Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:48

Khomeini-nin nəvəsi «Facebook»u müharibə lətifəsinə görə tərk etdi


Ruhollah Khomeini və nəvəsi Naeimeh Eshraghi
Ruhollah Khomeini və nəvəsi Naeimeh Eshraghi
-
Müharibədə həlak olanların dul qadınları ilə evlənmək istəyən ayətulla haqqında lətifəni eşitmisinizmi? İranda bu sayaq lətifələr gülməli deyil. Lap o lətifəni danışan İslam Respublikasının banisi Ruhollah Khomeini olsa da…

1980-1988-ci il İran-İraq müharibəsinin xatirələri iranlılar üçün hələ də çox ağrılıdır. Bu müharibədə on minlərlə insan şərəfli «şəhid» adına qovuşub.

Buna görə də Khomeini-yə aid lətifə onun nəvəsinin «Facebook» səhifəsində peyda olanda, hay-küy başlayıb.

Khomeini-nin nəvəsi Naeimeh Eshraghi onun «Facebook» səhifəsinin şərh hissəsində bu yaxınlarda yerləşdirilən lətifəni onun post etdiyini danır. Orada isə yazılmışdı: «Biz İmama ona qoşulmuş başqa bir lətifəni də danışardıq. O qədər gülərdi ki… Lətifə belə idi: Bir dəfə İmam Khomeini belə bir çağırış edir: «Ey Pasdaranlar (İnqilab Keşikçiləri) şəhid dulları ilə evlənin… Kaş, özüm də pasdaran olaydım…».

Bunun ardınca başlanan qalmaqaldan sonra Eshraghi öz «Facebook» hesabını bağlayıb.

KHOMEINI ZARAFAT DA EDİRMİŞ

Bəziləri inana bilmirlər ki, çoxlarını cəbhəyə göndərən və müharibənin uzanmasına səbəb olan Khomeini bu barədə hələ zarafat da edibmiş. Başqaları isə Eshraghi-ni İranın müasir tarixinin belə ağrılı səhifəsini qurdaladığına görə qınayırlar.

Ali Afshari
Ali Afshari
Tənqidlər hər tərəfdən gəlir – mühafizəkar mediadan, şəhid ailələrindən, mötədillərdən və İran müxalifətindən. Onların hamısı bu zarafatdan hiddətləniblər.

Hazırda ABŞ-ın Virciniya Ştatında yaşayan keçmiş tələbə lideri Ali Afshari öz «Facebook» səhifəsində yazır ki, bu zarafatı kim edibsə, lənətlənməlidir:

«İnqilab Keşikçilərinin bir qismi İran xalqını incidib. Onların əlləri müxtəlif cinayətlərə bulaşıb. Lakin onların əksəriyyəti müharibədə döyüşən sağlam əqidəli insanlar olublar və heç kəsin, ələlxüsus da müharibə dullarının xətrinə dəyə bilməzdilər».

«BİZİ AXMAQ YERİNƏ QOYUBLAR»

Müharibədə həlak olmuş tanınmış komandir Mohammad Ebrahim Hemat-in oğlu Eshraghi-ni heysiyyətsizlikdə ittiham edib.
Ali dini lider Ayatollah Ali Khamenei İran-İraq müharibəsi zamanı cəbhə xəttində
Ali dini lider Ayatollah Ali Khamenei İran-İraq müharibəsi zamanı cəbhə xəttində

Mühafizəkar saytlarda dərc olunmuş məktubunda komandir oğlu yazır ki, Eshraghi İslam Respublikasının banisini ləkələyib:

«Onun iyrənc postunu oxuyanda, adamın ağlına ilk gələn bu olur ki, bu ölkənin övladları güllə, bomba və mərmilərlə parça-parça olan bir vaxtda onları cəbhəyə göndərən şəxs onların özləri və ailələri haqqında belə iyrənc zarafatlar edib».

Hemat belə bir nəticəyə gəlir ki, «müharibədə vuruşanları və onların ailələrini axmaq yerinə qoyublar».

O, yazır ki, Ayatollah Ruhollah Khomeini-yə olan hörmətinə görə nəvəsinə məktubunda söyüş işlətməyib.

İran parlamenti
İran parlamenti
Bu məktuba cavabında Naeimeh Eshraghi yazıb ki, şəhidlər və onların ailələri «insanlığın zirvəsidirlər», kimsə onların Khomeini ilə səmavi ittifaqını poza bilməz.

KHOMEINI-NİN NƏVƏSİNİ PARLAMENTDƏ MÜZAKİRƏ EDƏCƏKLƏR

Khomeini-nin nəvəsi bildirib ki, onun «Facebook» hesabına bir neçə dəfə haker hücumu olandan sonra, o, öz hesabını bağlayıb.

Lakin Naeimeh-in bu hərəkəti və bədnam postla bağlı təkzibləri tənqidçiləri sakitləşdirməyib. Parlament üzvü Hojatoleslam Nasrollah Pejmanfar deyib ki, Eshraghi-nin müharibədə həlak olanların ailələrini təhqir etməsi parlamentdə müzakirə olunacaq.

Digər tərəfdən, yaranmış bu qalmaqal İslam Respublikasında gedən siyasi diskussiyalarda sosial şəbəkələrin artan rolunu nümayiş etdirir. İranda «Facebook» saytının rəsmən bağlı olmasına baxmayaraq, getdikcə daha çox rəsmi şəxs bu şəbəkəyə qoşulur.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG