Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

Turqut Qəmbər NİDA prosesində ifadə verib


Turqut Qəmbər
Turqut Qəmbər
-
Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvlərinin məhkəməsi davam edib.

Bugünkü prosesdə ittihamçı tərəfin irəli sürdüyü 3 şahid dindirilməli idi. Şahidlər Ellada Abbasova, Tural Şəkərli ölkə xaricində, Ruslan Əsəd isə əsgəri xidmətdə olduğundan məhkəmədə iştirak edə bilməyiblər. Buna görə də məhkəmə onların istintaqa verdiyi ifadələrini elan edib.

Tural Şəkərli ifadəsində bildirib ki, videokadrlarda göstərilən partlayıcıların NİDA üzvlərinə aid olmasına inanmır.

Ruslan Əsəd ifadəsində NİDA Hərəkatına heç vaxt qrant ayırmadıqlarını və bu hərəkatın heç vaxt onlara qrant üçün müraciət etmədiyini bildirib.

Məhkəmədə əlavə şahid qismində NİDA Hərəkatının üzvü Turqut Qəmbər də ifadə verib. O, vəkil və prokurorun suallarını cavablandırıb. Bildirib ki, irəli sürülən ittihamların heç bir əsası yoxdur:

«NİDA Hərəkatı maarifçiliklə məşğuldur. Hərəkatın idarə heyətində aksiyalarda zorakılıq törətmək istəyi ilə bağlı söhbətlər heç vaxt olmayıb. Bu uşaqların burda oturmasının heç bir səbəbi yoxdur».

Məhkəmə martın 7-də davam edəcək.

NİDA üzvləri ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə cəhdində günahlandırılırlar.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG