Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Babası 4 yaşlı Məryəmin ölümünün araşdırılmasını tələb edir


Arxiv foto
Arxiv foto
.
Füzuli Mustafayev İmişlidə məskunlaşan Cəbrayıl köçkünüdür. Keçən ilin noyabr ayında azyaşlı nəvəsini itirib. O, AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, 4 yaşlı nəvəsi Məryəmin ölümünə səbəb bağırsaq keçilməzliyi, səbəbkar isə həkimlər olub:
“Noyabrın 25-də axşamtərəfi saat 4-5 radələrində nəvəmin halı pisləşdi. Hərarəti qalxdı, qusma başladı. Apardıq rayondakı Dəmiryol Xəstəxanasına. Bazar günü olduğuna görə həkim tapmadıq. Həkim-pediatr Hamil Ağayevə zəng etdik, dedi, evdəyəm, gətirin gəlin. Apardıq, baxdı, dedi heç nə yoxdur, bir az soyuqlayıb. Sistem və antibiotiklər yazdı, göndərdi bizi Dəmiryol xəstəxanasına, tibb bacısı Nadya Əsgərovanın yanına. Tibb bacısını orda tapmadıq, öyrəndik ki, Mərkəzi rayon Xəstəxanasının uşaq şöbəsində də işləyir. Getdik ora, antibiotikləri uşağa “prob” qoymadan vurdu, sistemi köçürəndə isə öz işini yüngül etmək üçün tez-tez dərmanı sistemdən şprislə çəkib uşağın venasına vururdu. Uşağın bağırsağının yuyulmasını tələb etdik, dedi ehtiyac yoxdur”.
Füzuli Mustafayevin deməsinə görə, saat 20 radələrində tibb bacısı onlara məsləhət görüb ki, xəstə Məryəmi evə götürsünlər. Belə də ediblər. Amma...
“3-4 saatdan sonra Məryəm yuxudan ayılanda vəziyyəti lap ağırlaşmışdı. Ağzından qan gəlirdi. Dəmiryol Xəstəxanasının Ehtiram adlı uşaq həkiminin evinə apardıq. Qapını döysək də açan olmadı. Ordan Hamil həkimin evinə gəldik, qapısını döydük, dedilər ki, həkim evdə yoxdur. Uşaq qucağımızda, qalmışdıq İmişlinin küçələrində. Məcbur qalıb gecə saat 3-ə qalmış rayondan çıxdıq, uşağı Bakıya “Semaşko”ya gətirmək istəyirdik. “20 yanvar” dairəsində qucağımızda keçindi”.
Baş prokurorluğa yazılan şikayət ərizəsi araşdırılması üçün İmişli rayon prokurorluğuna göndərilib. Bir müddət sonra rayon prokurorunun köməkçisi Fazil Həsənov ailəyə məktub yollayıb ki, 4 yaşlı Məryəm Mustafazadənin ölüm faktı üzrə prokurorluqda araşdırma aparılıb. Şikayət ərizəsində göstərilənlər təsdiqini tapmayıb.
HƏKİMLƏR VALİDEYNLƏRİ GÜNAHLANDIRIR
Həkimlər isə 4 yaşlı Məryəmin valideynlərin səhlənkarlığı üzündən öldüyünü bildiriblər.
Məsələn İmişli rayon dəmiryol xəstəxanasının həkim-pediatrı Hamil Ağayev bildirib ki, balaca Məryəmi onun evinə gətirən valideynlər uşaqda iki gün əvvəldən qusma, yuxusuzluq, halsızlıq olduğunu deyiblər. O özü isə uşaqda belə əlamətlər görməyib. Gördüyü əlamətlərə uyğun müalicə yazıb və onları tibb bacısı Nadya Əsgərovanın yanına göndərib. Sabahı gün eşidib ki, uşaq Bakıda keçinib. Həkim bildirib ki, uşağın ölümünə səbəb bağırsaq keçilməzliyi olub, çünki xəstənin yaxınları vaxtında müraciət etməyib.
Ölüm aktında göstərilir ki, 4 yaşlı Məryəm Mustafazadənin ölümünə səbəb mədə-bağırsaq qanaxması olub.
Məryəm Mustafazadənin xəstəliyi ilə əlaqədar rayon xəstəxanalarının heç birində xəstəlik tarixçəsi açılmayıb. Həkimlər bunu bazar gününə təsadüf etməsi ilə əlaqələndiriblər.
İmişli prokurorluğu həkim-pediatr Hamil Ağayev və tibb bacısı Nadya Əsgərova ilə bağlı xidməti yoxlama aparılması üçün Səhiyyə Nazirliyinə sorğu göndərib. Nazirlikdən gələn cavab məktubunda göstərilib ki, xəstə patoloji ekspertizadan keçirilmədiyinə görə onun ölüm səbəbi dəqiq bilinmir. Buna görə də prokurorluq uşağın ölümündə həkimlərin nə dərəcədə təqsirli olub-olmadıqlarını üzə çıxara bilməyib.
Xəstəni ev şəraitində müayinə etdiyinə görə isə Hamil Ağayevlə bağlı İmişli rayon Xəstəxanasına təqdimat verilib.
HÜQUQŞÜNAS DEYİR Kİ...
Hüquqşünas Vidadi Səfərov deyir ki, rayon prokurorluğu çıxartdığı qərarla az qala zərərçəkmişlərin özlərini təqsirli çıxarıb:
“Prokurorluq araşdırmalıydı ki, bazar günü xəstəxanada niyə növbətçi həkimlər olmayıb. Babanın dediklərindən məlum olur ki, xəstə uşaq qucaqlarında, yarım sutka həkimlərin evləri ilə xəstəxana arasında qalıblar. Halbuki, xəstəxanalarda bazar günləri növbətçi həkimlər olmalıydı. Xəstə ətraflı müayinə olunmalıydı. Başqa bir tərəfdən ölüm aktında uşağın ölümünün səbəbi göstərilir, ancaq prokurorluq cavab yazır ki, ölümün səbəbləri məlum deyil”.
Hüquqşünas İmişli rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı çıxartdığı qərardan məhkəməyə, ya da Baş Prokurorluğa müraciət olunmasını məsləhət görür.
XS
SM
MD
LG