Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Əli İnsanov beynəlxalq qurumlara müraciət edib


Əli İnsanov
Əli İnsanov
-
“Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə heç bir məsuliyyət daşımadığını güman edərək hazırkı apellyasiya baxışını da mənim hüquqlarımı kobud şəkildə pozmaqla aparır. Mən heç bir qanuni əsas olmadan səs buraxmayan şüşə qəfəsdə saxlanıram, məhkəmə iclasında danışmağıma imkan verilmir. Mənim danışmağım məhkəmə iclasına sədrlik edənin əlində olan düymədən asılıdır. Məhkəmə zalında danışılanları eşitmirəm, mənim danışığım isə məhkəmə zalında eşidilmir”.

Sabiq səhiyyə naziri Əli İnsanov BMT-nin İnsan Haqları Komitəsinə, ATƏT-ə, Avropa Şurasının prezidentinə, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrasına nəzarət edən departamentə, Avropa Şurasının Nazirlər Komitəsinə daxil olan ölkələrin xarici işlər nazirlərinə, ABŞ Dövlət Departamentinə, Amnesty International, Human Rights Watch, Freedom House beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarına müraciət edib.

Sənəddə deyilir ki, Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tam icra etmək barədə öhdəlik götürsə də, Əli İnsanovla bağlı qərarı icra etmir.

Xəbəri Turan agentliyi yayıb.

Əli İnsanov bildirib ki, “Azərbaycanda müstəqil məhkəmə yoxdur, məhkəmə işə siyasi hakimiyyətin sifarişi ilə baxır, mənim də siyasi hakimiyyəti ifşa edən fikirlər səsləndirdiyim üçün barəmdə ədalətli araşdırma aparmır.

CƏRİMƏLƏNƏN GƏNCLƏRƏ GÖRƏ MAROFON BAŞLAYIR

“Azadlıq” qəzeti yazır ki, Qarabağ veteranı Zaur Həsənovun özünü yandırmasına etiraz olaraq aksiyada iştirak edən gənclər cərimə olunandan sonra onlara yardım kampaniyası başlayır.

Qəzet yazır ki, Milli Şura həbs olunanlara hüquqi yardım etmək niyyətindədi. Eyni zamanda cərimələri ödəməyə çətinlik çəkən insanlara dəstək üçün yardım marafonu keçirməyə qərar verilib. Marofon bu gündən başlayacaq.

BAKIDA 3 NƏFƏRİ DON VURUB

Bakı
Bakı
APA-nın məlumatına görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının məlumatəna görə, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 3 nəfər xəstəxanaya yerləşdirilib:

“Onların birinə ümumi soyuqlama, digərinə aşağı ətrafların donması diaqnozu qoyulub. 3-cü şəxs isə sərxoş halda olub. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdirilib və lazımi köməklik göstərilib”.

ALİM QASIMOVUN SOYUQDAN DONAN EVİNDƏN REPORTAJ

“Yeni Müsavat” qəzeti xalq artistinin Aşağı Güzdək qəsəbəsindəki qazsız-işıqsız evində olub. “Xanəndənin atası Həmzə Qasımov deyir ki, işıq sönür, ev olur buz kimi: “İndi bir azdan yenə söndürəcəklər. Allaha and olsun ki, bu gecə 3 dəfə işıq sönüb. Qarlı havada işıq söndü, 15 dəqiqəyə ev olur şaxta”.

Söhbətə qoşulan Alim Qsımovun xanımı deyir ki, Güzdək kasıb qəsəbədir:
“Bura nə dolana, nə dolandıra bilir. Adı var qəsəbədir, günümüzə bax. Səhərdən yalvarırıq ki, ay Allah, kimə nə deyək. Sizin rəhbəriniz oturub, sizə etibar edib bura göndərib ki, işinizi görəcəksiniz. Prezident də onlara arxayın olur ki, əhalinin problemləri ilə hər qurum məşğul olacaq. Kənddə Qurban yaşayır, işığa görə evi yandı. Dünən gecə yarısı da qaz kəsilmişdi. Gecə yarısı qazı söndürərlər? Camaat əzab-əziyyətlə kombi alır, bunlar işığı, qazı kəsir, donub, xarab olur”.

BANK SEKTORUNDA KÜTLƏVİ İXTİSARLAR BAŞLAYIR

“Bizim Yol” qəzeti yazır ki, banklar regionlardakı və paytaxtdakı bəzi filiallarını bağlayır, ixtisaslı kadrlar işsizlər ordusuna qoşulur.

“Buna səbəb kimi filiallarda daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılması göstərilir. Mütəxəssislər deyir ki, filialların bağlanmasına zərurət, əsasən, avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərin əlçatanlığını artırmaqdır”.

İqtisadçı Ruslan Atakişiyev isə bildirib ki, filialların bağlanması xüsusən bölgələrdə gözlənilir.

HƏR HANSI TERROR TƏHDİDİ BİZİ MİLLİ MARAQLARIMIZDAN DÖNDƏRƏ BİLMƏZ

Bunu “Yeni Azərbaycan” qəzetinə YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov
Siyavuş Novruzov
Millət vəkili deyib ki, “Bu gün Azərbaycanın iqtisadi və siyasi uğurları, mövcud olan ictimai-siyasi sabitlik, dünya ölkələri arasında beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsi bir sıra dövlətləri, beynəlxalq təşkilatları narahat edir. Bu mənada son günlər internet saytlarında ölkəmizdə terror aktları həyata keçirməklə bağlı bəzi təşkilatların bəyanatlar verməsi təsadüfi deyil”.

S.Novruzov bildirib ki, həmin təşkilatlar Azərbaycanın hüquq-mühafizə orqanlarını və digər dövlət qurumlarını terror aktları ilə hədələyirlər. Bu da onu göstərir ki, ölkədəki ictimai-siyasi sabitlik hansısa dövlət və təşkilatlara sərf etmir”.

TÜRKİYƏDƏ EVLƏRİN QİYMƏTİ AZƏRBAYCANDAN İKİ DƏFƏ UCUZDUR

Bunu modern.az saytına müsahibəsində mərkəzi Antalya şəhərində olan “Okçu Daşınmaz Əmlak” şirkətinin Azərbaycandakı nümayəndəsi İlyaz Ayaydın bildirib.

Deyib ki, “Türkiyədə evlərin qiyməti Azərbaycandan iki dəfə ucuzdur. Ev alan müştəri onun sahibi olur, bir illik yaşamaq hüququ alır. Üstəlik, hər il bu viza avtomatik artırılır. Beş il sonra isə müştərimiz Türkiyə vətəndaşı olmaq hüququ qazanır. Alınmış mülkün arzu edildiyi təqdirdə təkrar satılması və ya kirayə verilməsi də mümkündür”.
XS
SM
MD
LG