Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:36

Cəmil Həsənli: «Hakimiyyət gizlin, urvatsız inauqurasiya mərasimi keçirdi»


Cəmil Həsənli
Cəmil Həsənli
-
«Konstitusiya Məhkəməsinin tələsik qərarından bir neçə dəqiqə sonra Azərbaycan ictimaiyyəti məlumatlandırılmadan, hakimiyyət gizlin, urvatsız inauqurasiya mərasimi keçirdi. Bu, sözün tam mənasında, qeyri-legitim seçkiyə uyğun olaraq inauqurasiya mərasimi idi. Azərbaycan xalqı İlham Əliyevə səs verməyib, MSK-nın qərarı qanunsuzdur».

Bunu oktyabrın 21-də keçirdiyi mətbuat konfransında Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli deyib.

O, deyib ki, Konstitusiya Məhkəməsi ən azı 3 gün müddətini gözləməli idi. Ancaq tələsik MSK-nın yekun protokolunu təsdiq etdi.

Cəmil Həsənli onu da deyib ki, oktyabrın 18-də onun seçki qərargahı Apelyasiya Məhkəməsinə şikayət edib:

«İş vaxtı qurtarandan sonra məhkəmə qərarını elan etdi. Üç gün müddətini gözləməyərək qərar qəbul olunan günün səhərisi Konstitusiya Məhkəməsi saat 9-da iclasına başladı».

Oktyabrın 21-də Milli Şura Apelyasiya Məhkəməsinin qərarından olan şikayəti Ali Məhkəməyə təqdim edəcəyik.

«MİLLİ ŞURA MÜXALİFƏTİN GÜC MƏRKƏZİDİR»

«Bu gün Milli Şura müxalifətin güc mərkəzidir. Azərbaycan müxalifəti Milli Şurada toplanıb. Əminliklə deyirəm ki, Milli Şuraya yeni qüvvələr gələcək, Milli Şura güclənəcək».

Bu sözləri oktyabrın 21-də keçirdiyi mətbuat konfransında Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli deyib:

«Rüstəm İbrahimbəyov kimi tanınmış bir ziyalının Milli Şuraya sədrlik etməsi Milli Şuraya ancaq uğur gətirir. Bundan sonra da Milli Şuranın güclənməsinə təsir göstərəcək bütün addımlar atılacaq».

«ƏLİMİZDƏ MÜFƏSSƏL MƏLUMATLAR VAR»

Cəmil Həsənli deyib ki, səsverməyə seçicilərin 20 faizi qatılıb və əksəriyyət ona səs verib. Səsvermə nəticələri 50 seçki dairəsində tamamilə, qalan 75 dairədə isə qismən saxtalaşdırılıb:

«9 oktyabr prezident seçkiləri tamamilə saxta keçirilib. Hakimiyyətin mənimsənilməsi prosesi baş verib. Konstitusiya Məhkəməsinin qərarı da qeyri-legitimdir. Biz 9 oktyabr seçkilərinin nəticələrini qəbul etmirik. Xalqın öz seçki haqqına qovuşması uğrunda Konstitusiya və Azərbaycan qanunları çərçivəsində öz mübarizəmizi davam etdirəcəyik».

Cəmil Həsənli bildirib ki, pozuntular haqqında 2500 məntəqədən akt və videosübutlar var.

Milli Şuranın keçmiş namizədi Brüssel, Paris və Strasburqdakı görüşlərindən də söz açıb. O, AŞPA və Avropa Parlamenti missiyalarının seçkilərlə bağlı qalmaqallı qiymətləndirmələrini Avropa qurumlarının araşdırdığını bildirib.

Cəmil Həsənlinin sözlərinə görə, Strasburqun «Hilton» otelində Azərbaycan hakimiyyət nümayəndələrinin AŞPA nümayəndə heyəti üzvləri ilə qonorar sövdələşməsi barədə səhih dəlilləri də var:

«Biz bu danışıqları Azərbaycan rəsmilərindən kimin apardığını, kimin tərcüməçi olduğunu bilirik. Fransanın hüquq- mühafizə orqanları da bunu bilir. Zamanla bu məlumatlar açıqlanacaq».

Cəmil Həsənli bəzi Avropa deputatlarının Azərbaycan nazirlərinin övladları ilə bağlantıları olduğunu da dilə gətirib.

Noyabrın 14-24-də Cəmil Həsənli ABŞ-a səfər edəcək.
XS
SM
MD
LG