Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

SSRİ ilə İran sərhədi belə pozulmuşdu...


Aksiyaçıların sərhəd boyunca keşik postları qurduğunu görən sovet əsgərləri öz mövqelərini bərkidirlər.
Aksiyaçıların sərhəd boyunca keşik postları qurduğunu görən sovet əsgərləri öz mövqelərini bərkidirlər.

1989-cu ilin dekabrında Sərhəd Hərəkatı bizim kənddən - Şahtaxtıdan başlamışdı. O vaxt mən yeniyetməydim, 16 yaşım təzə tamam olmuşdu. SSRİ ilə İran arasındakı tikanlı məftilli sərhəd xətti Araz çayı boyunca, kəndimizin bir neçə yüz metr aralığından keçirdi. Arazın o tayında, kəndimizlə üzbəüz İranın Poldəşt vilayəti yerləşir. Nənəm həmişə deyərdi ki, 1946-cı ildə – SSRİ sərhədləri bağlayanda, çoxları kimi bizim də qohumlardan bir neçəsi Poldəştdə qalıb. O, hər dəfə həyətimizdəki hündür çardağa çıxarkən İrana tərəf baxar, bizə həsrətlə Arazın o tayında qalan qohumlarımız haqqında danışardı.

ATAM MÜSTƏQİL AZƏRBAYCANDAN SÖZ AÇARDI

Sərhədlərin sökülməsi gündəmə gələndə, ovaxtkı AXC-nin Naxçıvan funksionerləri tez-tez bizim kəndə gələr, bunu yerli camaatla və cəbhəçilərlə müzakirə edərdilər. Yaşımız az olduğundan bizi bu müzakirələrə buraxmırdılar. Evdə atamın söhbətlərindən anlayırdım ki, kənd camaatının bir hissəsi sərhədlərin sökülməsini istəsə də, bir hissəsi buna qarşı çıxırdı. Qarşı çıxanlar SSRİ-nin dağılmasını istəməyənlər idi. Orta məktəb müəllimi olan atam da sərhədlərin sökülməsinin tərəfdarı idi. Hələ balaca vaxtlarımdan yadıma gəlir ki, atam evdə tez-tez yaxın qohumlarla astadan müstəqil Azərbaycan haqqında danışardı. Sərhədlərin açılmasını mən də çox istəyirdim. Birinci ona görə ki, o vaxt yeni yayılmış bütöv Azərbaycan ideyası mənim də qanımı coşdurmuşdu. İkincisi, nənəmin haqqında danışdığı o taylı qohumlarımızı görməyə həvəslənmişdim.

«RUS DİKİ»NDƏN GÖRÜNƏNLƏR

Cəbhəçilər noyabrın axırı-dekabrın əvvəllərindən sərhədin iki addımlığındakı kiçik təpədə aksiyalar keçirməyə başlamışdılar. Aksiyaçıların tələbi məftillərin sökülməsi, Araz çayı ilə sərhəd xətti arasındakı yüzlərlə hektar örüş ərazisinin camaata qaytarılması idi. Şahtaxtı sakinlərinin bir hissəsi aksiyaçılara qoşulsa da, bəziləri sərhəddə baş verənləri kəndin mərkəzindəki «Rus diki» adlanan təpədən izləyirdi. Aksiyaçıların sayı günü-gündən artırdı. Atam həmin aksiyalarda cəmi bir dəfə iştirak edə bilmişdi. Qəflətən keçirdiyi infarkt onu yatağa salmışdı. Bu xəstəlik ona sərhədlərin sökülməsini və Azərbaycanın müstəqilliyini görməyə imkan vermədi. Bir neçə gün sonra atam vəfat etdi.

Şərur rayon özünümüdafiə batalyonunun rəhbəri Şahmərdan Cəfərov (sağda) aksiyaçılari atəş açacaqları ilə hədələyən sovet əsgərləri ilə danışıqlar aparır
Şərur rayon özünümüdafiə batalyonunun rəhbəri Şahmərdan Cəfərov (sağda) aksiyaçılari atəş açacaqları ilə hədələyən sovet əsgərləri ilə danışıqlar aparır


