Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

İlham Əliyev and içdi [Fotolar]


Andiçmə mərasimi - 19 oktyabr 2013
Andiçmə mərasimi - 19 oktyabr 2013
-
Yazı yenilənir. Xəbərlər ardıcıllıqla yerləşdirilir. Ən yeni xəbər yazının sonundadır.

Prezident seçkilərində rəsmən qələbə qazanan İlham Əliyev Konstitusiya və Qurana əl basaraq and içib.

Daha sonra İlham Əliyev nitq söyləyib.

Mərasim parlamentin iclas zalında təşkil olunub.

Bu barədə prezidentin rəsmi internet saytı məlumat verir.

Konstitusiya Məhkəməsi bundan bir neçə saat əvvəl seçkinin nəticələrini təsdiqləyib və 84.54 faiz səs toplayan İlham Əliyev prezident elan edib.

İclasda iştirak edən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxış üçün söz istəyib. Amma Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev buna etiraz edib. O bildirib ki, belə iclaslarda tərəf kimi MSK və dəvət olunmuş ekspertlər çıxış edə bilərlər.

İlham Əliyev 2003-cü ildən hakimiyyətdədir.

SƏFİRLƏR MƏRASİMDƏ İŞTİRAK ETMƏYİBLƏR

İlham Əliyevin andiçmə mərasiminə ABŞ, Fransa, Böyük Britaniya və Türkiyənin Azərbaycandakı səfirləri dəvət olunmayıblar.

Bu haqda AzadlıqRadiosuna həmin ölkələrin Bakıdakı səfirlikləri bildiriblər.

ABŞ səfirliyinin mətbuat xidməti:

«Səfir Morningstar dəvət olunmayıb. Anladığımız qədər başqa diplomatik korpus nümayəndələri də dəvət olunmayıblar. Belə başa düşürük ki, inauqurasiya dəvətləri ilə bağlı rəsmi protokol qaydaları ölkədən ölkəyə fərqli ola bilər».


AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ VƏ ANDİÇMƏLƏR

AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ VƏ ANDİÇMƏLƏR
Ayaz Mütəllibov:
1991-ci il sentyabrın 8-də ilk prezident seçkisi keçirilib. Oktyabrın 18-də and içib.

Əbülfəz Elçibəy:
Seçkilər 1992-ci il iyunun 7-də keçirilib, iyunun 17-də and içib.

Heydər Əliyev:
Birinci dəfə 1993-cü il oktyabrın 10-da – seçkilərdən bir həftə sonra and içib.


Heydər Əliyev ikinci dəfə 1998-ci il oktyabrın 18-də and içib. Yenə seçkilərdən bir həftə sonra - oktyabrın 11-də.

İlham Əliyev:
Seçkilər 2003-cü il oktyabrın 15-də keçirilib, oktyabrın 31-də and içib.


İlham Əliyev ikinci dəfə 2008-ci il oktyabrın 24-də and içib, səsvermədən 9 gün sonra.

Azərbaycanda sonuncu – 2013-cü il prezident seçkisinin rəsmi qalibi İlham Əliyev oktyabrın 19-da and içib. Seçkilər oktyabrın 9-da keçirilib.
CƏMİL HƏSƏNLİ MƏTBUAT KONFRANSI KEÇİRƏCƏK

Millət vəkili Rasim Musabəyov:

«Andiçmə mərasimi normal keçirildi. Nazirlər, bütün deputatlar, dini icmaların nümayəndələri iştirak edirdi. Bizim nüfuzlu ictimai təşkilatların və diplomatik korpus nümayəndələrini orda görmədim. Milli Məclisin salonu çox sıx idi, yer yox idi».

Politoloq Hikmət Hacızadə:

«Mənim bu andiçməyə münasibətim mənfidir. Hesab edirəm ki, düz seçki keçirilməyib. Ona görə də Milli Məclisdə and içməyin də mənası yoxdur. Mənim münasibətim budur. Qaldı ki, diplomatik korpus nümayəndələrinin mərasimdə iştirak etməməsinə, deyəsən, onlar da mənimlə eyni fikirdədirlər».

Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli isə deyir ki, bu məsələyə bazar ertəsinə təyin etdiyi mətbuat konfransında münasibət bildirəcək.

PREZİDENT ADMİNİSTRASİYASI: «SƏBƏB TƏVAZÖKARLIQDIR»

Prezidentinin mətbuat katibi Azər Qasımov prezidentin andiçmə mərasiminə xarici qonaqların dəvət olunmamasına aydınlıq gətirib.

Mətbuat katibi apa-ya müsahibəsində bunları deyib:

«Prezidentin inauqurasiya mərasimi ölkəmizin daxili tədbiridir. Ümumiyyətlə, bu tədbirə xarici qonaqların dəvət olunması bizim təcrübədə yoxdur. Elə buna görə də bugünkü inauqurasiya mərasiminə xarici ölkələrdən hər hansı qonaq dəvət olunmamışdı».

Azər Qasımov bildirib ki, İlham Əliyev dövlət səviyyəsində olan tədbirlərin, özəl mərasimlərin həmişə təvazökar qaydada keçirilməsinin tərəfdarı olub:

«O, dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin təmtəraqdan, dəbdəbən uzaq, təvazökar və sadə şəkildə keçirilməsi tələbini qoyub».

ANDİÇMƏDƏ RƏQİBLƏRDƏN 4-Ü İŞTİRAK EDİB

İlham Əliyevin andiçmə mərasimində onun seçkidəki 9 rəqibindən 4-ü - İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc və Fərəc Quliyev iştirak edib.

İlyas İsmayılovla Hafiz Hacıyev dəvət alsalar da, mərasimə qatılmayıblar.

İlyas İsmayılov Mediaforum saytına andiçmə mərasiminə oktyabrın 19-u səhər dəvət aldığını, bağda olduğu üçün mərasimə çata bilmədiyini söyləyib. Hafiz Hacıyevsə AzadlıqRadiosuna deyib ki, dəvətli olsa da, şəhərdən kənarda olduğu üçün tədbirdə iştirak edə bilməyib.

Prezidentliyə keçmiş namizədlərdən Cəmil Həsənli, Araz Əlizadə və Sərdar Cəlaloğlu isə andiçməyə dəvət almadıqlarını bildiriblər.

XS
SM
MD
LG