Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

Anar Məmmədli: «Hakimiyyət postsovet ənənələrinə sadiqliyini göstərir»


Anar Məmmədli
Anar Məmmədli
-
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədli vəkilləri vasitəsilə «Amerikanın Səsi»«Turan» agentliyinin suallarını cavablandırıb.

Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq onu qanunsuz sahibkarlıq fəaliyyətində, vergidən yayınmaqda, vəzifə səlahiyyətlərini aşmaqla seçki və referendum nəticələrini saxtalaşdırmaqda ittiham edir.

Martın 6-da Anar Məmmədlinin həbs müddəti daha üç ay uzadılıb.

- Anar bəy, səhhətiniz necədir? Sizə təcridxana şəraitində təzyiqlər, mənəvi təsirlər varmı?

- Hazırda səhhətim normaldır, hər hansı şikayətim yoxdur. Təcridxanada isə indiyədək heç bir təzyiqə məruz qalmamışam. Yeganə narahatlıq ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər barədə operativ və alternativ informasiya əldə etməyin çətinliyi ilə bağlıdır. Təəssüf ki, Azərbaycan televiziyaları azadlıqda olduğum dövrdə olduğu kimi indi də informasiya əldə etmək ehtiyacını ödəmirlər. Qəzetləri isə dərc edildiyi gün deyil, ertəsi gün və ya xeyli gec alıram.

- İstintaq işləri necə gedir? Saxlanandan sonra dindirmə, üzləşdirmə və sairə kimi istintaq hərəkətləri aparılırmı? İstintaq prosesində fiziki və ya mənəvi təzyiqlərə məruz qalıbsınızmı?

- Ötən müddət ərzində istintaqa təqsirləndirilən şəxs qismində ifadə verməmişəm. Yalnız ötən il oktyabrın 30-da şahid qismində ifadə vermişəm. Bu günlərdə isə ilk dəfə dindirmə olub. Vergilər, Maliyyə nazirlikləri və QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertləri qismində cəlb olunmuş qrupun hazırladığı Vergi Yoxlama Aktı ilə tanış oldum. Ancaq aktın surəti mənə verilmədiyindən özüm üçün bəzi qeydlər götürə bildim. Əfsus ki, bu mənə özümün müdafiə hüququmu təmin etmək üçün yetərli deyil.

- Sizə qarşı irəli sürülən ittihama münasibətiniz necədir? Bu ittihamlar nədən qaynaqlanır?

- Mənə və digər həmkarlarıma qarşı ittihamları əsassız və sifarişli hesab edirəm. İttihamların isə nədən qaynaqlandığını deyə bilmərəm. Bu istintaq orqanının vəzifəsidir ki, ittihamların motivi və əsaslarını açıqlasın. Ümumiyyətlə, mən iddia olunan cinayətlərin törədilməsində təqsirsizliyimi sübuta yetirməyə borclu deyiləm. Mənə bəllidir ki, bu cinayət işinin arxasında siyasi sifariş durur və bu bizim 10 ildən artıq dövrdə seçki müşahidəçiliyi, siyasi azadlıqların müdafiəsi və vətəndaşların idarəetmədə iştirak imkanlarının artırılması yönündə çalışmalarımızla bağlıdır. Buna rəğmən, bizim qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumuzu iddia edən varsa, həmin şəxsin məntiqi ilə maraqla tanış olmaq istərdim.

- Hüquqlarınızın ictimai müdafiəsi sahəsində aparılan işlərə münasibətiniz? Bundan artıq daha nə edilməlidir?

- Yerli və beynəlxalq ictimaiyyət bizə qarşı aparılan cinayət işinə, mənim həbsimə ilk gündən kəskin reaksiya verib. Fürsətdən istifadə edib yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, ictimai-siyasi fəallara, jurnalistlərə və digər həmkarlarıma göstərdikləri dəstək üçün təşəkkür edirəm. Nəzərə alsaq ki, hazırda ölkə həbsxanaları və təcridxanalarında siyasi motivlərlə həbs olunmuş xeyli şəxs var, mənim ictimai müdafiə ilə bağlı şikayətə heç bir əsasım yoxdur.

- Həbsiniz prezident seçkilərində qanun pozuntuları ilə bağlı hesabatınızdan sonraya təsadüf edir. Sizcə, həbsinizə bu səbəb ola bilərdimi?

- Təbii ki, həbsim, o cümlədən SMDT və onun əməkdaşlıq etdiyi «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinə qarşı başlanmış cinayət işi 9 oktyabr 2013-cü il prezident seçkisi ərəfəsi və sonrası fəaliyyətimizlə bağlıdır. Ancaq bu cür siyasi təqiblər təkcə yerli seçki müşahidəçilərinə münasibətdə baş vermir. Unutmayaq ki, 2013-cü ilin əvvəlində başlanmış siyasi həbslər nəticəsində tanınmış siyasi liderlər - İlqar Məmmədov və Tofiq Yaqublu, NİDA və Azad Gənclik Təşkilatının liderləri və xeyli sayda ictimai fəal həbs edilib. Bu hadisələr 9 oktyabr seçkiləri dövrünə təsadüf edib. Aydın oldu ki, 2013-cü il ərzində hakimiyyətin siyasi plüralizm və vətəndaş-dövlət dialoquna nəinki riayət etməyə, hətta bunları imitasiya etməyə siyasi iradəsi çatışmır.

Konkret olaraq, SMDT-yə qarşı hakimiyyətin sərt münasibətinə gəldikdə, buna iqtidarın uzun illər yerli seçki müşahidəçiliyinə yaratdığı hüquqi-siyasi məhdudiyyətlər səviyyəsində yanaşmaq gərəkdir. Hələ 2000-ci ildə Milli Məclis «QHT haqqında» qanunu qəbul edərkən, bu sənədə xaricdən maliyyələşən QHT-lərin seçkilərdə müşahidəçilik fəaliyyətini əngəlləyən müddəa əlavə etdi. Sonradan bu müddəa ləğv edilsə də, siyasi məhdudiyyətlər və qadağalar aradan qaldırılmadı. Buna misal olaraq 14 may 2008-ci ildə - həmin il keçirilən prezident seçkisinə 3 ay qalmış Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvini xatırlada bilərəm.

Bizim həm Seçkilərin Monitorinq Mərkəzi (SMM), həm də SMDT çərçivəsində həyata keçirdiyimiz qərəzsiz, tərəfsiz və peşəkar seçki müşahidəçiliyi fəaliyyəti yerli və beynəlxalq ictimaiyyətin etimadını qazanıb. 2005-ci ildə keçirilmiş parlament seçkilərindən başlayaraq, bizim seçki müşahidə hesabatlarına Avropa Şurası və ATƏT kimi qurumlar, beynəlxalq QHT-lər və media mötəbər və alternativ mənbə kimi yanaşıb. Hakimiyyət isə həm SMM-ə, həm də SMDT-yə yerli və beynəlxalq ictimaiyyətin etimadına barışmaz və qısqanc yanaşıb. Bu cür münasibət adətən prezident seçkilərində xüsusi həssaslığı və kəskinliyi ilə seçilib. Bu baxımdan 9 oktyabr seçkisindən sonra Avropa Birliyi, ATƏT və Avropa Şurasının bir sıra strukturları, ABŞ, Almaniya, Norveç, Niderlandın dövlət və qeyri-dövlət qurumları, beynəlxalq medianın SMDT-nin rəy və hesabatlarına istinad etməsinə hakimiyyət kəskin yanaşaraq, postsovet ənənələrinə sadiqliyini göstərdi. Bu münasibətin arxasında SMDT-nin nüfuzunu zədələmək və geniş ictimaiyyətin gözündən salmaq niyyəti durur. Amma bu metod çox köhnəlib və müasir dünyada heç də demokratik və səmərəli hesab olunmur.

- Bu günlərdə sizi maliyyə yoxlama aktı ilə tanış ediblər. Ümumən bu sənədin məzmunu barədə nə deyə bilərsiniz? Sənəd mötəbərdirmi?

- Yoxlama aktı ilə tanışlıqdan sonra ilkin qənaətim budur ki, bu sənədi hazırlayan ekspertlər ya qeyri-kommersiya təşkilatları üzrə maliyyə hesabatlılığından məlumatsız, ya da sifariş əsasında çalışıblar. Aktla bağlı rəyimizi istintaqın sonunda bildirəcəyik. Hələlik yalnız onu qeyd edə bilərəm ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçisi bu prosesə cəlb olunmalı deyildi. Çünki özünü milli donor hesab edən qurumun iş prinsipi və metodu mənim əməkdaşlıq etdiyim xarici donor təşkilatlardan fərqlənir və ortada maraqların toqquşması məsələsi var. İkincisi, bu qurumun müstəqilliyi hər zaman şübhə doğurub və belə bir şübhə SMDT-yə qarşı cinayət işinə əlavə edilən aktla bir daha təsdiqləndi.
XS
SM
MD
LG