Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:53

M.Bulqakov “Beyin iltihablaması” (Günel Mövludun tərcüməsi)


Mixail Bulqakov
Mixail Bulqakov
-

Bütün həftəlik jurnal redaktorlarına ithaf olunur.


Şalvarımın sağ cibində doqquz dənə xırda pul vardı – iki dənə üçqəpiklik, bir dənə ikiqəpiklik, bir dənə də birqəpiklik – bu qəpiklər hər dəfə addım atanda mahmız kimi cingildəyirdi. Yanımdan ötənlər qanrılıb şalvarıma baxırdılar.

Mənə elə gəlir ki, beynim axmağa başlayır. Doğrudan da, axı havanın istisindən asfalt əriməyə başlayır. Onda beyin niyə əriməsin ki? Amma axı beyin sümük qutunun içindədi, üstəlik də saçlardan və ağ furajkadan ibarət örtüyü var. Bu qırışlarla dolu iki qəşəng yarımkürə içəridə özü üçün oturub, susur.

Qəpiklər isə cing-cing cingildəyir.

Keçmiş Filippov kafesinin düz yanında ağ kağız parçasında bunları oxudum: "Sutkalıq borş, buxarda bişmiş uzunburun balıq, 2 yeməkdən ibarət nahar – bir rubl".

Doqquz qəpiyi çıxarıb xəndəyə tulladım. Başında köhnə dəniz furajkası, şalvarının hər ayağı bir rəngdə, bircə ayağında çəkmə olan bir adam yaxınlaşıb pulları salamladı:

- Dəniz qüvvələri admiralından təşəkkürlər! Ura!

Sonra o, mis pulları götürüb, hündür, amma cır səslə oxudu:

Çoxdan rəngi solubdur
Xrizantem güllərinin!

Yanından keçən adamlar sakitcə burunlarını çəkə-çəkə elə gedirdilər ki, elə bil, elə belə də lazımdır, günorta saat dörddə burda, Tver bulvarında ayağının birinə çəkmə geyinmiş admiral mahnı oxumalıdı.

Bu vaxt bir neçə adam mənə yaxınlaşıb, dedi:

- Xeyirxah əcnəbi cənab, mənə də doqquz qəpik verin. O, şarlatanın biridi, heç vaxt da dəniz qüvvələrində xidmət eləməyib.

- Professor, lütf eləyin...

Saqqalı qırxılmış Çernomora oxşayan oğlan uşağı isə qarşımdakı bir arşın hündürlüyündə səki üstünə tullanıb, xırıltılı səslə tələsə-tələsə qışqırırdı:

Kalutsk zastavası tərəfdə
Komarov adlı quldur və oğru vardı!

Onu görməmək üçün gözlərimi yumub danışmağa başladım.

- Belə təsəvvür edək. Əvvəli: isti havada yol gedirəm, budur, qarşımda bir oğlan uşağı var. O atılıb-düşür. Sahibsiz uşaqdı. Qəfildən küçənin o başından uşaq evinin müdiri çıxır. İşıqlı adamdır. Onu təsvir eləmək lazımdı. Məsələn, belə: mavi gözlü, cavan adamdı. Üzü qırxılıb? Deyək ki, qırxılıdı. Ya da qısa saqqalı, bariton səsi var. O deyir: Ay uşaq! Ay uşaq. - Sonra? Ay uşaq, ay uşaq, eh ay uşaq...

"Önlüyü də var", - papağımın altındakı beyin yarımkürələri dedi.

"Kimin önlüyü var?"- təəccüblə beynimdən soruşdum.

"Hə, bu sənin böyüdüyün uşaq evidir".

"Əbləhlər", - beyin yarımkürələrimə cavab verdim.

"Özünsən əbləh. İstedadsız, - beyin yarımkürələrim mənə cavab verdi, - bu gün hekayəni yazıb qurtarmasan, görək axşama nə boğmalanacaqsan. Qrafoman!"

Əynində önlük yox, xalat var...

"O niyə xalat geyinib, cavab ver, axmaq?"- beyin yarımkürələri soruşdu.

"Tutalım ki, o, iş başında imiş, elə indicə xəstə bir qızcığazın ayağını sarıyıbmış, indi də "Trest" siqareti çəkməyə çıxıb. “Mosselprom”dan bir qadın işçini də təsvir eləmək olar. Budu, uşaq evinin müdiri deyir:

- Oğlan, ay oğlan... Bunu deyəndən sonra, (nə deyəcəyini sonra fikirləşərəm) oğlanın əlindən tutub uşaq evinə aparır. Budur, Petya (oğlanın da adı Petya olsun, günün altında donan belə oğlan uşaqlarının adları adətən Petya olur) uşaq evinə girəndən sonra daha Komarovdan danışmır, əlifbanı öyrənir. Onun toppuş yanaqları var. Hekayənin adını da belə qoymaq lazımdı: "Petya xilas edildi ". Jurnaldakılar belə başlıqları xoşlayırlar".

Papağımın altındakı yarımkürələr sevinclə dilləndi: "Nə axmaq hekayədir, özü də biz nə vaxtsa bunu oxumuşuq!"

- Susun, mən məhv oluram! – yarımkürələrə əmr eləyib, gözlərimi açdım. Admiral və Çernomor artıq qarşımda yox idi, cibimdəki saat da yoxa çıxmışdı.

Küçəni keçib, çubuğunu yuxarı qaldıran milis işçisinə yanaşdım.

- İndicə saatımı oğurladılar, - dedim.

- Kim oğurladı? – o soruşdu.

- Bilmirəm, - dedim.

- Onda əlini üz, - milisin cavabı bu oldu.

Bu sözlərdən sonra mən mineral su içmək istədim.

Köşdəki qadından soruşdum

- Mineral su neçəyədir?

- 10 qəpik, - dedi.

Bunu qəsdən soruşdum – tulladığım doqquz qəpiyi boşuna atıb-atmadığımı bilmək üçün. Onun cavabını eşidəndə, haqlı olduğumu bilib, bir az rahatladım.

"Məsələn, deyək ki, milis işçisi. Budu, vətəndaş ona yaxınlaşıb..."

Beyin yarımkürələrim tez soruşdu:

- Həə, noolsun?

- Hə, deyir ki, mənim saatımı oğurlayıblar. Milis işçisi isə tapançasından yapışıb, qışqırır: "Dayan!! Sən oğurlamısan, əclaf ". Fit çalır. Hamı qaçır. Oğru-residivisti tuturlar. Atışma düşür. Kimsə yıxılır.

"Vəssalam?" – istidən başımda şişmiş yarımkürələr soruşdular.

"Vəssalam".

"Əla, lap dahiyanə, - yarımkürələr gülüb, saat kimi vurmağa başladılar, - amma bu hekayəni qəbul eləməyəcəklər, çünki burda ideologiya yoxdur. Bütün bunlar - qışqırmaq, tapançaya əl atmaq, fit çalmaq və qaçmağı köhnə rejimdən qalma girdovoy da bacarardı. Nes-pa (Elə deyil? (fr.)), yoldaş Benvenutto Çellini".
İş burasındadır ki, mənim təxəllüsüm - Benvenutto Çellinidir. Mən bu təxəllüsü beş gün əvvəl, elə belə bürkülü günlərin birində tapmışam. Bu təxəllüs nədənsə redaksiyadakı bütün kassirlərin xoşuna gəlmişdi. Hamısı tez avans kitabçasında soyadımın yanına "Benvenutto Çellini" yazdılar. Məsələn, B.Çelliniyə beş çervon.

Ya da belə: 2579 nömrəli yükdaşıyan. Bir nəfər içində “Saxarotrest”in vacib sənədləri olan çantasını unudur. Vicdanlı yükdaşıyan çantanı tapıb “Saxarotrest”ə aparır, şəkər sənayesi inkişaf eləyir, yükdaşıyanı isə mükafatlandırırlar.

