Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

İsmayıllı işıq idarəsindən şikayət var


Foto: Arxiv
Foto: Arxiv
-
İsmayıllıda elektrik idarəsindən narazılıqlar tükənmək bilmir. İdarədən hər hansı məlumatı dəqiqləşdirmək isə müşkülə çevrilib. Orada iş vaxtları katibə və qarovulçudan başqa kimisə tapmaq olmur. Rəhbərlikdən kiməsə zəng vurursansa, «ərazidəyəm» cavabını alırsan. Gəl indi baş sındır ki, bu «ərazi» hansı ərazidir?

«MƏNİ 96 MANAT CƏRİMƏ EDİB»

İsmayıllı sakini Tahir Ədilov deyir ki, yaşadığı evə gələn elektrik naqilini küçədə hərəkət edən yük maşını qırıb. Ancaq kimə deyirsə, problemi yoluna qoyan tapılmır:

«Bu məsələ ilə bağlı mart ayından indiyədək İsmayıllı elektrik şəbəkəsinə bir neçə dəfə yazılı müraciət etmişəm. Elektrik şəbəkəsi idarəsindən Hüseyn Kazımov məni əsassız olaraq 96 manat cərimə edib. Mən dəqiqləşdirmişəm, bu cərimə qeyri-qanuni tətbiq edilib. Təsəvvür edirsinizmi, elektrik dirəyindən sayğaca kimi məsafədə olan naqil qırılıb, ancaq bunlar heç bir araşdırma aparmadan birbaşa vətəndaşa cərimə yazırlar. Bu nə dərəcədə ədalətlidir, nə dərəcədə qanunidir?».

Tahir Ədilov qeyd edir ki, bunun məsuliyyətinin onun üzərinə atılması absurddur:

«Hadisə baş verəndə, aradan qaldırılmalıdır. Enerjinin verilməsi bərpa olunduqdan sonra günahkarın cərimələnməsi istiqamətində iş aparılmalıdır. Axı mən küçəyə necə nəzarət edə bilərəm?».

QAYNAR XƏTDƏN VERİLƏN CAVAB...

Tahir Ədilov deyir ki, 186 qaynar xəttə bu haqda məlumat verib, orada polisə şikayət etməyi məsləhət biliblər:

«Axı polisə, prokurorluğa bilinməyən hadisələr, cinayətlər haqda müraciət edərlər. Burada isə hər şey gün kimi aydındır. Sadəcə tədbir görən yoxdur. Bir müddət də belə davam etsə, onda məcburam ki, məmur özbaşınalığı və hərəkətsizliyi ilə bağlı rayon məhkəməsinə müraciət edim».

«DÜZ DEYİR, ONUN GÜNAHI YOXDUR»

İsmayıllı elektrik şəbəkəsi idarəsinin satış üzrə müdiri Hüseyn Kazımov da deyir ki, Tahir Ədilovun bu məsələdə heç bir günahı yoxdur:

«Sadəcə sayğac onun olduğu üçün cərimə də onun adına yazılıb. Qaldı cərimənin ödənilməsinə, onu həmin avtomaşınının sürücüsü ödəməlidir. Axı cərimə olunması haqda protokola biz sayğaca müdaxilə yazmamışıq. Həmin hadisəni törədən sürücü faktı təsdiqləyib ki, bu işi o edib və cəriməni ödəməkdən də boyun qaçırmır. Ənənəvi hal İsmayıllıya kanalizasiya xətləri çəkilən zaman Türkiyə şirkətinin sürücüləri tərəfindən də törədilmişdi. Biz onda da sayğacın sahiblərinin adına cərimə yazmışdıq. Onda daha yüksək cərimələr aşkarlanmışdı. Ancaq şirkət həmin cərimələri ödədi və vətəndaşlara heç bir çətinlik yaradılmadı. İndi Tahir kişi həmin maşının sürücüsünə müraciət etsin ki, cəriməni ödə. Gücü çatmırsa, iki-üç dəfəyə, lap gəlsin bir yerdə gedək. Əgər doğurdan da ödəməkdən boyun qaçırsa, onda kömək edək versin məhkəməyə. Onsuzda məhkəmə onun xeyrinə qərar verəcək. Demək istəyirəm ki, Tahir kişilik burda heç bir problem yoxdur. Buyursun gəlsin, bir yerdə cəriməsini ona ziyan vuran şəxsə ödətdirək».
XS
SM
MD
LG