Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb


M.Ə.Rəsulzadənin abidəsi
M.Ə.Rəsulzadənin abidəsi
-
“M.Ə. Rəsulzadənin abidəsini yaratmaq istəyi məndə 1989-cu ildən yaranmışdı”

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına Azərbaycan istiqlalının banisi M. Ə. Rəsulzadənin Vətənində olan yeganə abidəsinin yaradıcısı Cavanşir Dadaşov söylədi.

NOVXANIDA BƏXTİYAR VAHABZADƏNİ VƏ ŞİRMƏMMƏD HÜSEYNOVU GÖRDÜM

Cavanşir Dadaşov
Cavanşir Dadaşov
​Onun sözlərinə görə, abidəni ucaltmaq istəyi bir təsadüfdən doğub: “Bir dəfə böyük şairimiz Bəxtiyar Vahabzadəni və Şirməmməd Hüseynovu Novxanıda gördüm. Onlar M.Ə. Rəsulzadənin atası Axund Molla Ələkbərin məzarını ziyarətə gəlmişdilər. Onlarla görüşdüm və çay süfrəsinə oturduq. Xeyli söhbət elədik. Mən onlardan M.Ə. Rəsulzadə haqqında geniş məlumat aldım və abidəni yaratmaq ideyası da həmin gün yarandı”.

VƏSAİTİ BAKI KƏNDLƏR BİRLİYİ VƏ NOVXANILILAR VERDİ

Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib: “Bir neçə variantda hazırladım. 1991-ci ildə isə artıq abidənin üzərində işləməyə başladım. Vəsaiti Bakı Kəndlər Birliyi və Novxanı camaatı topladı. Beləliklə, Ukraynadan gəlmiş qranitdən Rəsulzadənin abidəsini yaratdım. 1993-cü ildə abidənin açılışı oldu”.

“MƏNİMLƏ HEÇ KƏS MARAQLANMAYIB...”

AzadlıqRadiosu müxbirinin “Bu böyük zaman kəsiyində heç sizi axtaran, abidəyə görə sizinlə maraqlanan olubmu”- sualına heykəltəraş belə cavab verdi: “Sözün düzü, yox...Məhəmməd Əmin böyük tarixi şəxsiyyətdir. Mənim istəyim onun doğulduğu Novxanı kəndində abidəsini ucaldıb gələcək nəsillərə tanıtdırmaq idi...İstəyirdim ki, bizdən sonrakı nəsil də bu abidəni görsün və həmişə Məhəmməd Əmini xatırlasın”.

CAVANŞİR DADAŞOV KİMDİR?

Cavanşir Dadaşov Xarkov Rəssamlıq İnstitutunu bitirib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Xarkovda oxuyub yaşadığı illərdə yazıçı Nikolay Ostrovskiyə və 1941-45-ci illər müharibəsində həlak olmuş tələbələrə ucaldılan abidələrin müəllifi olub. 2010-cu ildə Bakıda 20 Yanvar abidəsini yaradıb. Milli Qəhrəman Koroğlu Rəhimovun büstü də onun əlindən çıxıb. Şamaxı şəhərində İmaməddin Nəsiminin, Göygöl rayonunda Səməd Vurğunun abidəsi də Cavanşir Dadaşovundur.
XS
SM
MD
LG