Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Yadigar Sadıqov: «Bu qədər buyruqqulu olmasaydınız...»


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Müsavatçıya 6 illik həbs çəzası verildi
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00
Direct-ə keçid

«...Üzümü sizə tutub soruşmaq istəyirəm: günahsız insanı məhkum edərkən heçmi vicdan əzabı çəkmirsiniz? Axı bu təkcə bir kişinin müəyyən müddətə həbs olunması deyil, həm də valideynlərinin, xanımının, övladlarının, digər sevənlərinin həsrəti, ah-naləsi, göz yaşlarıdır. Bu boyda günahın altına necə girə bilirsiniz, gecələr necə yatırsınız, güzgüdə özünüzü görəndə necə utanmırsınız? Sanmayın ki, bunları ürəyinizi yumşaltmaq, cəzanı yüngülləşdirmək məqsədilə söyləyirəm...

...Siz necə, cavab verə bilərsinizmi, kim daha dəhşətlidir – sizə günahsız insanı həbs etməyi əmr edənlər, ya da bu əmri dinməz-söyləməz yerinə yetirən sizlər? Bəlkə siz bu qədər əmrəmüntəzir, bu qədər buyruqqulu olmasaydınız, onlar da bu qədər zalım olmazdılar».

Bu sözləri yanvarın 13-də Müsavat başqanının müşaviri Yadigar Sadıqov məhkəmədəki son çıxışı zamanı hakimə ünvanlayıb. Bu çıxışdan sonra hakim hökmü oxuyub. 2-ci qrup Qarabağ əlilini döyməkdə ittiham olunan Yadigar Sadıqov 6 il azadlıqdan məhrum edilib.

Yadigar Sadıqov ittihamları qondarma sayıb, həbsinin siyasi fəaliyyəti və sosial şəbəkələrdəki fəallığıyla bağlı olduğunu bildirib.

«ATASINA DEMİŞİK Kİ, İLYARIM HƏBS VERİLİB»

Yanvarın 14-də Bakıya – Kürdəxanı təcridxanasına yola salınmazdan əvvəl Lənkəran polis idarəsində Yadigar Sadıqov ailə üzvləri ilə görüşüb. Anası Gövhər Sadıqova AzadlıqRadiosuna məhkəmənin çıxardığı hökmün siyasi sifariş olduğunu deyib:

«Bizə çox pis təsir edib, hələ də özümüzə gələ bilmirik. Bu qədər ədalətsizlik, bu qədər də haqsızlıq olar? Bu sifarişi bunlar haradan aldılar, bilmirik».

Gövhər Sadıqova
Gövhər Sadıqova
Gövhər Sadıqovanın sözlərinə görə, oğlu bir saata yaxın sürən görüşdə ona, atasına, övladlarına, həyat yoldaşına dözümlü olmağı məsləhət görüb, ruhdan düşməməyi tapşırıb:

«Necə narahat olmayaq? Biz yaşlı adamlarıq. Ona 6 il iş verilməsini atasından gizlətmişik. Demişik, ilyarım iş verilib. 78 yaşı var, xəstə adamdır. Yadigardan başqa övladı da yoxdur. Belə haqsızlıq olar? Bununla bunlar hara gedib çıxacaqlar?».

Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu dostu və partiyadaşının həbsini siyasi məsələ sayır:

«Fikrimcə, Yadigar bəy şərlənib həbs olunub. Bu, qanunsuz və həm də siyasi həbsdir. Düşünürəm ki, məhkəmələr haqq-ədaləti müdafiə edəcəyi halda bu iş iflasa uğrayar».

