Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Prezident Aparatından “Wikipedia” ilə bağlı göstəriş


-

Prezident Administrasiyası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə “Wikipedia” virtual ensiklopediyası ilə bağlı məktub göndərib.

“Media forum” saytı xəbər verir ki, bu məlumat AMEA Rəyasət Heyətinin yanvarın 15-də keçirilən iclasında açıqlanıb.

Bildirilib ki, məktub Prezident Administrasiyasından AMEA Rəyasət Heyətinə 2013-cü il dekabrın 17-də göndərilib. Məktubda “Wikipedia” virtual ensiklopediyasının dünyadakı populyarlığı, əhəmiyyəti vurğulanıb, Azərbaycanın dünyada daha geniş tanıdılması, düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanlara malik olduğu göstərilib. Bununla belə, məktubda qeyd olunub ki, Azərbaycan “Wikipedia”da lazımi səviyyədə təmsil olunmur, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatlar yetərli deyil.

Məktubda AMEA-nın müvafiq institutlarında “Wikipedia” üzrə xüsusi qrupların yaradılmasının zəruriliyi ifadə olunub, bu qrupların fəaliyyət istiqamətləri müəyyən edilib. Həmçinin göstərilən istiqamətdə görülən işlərin nəticələri ilə bağlı iki ay müddətində Prezident Administrasiyasına məlumat vermək xahiş olunub.

AMEA Rəyasət Heyətinin yanvarın 15-də keçirilən iclasında qərara alınıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirak etsinlər.

Qərara əsasən, elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qruplar təşkil olunacaq, əhalinin viki-mühitdə gedən proseslər barədə maarifləndirilməsi, bu virtual məkanda aktiv fəaliyyətinin stimullaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Həmçinin elmi müəssisə və təşkilat əməkdaşlarının “Wikipedia” layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri olan biliklərə dair təlim kursları təşkil olunacaq.

Qərarda vikimetrik araşdırmalara, mövcud problemlərin həllinə diqqəti artırmaq, elmi konfrans və seminarlar təşkil etmək, viki-mühitdə Azərbaycanla bağlı kontentin vəziyyətinə dair fasiləsiz və operativ monitorinqlər keçirmək də tapşırılıb.

Media forum
XS
SM
MD
LG