Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:53

Müxalif qəzetləri bu günə kim salıb? [Video]


-


«Yeni Musavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Azadlıq» qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qəzetlərin düşdüyü durumdan danışırlar.

Rahim Hacıyev vəziyyətin ağır olduğunu deyir:

«Qəzetimizin susdurulması üçün bütün addımlar atılır. Hər gün qara xəbər alırıq. Hesabımız bağlandı, 3000 manat cərimə olunduq. Daha sonra metroda satış qadağa olundu. Tağı Əhmədovun iddiası əsasında dünən məhkəmə qərar verilib. «Azadlıq» qəzetindən 65000 manat tələb olunur. Bu, ağlagəlməz rəqəmdir. «Qasid» firmasının isə «Azadlıq» qəzetinə 57000 manat borcu var».

Redaktor müavini hesab edir ki, atılan addımlarda qəzeti bağlamaq niyyəti durur:

«Azad mətbuatı sıradan çıxarmaqla hakimiyyəti əldə saxlayacağını düşünürlər. Ancaq anlamırlar ki, bununla öz vəziyyətlərini gərginləşdirirlər. Demokratik dünyayla kiçik bir dövlətin mübarizəsi imkansızdır. Azərbaycan hakimiyyətinin mövqeyi dünyada sarsılmaqdadır…».

Rauf Arifoğlu son bir ayda qəzetin durumunun daha da çətinləşdiyini deyir:

«Metropoliten ərazisində qəzetimizi satmağa icazə verilmir. Bu ərazidə satış çox yaxşı olurdu. Bir günə təxminən 1300 nüsxə satışdan məhrum oluruq. Son iki ayda cəmi 2000 manat pul ala bilmişik. «Qasid» firmasından da pulumuzu ala bilmirik. Bu durumda kollektivi saxlamaq çox çətindir. İşçilərin maaşını verə bilmirik. Sadəcə qəzet çıxarıb paylayırıq və pul almırıq…».

Baş redaktor hakimiyyətin bu addımlarını faydasız sayır:

«Tənqidi qəzetlərin bağlanmağı iqtidara fayda verməz. «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin 24 yaşı var. Bu qəzetlər Azərbaycanı təmsil edən qəzetlərdir. Biz hakimiyyətin dünyaya göstərə biləcəyi arqumentlərik. Vəziyyətdən çıxmaq üçün aksiyalarımız olacaq. Sona qədər mübarizə aparacağıq…».

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məsələnin diqqətlərində olduğunu deyir:

«Bu məsələ aktualdır və bir günün problemi deyil. İki ildir ki, bu vəziyyət davam edir. Problem həll olunmalıdır. Mətbuat Şurası dövlət qurumları qarşısında problemi qaldırmalıdır. Mətbuat Şurasının bir sıra üzvləri xaricdə səfərdədir. Ancaq MŞ dövlət qurumları qarşısında problemi qaldırmalıdır. Jurnalist təşkilatları məsələni ictimailəşdirə bilər. Bundan daha artıq nə etmək olar, müzakirə olunmalıdır…».

«Azərbaycan» Nəşriyyatı ona olan borcuna görə «Azadlıq» qəzetinə xəbərdarlıq məktubu göndərib. Məktubda borcun 12.11.2013-cü il tarixinədək ödənilməsi istənilir. Bu vaxtadək borc ödənilməsə, qəzetin nəşri dayandırılacaq.
XS
SM
MD
LG