsa evləri ilə bağlı nə qərar, necə qərar veriləcəyini gözləyən sakinlərdir. 70 yaşlı Şərqiyyə Kərimova taxta qapısının ağzında dayanıb. Deyir ki, «evə-eşiyə sığmıram, atıram özümü küçəyə. Demir «evin kiçikdir, siçovullar gəzir», mənə siçovullarla yaşamaq xoşdur».

İndi «Sovetski»də iki qrup ev var – üstü nömrəli, bir də nömrəsizlər. Sakinlərin dediyinə görə, nömrələnmək burdakı sənədləşmə, ölçmə-biçmə işlərinin qurtardığını göstərir.

Evi nömrələnənlərdən biri Cahangir Hüseynov bildirir ki, başqaları kimi ona da evinin kvadratmetrinə 1500 manat verəcəklərini deyiblər. «Düzdür, mənim evim 50 kvadratmetrdir, ancaq yenə də bu pula ev almaq çətindir».

Ancaq evlərin əksəriyyəti 18, 20, 25 kvadratmetr olduğundan sahibləri elə əvvəlki kimi dirənəcəklərini, köçməyəcəklərini deyirlər. Hökumə Əliyev deyir ki, «köçməyəcəyəm, qovursa, gəlib qovub çıxarsınlar. 20 kvadratmetr evim var. Pis-yaxşı yaşayıram. Bu yaşımda evimdən didərgin düşən deyiləm ki. Verdiyi pula da heç nə ala bilməyəcəyəm».

Sakinlərin sözlərinə görə, onlara hələ «gözləyin» deyiblər. «Deyirlər ki, indilik məsələ donub. Bir-iki aydan sonra qızışacaq. Ona görə də nə bizə bir söz deyirlər, nə də daha biz maraqlanırıq. O televizorda dedikləri kimi, nisbi sakitçilikdir».

İDARƏDƏ DƏ SAKİTLİKDİR


Ərazinin daxil olduğu Yasamal rayon icra hakimiyyətindən dedilər ki, bu işlə 3 saylı ərazi inzibati idarəsində məşğul olurlar. İdarənin qapıları gecə-gündüz açıqdır. Ancaq içəridə heç kim yoxdur. Özünü mühafizəçi kimi təqdim edən şəxs deyir ki, həmin məsələlərlə hər həftənin ikinci günü saat 4-də məşğul olurlar: «Ancaq bildiyimə görə gəlib-gedən yoxdur».

Ərazidəki 61 saylı mənzil-kommunal istismar sahəsinin mühəndisi Yaşar Bədəlov da hələ gözlədiklərini söyləyir. «Bildiyimə görə söküləcək yerlərdə hökumət parklar salmağı, yolları genişləndirməyi planlaşdırır. Ancaq bizdə yazılı məlumat yoxdur».
Bir neçə ay əvvəl «Sovetski» məhəlləsinin söküləcəyi ilə bağlı məlumatlar yayılandan sonra sakinlər onlara təklif olunan 1500 manatla razılaşmayıb. Onlar bir neçə dəfə etiraz aksiyası keçirib, evlərindən köçməyəcəklərini bildiriblər.
XS
SM
MD
LG