ŞAHMƏRDAN CƏFƏROVU GÖRDÜM

Dekabrın 20-dən sonra sərhəddəki aksiyalar qızışmağa başlamışdı. Haqqında tez-tez eşitdiyim Şərur Özünümüdafiə Batalyonun rəhbəri əfsanəvi Şahmərdan Cəfərovu ilk dəfə elə bu aksiyalarda görmüşdüm. O da öz batalyonunun əsgərləri ilə aksiyaya qatılmışdı. Artıq 8-ci sərhəd zastavasının yaxınlığındakı kiçik təpədə çadırlar da qurulmuşdu. Sovet ordusunun yüksəkvəzifəli hərbçiləri çadırlara gəlib AXC funksionerləri ilə danışıqlara başlamışdılar. Aksiyaçılarınsa fikri qəti idi: sərhədlər söküləcək. Vəziyyətin ciddiliyini anlayan hərbçilər yavaş-yavaş sərhəd sonasına silahlı əsgərlər və hərbi texnika yığmağa başlamışdılar. Onlar əllərindəki səsgücləndiricilərlə aksiyanın dayandırılmasını tələb edir, sərhədə toxunmaq istəyənləri atəş açacaqları ilə hədələyirdilər. Aksiyaçılar da səsgücləndiricilərdən yararlanır, öz tələblərini eşitdirirdilər.

Səsgücləndiricilər çalışmayanda şüarları qışqıra-qışqıra səsləndirirdilər. AXC-nin ovaxtkı funksionerlərindən sayılan Fərəməz Allahverdiyevin şüar qışqırmaqdan batan səsi indi də qulağımdadır...

AKSİYAÇILAR SOYUQDAN QORUNMAQ ÜÇÜN...

Naxçıvanda qış fəsli sərt keçir. Həmin ilin qışı daha şaxtalı keçirdi. Qarın qalınlığı yarım metri aşmışdı. Gecələr havanın temperaturu 20-25 dərəcəyədək aşağı düşür, gündüzlər qar ərimək bilmir, əksinə, qalınlığını bir qat artırırdı. Aksiyaçılar soyuqdan qorunmaq üçün axşamlar tonqal qalayırdılar. Biz yeniyetmələrsə qarın altından odun toplayıb tonqal qalanacaq yerlərə çatdırırdıq. Aksiyaçılar gündüzlər isinməkdən ötrü yaxınlıqdakı evlərə gedir, növbə ilə bir birlərini əvəzləyirdilər. Kənd sakinlərindən onlara isti yemək daşıyanlar da az deyildi.

Aksiyaçıların hər an sərhədləri sökə biləcəyindən ehtiyat edən Sovet əsgərləri onlarla üzbəüz tankın üzərində keşik çəkirlər
Aksiyaçıların hər an sərhədləri sökə biləcəyindən ehtiyat edən Sovet əsgərləri onlarla üzbəüz tankın üzərində keşik çəkirlər


SƏRHƏDLƏRİN DEKABRIN 31-DƏ SÖKÜLƏCƏYİ QƏTİLƏŞMİŞDİ

Dekabrın 25-dən sonra otaylı soydaşlarımız da İran tərəfdən Arazın kənarına toplaşmağa başlamışdılar. Onlar bizim aksiyaçılara mənəvi dəstək verir, sərhədlərin tezliklə sökülməsini istəyirdilər. Sərhədlərin dekabrın 31-də söküləcəyi artıq qətiləşmişdi. Aksiyaçılar bununla bağlı sərhədçilərə ultimatum da vermişdilər. Hərbçilər də öz fikirlərində qəti görünürdülər. Vədə yaxınlaşdıqca onların sərhəd zonasına topladıqları canlı qüvvə və texnika çoxalırdı. Əsgərlər əllərindəki avtomatı aksiyaçılara tuşlayaraq gecə-gündüz sərhəddə keşik çəkirdilər.

ŞAHTAXTIDA GƏRGİNLİK...

Artıq anam da vəziyyətin ciddiliyini görüb sərhədə getməyimə qadağa qoydu. Kənddə söz-söhbət gəzirdi ki, sərhədi sökmək istəyənlərin hamısını güllələyəcəklər. Anam atamdan sonra məni də itirəcəyindən qorxurdu. Evimiz kəndin mərkəzində olduğundan 5-10 dəqiqə yayınıb «Rus diki»nə çıxır və sərhəddə baş verənləri izləyə bilirdim. Sərhəddə qurulan çadırların sayı artırdı. Səsgücləndiricilərdən çıxan qarışıq səslər kəndin mərkəzində də eşidilirdi. Dekabrın 30-da artıq kənddə də gərginlik yaşandı – hərbçilər fürsətdən faydalanıb kəndə hücum edə bilərdilər. Həmin gecəni kənd ayaqda keçirdi.

