Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:42

«İsmayıllı məhbusu» Səxavət Səmədov özünü asmaq istəyib


-
Səxavət Səmədov
Səxavət Səmədov
​Vəkil Fuad Ağayev İsmayıllı məhbuslarından Səxavət Səmədovun intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, AzadlıqRadiosuna bildirib ki, yanvarın 13-də Şəkidə keçirilən məhkəmə prosesində Səxavət Səmədov intihara cəhd etdiyini söyləyib:

«Dedi ki, əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən intihara cəhd göstərib. Amma kamera yoldaşı onu son anda xilas edə bilib. Səxavət çarpayı ağı ilə özünü asmaq istəyib. Boğazında olan iz onun dediklərini təsdiqləyirdi. Səxavət Məmmədov ötən məhkəmə prosesində intihar edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi».

Bir neçə gün öncə Səxavət Səmədovun yanvarın 9-u gecə Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd etdiyi barədə məlumat yayılmışdı. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Mehman Sadıqov bu xəbəri təkzib etmişdi.

VƏKİLİ CƏRİMƏLƏDİLƏR

Yanvarın 13-də Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti prosesdə müttəhim – ReAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev cərimə olunub.

Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, səmərəli müdafiəyə şərait yaradılmayıb. Buna görə də ikinci dəfə məhkəmə tərkibinə etiraz edib:

«Amma məhkəmə vəsatətimi baxılmamış saxladı, üstəlik, məni də prosesə mane olmaqda günahlandırıb 220 manat cərimələdi».

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırmışdı.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbiylə etiraz aksiyasına başlamış və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi.

İndiyədək 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının liderlərindən İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaqda, vətəndaşları kütləvi iğtişaşlara çağırmaqda və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham edilirlər.
XS
SM
MD
LG