Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Rəsulzadənin sonbeşiyini tapan adam AzadlıqRadiosuna danışır...- [Audio]


Teyyub Qurban
Teyyub Qurban
-
«İki aydan sonra Məhəmməd Əmin Rəsulzadənin 130 yaşı tamam olur. Fikrimcə, bu kitab həmin yubileyə bir töhfədir»
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Nəcibə Bağırzadənin «AZƏRbaycan həsrəti» kitabının təqdimatında yazıçı Teyyub Qurban söylədi.
«DAŞLARIN ARXASINDAN BAYQUŞ QALXDI...»
Onun sözlərinə görə, kitab Rəsulzadənin oğlu Azərə həsr olunsa da, burada Rəsulzadələr ailəsi haqqında da bilgilər verilib:
«Rəsulzadə haqqında, onun doğulduğu Novxanı kəndi haqqında, atası Molla Axund Hacı Ələkbər haqqında materiallar var. Məsələn, çox adam bilmir ki, Rəsulzadənin atası Novxanı məscidinin axundu olub və həmin məscid indi nə vəziyyətdədir. Kitabda yazılıb ki, məscid sökülüb-dağılıb. Nəcibə xanım yazır ki, Rəsulzadənin heykəlini Novxanıda ucaldan Cavanşir Dadaşovla abidəni ziyarət etməyə getmişdik. Gördük məscid uculub-dağılır. Yaxınlaşdım ki, əlimi onun daşlarına çəkim. Və birdən gördüm ki, o daşların arxasından bayquş qalxdı... Bu, bilirsiniz, nə deməkdir? Əgər Rəsulzadənin atasının vaxtilə minbərə çıxdığı məscid xarabazara dönürsə, bu, milləti, müsəlmanlığı təhqir etmək deməkdir. Bax, elə bu üzdən mən bu kiçik kitabın
Nəcibə Bağırzadənin «AZƏRbaycan həsrəti» kitabı
Nəcibə Bağırzadənin «AZƏRbaycan həsrəti» kitabı
redaktorluğunu canla-başla boynuma götürdüm. İstərdim ki, hamı bu kitabı oxusun».
«RASULOV AZER MAMED OQLI»
Teyyub Qurban hələ 1989-cu ildə Azər Rəsulzadəni Karaqandada axtarıb tapıb:
«1989-cu il idi. Müstəqillik havası vardı. Televiziyada danışa bilirdik. Birdən-birə ağlıma bir fikir gəldi: Dedim, görəsən, M.Ə. Rəsulzadədən kimlər qalıb? O vaxt hələ Rais Rəsulzadəni tanımırdım. Getdim «Vicdan» Cəmiyyətinə. Belə bir cəmiyyət vardı, sədri də Murtuz Sadıqov idi. Dedim, Murtuz müəllim, bilmirsiniz, Rəsulzadənin Qazaxıstana sürgün olunan ailəsindən kimlər qalıb? Dedi, onun oğlu Azər Karaqandada rəsm müəllimi olub. Mənə rəsmxətdən dərs deyib. Bunu eşidincə, Yazıçılar Birliyinə getdim. Anardan xahiş etdim ki, mənə yaradıcılıq ezamiyyəti versin. Orada yaşayan həmyerlilərimizdən əsər yazmaq istəyirəm. Oljas Süleymenov onda Qazaxıstan Yazıçılar Birliyinin sədri idi. Dedim, bilmək istəyirəm ki, məşhur azərbaycanlılardan Karaqandada kimlər var? Onun vasitəsilə oranın pasport-stoluna getdim. Siyahını alıb baxdım. Gördüm yazılıb: Rasulov Azer Mamed oqlı... Seyfulin küçəsi-155...»
AZƏR RƏSULZADƏ DUSTAQLARA VERİLƏN HƏYƏT EVİNDƏ QALIRMIŞ...
Teyyub müəllim Azər bəyin 30-cu illərdə dustaqların yaşadığı həyət evində qaldığını söylədi: «Mən o görüşü kitabımda geniş təsvir eləmişəm. Ona görə də, indi təfərrüata varmaq istəmirəm...»
- VI KTO?
- YA İZ BAKU!
M.Ə. Rəsulzadə
M.Ə. Rəsulzadə
Yazını müşayiət edən səsyazısında Teyyub müəllim o görüşün detallarına varmasa da, bir vaxtlar kitabda oxuduğum görüşün təxmini «ssenari»sini sizə cıza bilərəm. Teyyub müəllim bu məhəccərli həyət evinin qapısını nə qədər döyürsə də, qapını açan olmur. Hava soyuqmuş, hər tərəf də qarlı... Və sonda səsə gələn qonşu qadın ona söyləyir ki, burada bir rəssam yaşayır. Yəqin, bərk yatıb, o üzdən qapının döyülməsini eşitmir... Uzun cəhdlərdən sonra Teyyub müəllim həyətin o başından ucaboy və yaraşıqlı bir kişinin qarın üstündə ayaqyalın ona tərəf gəldiyini görür. Kişi rusca ondan kim olduğunu soruşur və gözlənilməz cavab eşidir: «Ya iz Baku!...»
«VƏZİROV BUNU BİLƏNDƏ ÇOX ƏSƏBİLƏŞİB...»
