Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Arif Qazıyev: «Nazirlər Kabinetinin heç xəbəri yox idi ki, belə bir teatr var»


Arif Qazıyev. Foto: axsam.az
Arif Qazıyev. Foto: axsam.az
-
Nazirlər Kabineti Azərbaycan Dövlət Muğam Teatrının ləğv edilməsi barədə qərar verib. Teatrın keçmiş direktoru Arif Qazıyevə zəng vurub qərara münasibətini öyrəndik. Söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz.

--Arif müəllim, Nazirlər Kabineti yaratdığınız teatrı ləğv etmək barədə qərar çıxarıb. Sürpriz olmadı ki?

--Yox, sürpriz olmadı. Bilirdim ki, teatrı bağlamaq üçün hazırlıq gedir. Keçən il işçilərin yarısını ixtisara salmışdılar. Sonra bizi köçürdülər Muğam Mərkəzinə, oranın zirzəmisində qalırdıq… Elə hiss olunurdu ki, bunlar teatrı bağlamaq istəyirlər. Nazirlər Kabinetinin heç xəbəri yox idi ki, belə bir teatr var. Amma ləğv qərarını tez çıxardılar. Bağlayırlar – bağlasınlar. Bu, erməni teatrı deyildi ki? Azərbaycan xalqının musiqisiydi. Biz onu sevirik, hər yerdə təbliğ edirik. Hörmətli Mehriban xanım, görün muğamı necə qaldırıb. Hər il muğam müsabiqələri keçirir, dünyanın hər yerində oxutdurur. Nazirlər Kabineti də Muğam Teatrını bağlayır. Əyalət teatrları var, qaçqın teatrları var – hamısının binası, ştatları var, işləyirlər. İndi bizim teatrı yarı bölüblər. Yarısını veriblər Mahnı Teatrına, yarısı qalıb Muğam Mərkəzində. Olmazdımı ki, bizə də Karvansara kimi bir yer verəydilər, biz də fəaliyyət göstərəydik?

--Sizi ordan çıxaranda etiraz etdinizmi?
-- Mənim gəmidə oturub gəmiçiylə dava etməyə halım yoxdur! Hökumət bunu istəyirdi və mərhələ-mərhələ bağladı. Mən ha dedim, ha yazdım – xeyri yoxdur! Qərar verilibsə, əvvəl-axır bağlanacaqdı… Əslində, mən teatrın adını dəyişdirmək, «Şərq ölkələri Musiqisi Teatrı » eləmək istəyirdim…

--Sizcə, adın dəyişməsi onu ləğv olmaqdan xilas edəcəkdimi?

--Edərdi, edərdi! Ora Şərq ölkələrindən oxuyanlar dəvət edərdik. Biz gedərdik oralarda konsertlər verərdik. Fikrim vardı. İmkan versələr, bundan sonra edərəm.

--Arif müəllim, sizcə, teatrın ləğv səbəbi nədir?

--Vallah, xanım, bilmirəm… Əvvəlcə İçərişəhərdəki Karvansaradan çıxardılar. 24 ildir orada oturmuşduq. O Karvansaranı mən düzəltdirmişdim. 80-ci illərdə ora pis gündəydi. Qapı-pəncərələri, tualeti, darvazası yox idi. İçərişəhər əhli ordan girib-çıxırdı şəhərə… Mən ora nə qədər xərc qoydum. Evdə-eşikdə nə varsa, satdım. İstədim ki, əməlli-başlı binası olsun. Yaxşı da olmuşdu. Maraqlı tədbirlər də keçirirdik. İndi, görünür, kiminsə gözü dəydi bizim binaya. Binanı Toğrul Bağırov aldı. Özü heç Azərbaycanda yaşamır. Moskvada, Londonda, orda-burda…

--Yəni deyirsiniz, Karvansaranı ona satıblar ?

--Yox, satıla bilməz ! Özəlləşdirilə bilməz! Hökumətindir. «İçərişəhər » qoruğunun balansındadır. Qoruq da nə istəyir – onu eləyir… İndi restoran işləyir, Toğrul Bağırov da restoranın sahibidir. Yuxarıdakı otaqlar da boş qalıb. Bu saat bayquşxanadır… Biz orada olanda səhərdən-axşamadək oxuyurdular, hamı gəlib çay içirdi, məşqlərimizə baxırdılar. Canlanma var idi. Qədim daşlar da musiqini sevirdi, dinləyirdi…

--Arif müəllim, nəinki daşlar, hətta quşlar musiqini dinləmək üçün ora gəlirdi. Özüm şahidiyəm…

--Görürsən, necə canlanma var idi ? Habil Əliyev kimi sənətkarlar gəlirdi, Arif Babayev, Əlibaba Məmmədov, Canəli Əkbərov gəlirdi… Orada Muğam Akademiyası açmaq fikrim var idi. Hər yandan oxuyanlar gəlsin istəyirdim. Fikrim elə kağız üzərində də qaldı…

--Bəs bundan sonra nə etmək istəyirsiniz?

-- Asmaq istəyirəm özümü…Heç nə.

--Nə?

--Özümü asacağam…(gülüşmə)

--Yox, yox, Allah eləməsin !

--Qorxmayın! Mən cavanlıqdan həyatda elə sıxıntılara düşmüşəm ki, dözə bilirəm belə şeylərə. Yuxarıda Allah var – o, mənə kömək edəcək.

--Arif müəllim, son sualları verirəm : İndi nəylə məşğulsunuz? Təqaüddəsiniz?

--Bəli, təqaüddəyəm. 230 manat təqaüd alıram.

--Bəs prezident təqaüdü almırsınız ?

--Hələ vermirlər. Nazirlik Prezident Aparatına göndərib. Hələ cavab yoxdur. Şöhrət ordenliyəm, Əməkdar İncəsənət Xadimiyəm, 55 il əmək stajım var. Ey, ay xanım, ürəyinizə salmayın belə şeyləri…

--Arif müəllim, axı o quşlar muğam səsinə bir də o Karvansaraya uçub gəlməyəcək bundan sonra…

--Hə…Hamısı öyrəşmişdi mənə. Yeməklərini də verirdim… Əncir ağaclarımız da yiyəsiz qalıb… Düzələr, xanım!

--Oldu, çox sağ olun müsahibəyə görə. Yolunuz açıq olsun !

--Sağ olun…
XS
SM
MD
LG