«MƏN İŞVERƏN DEYİLƏM, HEÇ KİMƏ DƏ CƏZA KƏSMƏMİŞƏM»

Zərərçəkən, döyüldüyünü iddia edən 2-ci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimov Yadigar Sadıqova verilən həbs cəzasından narahatlığını dilə gətirir. Sözlərindən belə çıxır ki, bu qədər həbs cəzası onun da ürəyindən deyil:
Rəşid Kərimov
Rəşid Kərimov

«İndiyədək heç kimə pislik etməmişəm. Hamımız insanıq. Mənim də xoşum gəlmir ki, kimsə gedib 6-7 il həbsdə yatsın, o həyatı yaşasın. Mən işverən deyiləm, heç kimə də cəza kəsməmişəm. Bu millət üçün döyüşən adamam. Amma mənə qarşı elə şeylər dedilər ki, guya mən narkomanam, guya bu iş qurulma işdir, məni kimsə öyrədib bu işə təhrik edib. Bu necə ola bilər? Mən çayxanada oturub söhbət edəndə kimsə söhbətə qarışır, məni vurur, sonra da dövləti bu işə qatırlar... Burda dövlətin nə işi var? Hamı bilir ki, mən dövlət adamı deyiləm. Pensiyaçı adamam. Hamı bilir ki, xəstə adamam. Mən ancaq çayçıya gedirəm, krossvord yazıram, sonra da evə gəlirəm. Başqa heç yerə gedə bilmirəm, çünki yeriyə bilmirəm».

«...HAQQIMDA YAZANLARI MƏHKƏMƏYƏ VERƏCƏYƏM»

Rəşid Kərimov deyir ki, haqqında mənfi məlumat yayan qəzetlərə qarşı da iddia qaldıracaq:

«Bütün şəhər danışır ki, guya mən narkomanam. Polislər üçün «mal» satıram. Respublika prokurorluğuna şikayət etmişəm. Haqqımda o şeyləri yazanların hamısını məhkəməyə verəcəyəm».

Rəşid Kərimov bir fikri də səsləndirir ki, qarşı tərəf baş verənlərlə bağlı ondan üzr istəsəydi, o, iddiasını geri götürmək haqqında düşünərdi. Yadigar Sadıqovun anası Gövhər Sadıqova bu fikirlə razılaşmır. Deyir, oğlu günahsız olduğundan belə bir addıma da ehtiyacı yox idi:
Yadigar Sadıqov
Yadigar Sadıqov

«Mən qətiyyən bu addımı atmaram. Oğlum onu döyməyib, axı. Mən buna necə gedim? O, Yadigarı nə tanıyırdı? İlk gündən demişəm, indi yenə də deyirəm: Bu, sifarişli bir işdir».

«ŞAHİDLƏRİN HEÇ BİRİ HADİSƏNİN HARADA BAŞ VERDİYİNİ XATIRLAMAYIB»

Yadigar Sadıqov ötən il iyunun 25-də Lənkəran sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında həbs edilib. Cinayət Məcəlləsinin «xuliqanlıq» maddəsi ilə ittiham olunan müsavatçıya Lənkəran şəhər Məhkəməsi 6 il həbs cəzası verib.

Hökm açıqlanandan sonra AzadlıqRadiosuna müsahibə verən vəkil Xalid Bağırov məhkəmədə qaldırdığı vəsatətlərə əhəmiyyət verilmədiyini, bu bir yana – hadisənin harada baş verdiyini şahidlərin heç birinin xatırlamadığını deyib.

Vəkilin sözlərinə görə, iddiaçı Rəşid Kərimovun ekspertizası zamanı rəy verən həkimlərin məhkəməyə dəvət olunması ilə bağlı dəfələrlə vəsatət qaldırsa da, bunların heç biri qəbul edilməyib.

Yadigar Sadıqovun 6 il azadlıqdan məhrum edilməsini bəzi siyasi partiyalar, eləcə də Milli Şura pisləyib. Yayılan bəyanatlarda qeyd edilir ki, məhkəmənin ən ağır cəzanı seçməsi, ona 6 il həbs cəzası kəsməsi hökmün qanun çərçivəsində deyil, siyasi motivlərlə çıxarıldığına əminlik yaradır.

Müsavatçıya 6 illik həbs çəzası verildi
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00
Direct-ə keçid
XS
SM
MD
LG