Nəhayət, sərhədlərin söküləcəyi gün gəlib çatdı. Xəbər yayılmışdı ki, tikanlı məftillər gündüz saat 12-də söküləcək!.. Kənd camaatı «Rus diki»nə çıxıb baş verənləri həyəcanla izləyirdi. Saat artıq 11 idi. Anamın gözündən yayınmışdım. Bir neçə yeniyetmə ilə sözləşib, sərhədə tərəf götürüldük...

AKSİYAÇILAR TƏKƏRLƏRƏ OD VURDU...

...Biz sərhədə çatanda artıq aksiyaçılar təpəyə yığdıqları böyük maşın təkərlərinin üstünə benzin tökürdülər.

Aksiyaya qatılanlar yasaq sərhəd zolağında xatirə fotosu çəkdirirlər. Zolağın o tayında – Araz çayı sahilində sərhədçilərə kömək üçün göndərilən sovet əsgərləri çadır qurub keşik çəkirlər
Aksiyaya qatılanlar yasaq sərhəd zolağında xatirə fotosu çəkdirirlər. Zolağın o tayında – Araz çayı sahilində sərhədçilərə kömək üçün göndərilən sovet əsgərləri çadır qurub keşik çəkirlər

Sovet hərbçiləri əllərində avtomat sərhədboyu iki cərgə düzülmüşdülər. Arxada tanklar vardı. Saat 12 tamamda aksiyaçılar təkərlərə od vurub təpədən sərhəd xəttinə tərəf diyirlətdilər. Araya bir anlıq sükut çökdü. Hər kəs hərbçilərin atəş açacağını gözləyirdi. Ancaq bu baş vermədi. Hərbçilərin olaya müdaxilə etməyəcəklərini duyan aksiyaçılar tikanlı məftillərə tərəf hücum çəkdilər. Sərhəd dağıdıldı. Böyükdən-kiçiyə bütün kənd camaatı sərhədə tökülüb məftilləri sökməkdə aksiyaçılara kömək etməyə başlamışdı. Ətraf kənlərdən də gələnlər az deyildi. Heç kim gözünə inanmırdı ki, SSRİ kimi əzəmətli bir ölkənin sərhədləri dağıdılmışdı. Kənd camaatı sərhəd dirəklərini yerindən qoparıb tikanlı məftillərdən təmizləyir, maşınlara yığıb sobada yandırmaq üçün evlərinə aparırdı. Ən çox dirək yığanlarsa sərhədlərin sökülməsinə qarşı çıxanlar idi...

İRANLI SOYDAŞLARIMIZ SAQQIZ VƏ TƏSBEH GƏTİRMİŞDİ...

İran tərəfdən də Araz qırağına insan axını başlamışdı. İnsanlar o taydan bu taya, bu taydan da o taya səslənib uzun illərdir ayrı düşmüş qohumlarını soraqlaşırdılar. Çayın suyu soyuq olsa da, üzməyi bacaran soydaşlarımız bu taya, bizimkilər də Arazın o tayına sərbəst keçə bilirdilər. Arazın bu tayına üzüb gələ bilən iranlı soydaşlarımız özləri ilə saqqız və təsbeh gətirib paylayırdı. O vaxt həmin hədiyyələr bizlərə çox maraqlı görünürdü. Dövlətlərarası sərhəd pozulsa da, sovet əsgərləri kimi İran sərbazları da bu proseslərə mane olmurdular. Araz çayının tən ortası SSRİ ilə İranı ayıran sərhəd zonası sayılırdı.

...QOHUMLARIMI TAPA BİLMƏMİŞƏM

Hava qaralana yaxın artıq hər kəs kəndə qayıdırdı. Bəziləri elə ilk gündən öz qohumların tapa bilmişdi. Həmin gün nə qədər soraqlaşsam da, nənəmin dediyi qohumlarımızı tapa bilmədim. Qayıdarkən gözümə yolda yerə sərilmiş bir sərhəd dirəyi sataşdı. Dirəyin üzərinə zərlə «CCCP» yazılmış lövhə yapışdırılmışdı. Sərhəd hərəkatından yadigar saxlamaq üçün o dirəyi götürüb evə yollandım...

...Nənəmin nişan verdiyi qohumlarımızı hələ də tapa bilməmişəm...

XS
SM
MD
LG