Gözlənilməz görüşün çaşqınlığından ayılan Azər Rəsulzadə Teyyub Qurbana deyir; «Sən məni Bakıya çağırırsan, amma mənə hələ də bəraət verilməyib... Mən Bakıya necə gedə bilərəm? Eşitdiyimə inana bilmədim. 1989-cu ilədək SSRİ-də bütün siyasi dustaqlara bəraət verilmişdi. Gəldim Bakıya, yenə Murtuz müəllimin yanına getdim. Dedim, Azəri tapmışam! Ona indiyəcən bəraət verilməyib. O da inanmadı. Murtuz müəllimin qardaşı DTK-da işləyirdi, ona zəng vurdu, o da Əbdürrəhman Vəzirova vəziyyəti bildirdi. Deyilənə görə, Vəzirov bunu biləndə çox əsəbiləşib və o üzdən də bəraət məsələsi tez həll olundu. Mən bəraət kağızını alıb ikinci dəfə Karaqandaya –Azərin yanına getdim...»
AZƏR BAKIYA GƏLDİ...
Teyyub müəllim bundan sonra Azərin Bakıya gəldiyini söylədi: «Bunları öz kitabımda geniş təsvir eləmişəm. Mən televiziyada çıxış elədim – «Dalğa» proqramında. O vaxt əməlli-başlı demokratiya vardı. Adam sözünü deyə bilirdi. Beləcə, Azərin tapıldığını dedim. Bu xəbəri eşidənlər mənə zəng vurur, Azərin Karaqandadakı adresini istəyirdilər. Onu gedib tapanlar da oldu. Ora o qədər adamlar gedib-gəlib ki, ətrafdakılar deyirlərmiş ki, sən nə qədər böyük adammışsan!”..
«NƏ QƏDƏR Kİ... DEMOKRATİK QURULUŞ BƏRPA OLUNMAYIB...»
Teyyub Qurban Rəsulzadəylə Heydər Əliyevin münasibətinə belə aydınlıq gətirdi: «Onun Rəsulzadə kimi düşməni olmayıb. Bilirsən bu nədən gəlir? Heydər Əliyevdə hakimiyyət hərisliyi vardı. İstəyirdi hamı ona baş əysin. Hətta Elçibəy ona baş əydi. Amma Rəsulzadəni əyə bilmədi. Əgər Əliyev Rəsulzadəni qaldırsaydı, ölkədə demokratik cəmiyyət qurulmalıydı. Azərbaycanın 80 yaşlı baş naziri ola bilməzdi. Prezident 3 dəfə seçilə bilməzdi. Rəsulzadənin qurduğu Cümhuriyyətdə belə şeylər yox idi... Azərbaycan parlament respublikası olacaqdı. Parlamentin qərarı olmadan prezident heç nə edə bilməzdi. Nə qədər Azərbaycanda Rəsulzadənin yaratdığı demokratik quruluş bərpa olunmayıb, Azərbaycanın bir qarış torpağı da azad olunmayacaq».
SON GÖRÜŞLƏR...
Rais Rəsulzadə
Rais Rəsulzadə
Yazıçı Azər Rəsulzadə ilə son görüşlərindən də danışdı:
«Son görüşlərdən biri Rais bəyin o vaxtlar yaşadığı Əhmədlidəki ikiotaqlı evində baş tutdu. Bir görüş də Lökbatanda Firuzə xanımgildə (Əmin bəyin qızı Firuzə xanım – S.İ.) oldu. O vaxt – 1992-ci ildə Əhməd Cavadın oğlu Yılmaz Axundzadə Binəqədidə prokuror işləyirdi. Onunla bir yerdə getdik, yedik-içdik, doyunca danışdıq. Sonra Heydər Əliyev hakimiyyətə gələndə, Azər özünü yaxşı hiss etmirdi, onda qorxu hissi baş qaldırmışdı. Yəni bu gəldi, yenə hər şey əvvəlki kimi olacaq... Məktub yazdı ki, mən rəssamam, heç nə istəmirəm. Atamın Nizami küçəsindəki evini verin bizə. Mən o evə getdim, orada bir erməni qadını yaşayırdı. Hər şey həll olunmalıydı. Elçibəy hakimiyyətdə olanda, təyyarə göndərdi və Rəsulzadənin qohumlarına Ankarada Məhəmməd Əminin məzarını ziyarət etməyə imkan yaratdı. 1992-93-cü illərdə Heydər Əliyev partiya quranda, Naxçıvanda qiyam qaldıranda Azər Karaqandaya qayıtdı. Sonra da oradan onun ölüm xəbəri gəldi – iyulun 9-da. Rais bəy onu gətirib Novxanıda dəfn elədi. O vaxt dövlət katibi olan Lalə Şövkət xanımın bu işdə böyük xidmətləri oldu».
Teyyub müəllim sonda özünün Bayraq meydanında ucaldılan bayraqdan sonra yazdığı şeirini də söylədi:
Dövlətin himnini oxumayanlar,
Dövlət bayrağını abidə edir!
Nə yaxşı anlaya bilmir ki, onlar,
Bayrağın özü də Rəsulzadədir!
Səsyazısını elə buradan dinləyin:
XS
SM
MD
LG