"Biz o yükdaşıyanı unutmamışıq, - iltihablamış beyin yarımkürələrim əsəbi halda dedilər, - Marksın «Niva» jurnalına əlavələrdən. Beş dəfə də orda-burda rats gəlmişik ona. Sadəcə, o vaxt çantasını itirən adam “Saxarotrest”də yox, Daxili İşlər Nazirliyində işləyirdi. Sus! Bu da redaksiya. Görək indi onlara nə deyəcəksən. Hanı hekayə?.."

Mən köhnə pillələri qalxaraq, şən halda redaksiyaya girdim və oxumağa başladım:

Mən Senyanın xətrinə
Kərpiclərin xətrinə
Sevdim kərpic zavodun!


Redaksiyada darısqal otaqdakı bürküdən rəngi göyərmiş redaktor, katib və daha iki nəfər kim olduğu bəlli olmayan avara vardı. Taxta pəncərədən kassirin burnu otağa elə uzanırdı ki, elə bil bura zooloji bağ idi.

- Kərpiclər öz yerində, - redaktor dedi, - bəs söz verdiyiniz hekayə hanı?

- Siz bir qroteskə baxın, - mən sevinə-sevinə gülümsədim, - indicə küçədə saatımı oğurladılar.

Hamı susdu.

- Siz bu gün mənə pul verəcəyinizi söz vermişdiniz, - dedim və bu vaxt güzgüyə nəzər salanda, özümün tramvay altında qalmış itə oxşadığımı gördüm.

- Pul yoxdu, - redaktor soyuq-soyuq dedi, amma hamının üzünə baxanda başa düşdüm ki, pul var.

- Hekayənin planı artıq hazırdır. Siz də dəhşətsiniz ee, - mən hündürdən dedim, - həftənin birinci günü, saat ikinin yarısında hekayəni gətirəcəm.

- Hekayənin planı necədi?

- Hm... Deməli, bir evdə rahib yaşayır...

Hamı maraqlandı. Redaksiyadakı avaralar başlarını qaldırdılar.

- Sonra?

- Sonra o ölür.

- Gülməlidi? – redaktor qaşlarını çataraq, soruşdu.

- Gülməlidi, - mən tamam batmışdım.

- Bizdə gülməli hekayələr çoxdu. Üç nömrənin materialı artıq hazırdı. Sidorov yazıb, - Redaktor dedi. – Nəsə avantürist bir şey verin.

- Eləsi də var, - mən tez dedim, - var, var!

- Süjeti necədi, - redaktor yumşalaraq, soruşdu.

- Hm... Bir kiçik sahibkar Krıma gedir...

- Sonra!

Mən xəstə beynimi elə sıxdım ki, onların şirəsini tamam çıxardım və dedim:

- Yolda quldurlar onun çamodanını oğurlayırlar.

- Neçə sətirdi?

- Üç yüz olar. Bilmirəm, ya bir qədər az olacaq, ya da bir az çox.

- Yaxşı, 20 rubl avans üçün ərizə yazın, Benvenutto, - redaktor dedi, - amma sizdən artıq dərəcədə xahiş eləyirəm, hekayəni gətirin.

Mən oturub, həvəslə ərizə yazmağa başladım. Bu işdə beyin yarımkürələrim iştirak etmirdilər. İndi onlar yığışmış, balacalaşmışdılar, qırışlarını qara yarıqlara çevrilmişdi. Beynim ölmüşdü.

Kassir etiraz elədi. Mən onun quş cükkültüsünə oxşar səsini eşitdim:

- Mən sizin Çinizellinizə heç nə verməyəcəm. O artıq altmış rubl alıb, havaya sovurub.

- Verin, verin, - redaktor əmr elədi.

Kassir bir dənə şax, bir dənə də köhnə, ortası yapışdırılmış onluğu nifrətlə mənə uzatdı.

On dəqiqədən sonra mən Filippov kafesinin həyətində, palmaların altında oturmuşdum. Qabağımda iri bir parçda pivə vardı. "Belə eləyək, - mən pivəyə dedim, - əgər beynim pivədən sonra da özünə gəlməsə, deməli, vəssalam. Beynim ölüb, hekayə yazmaq onu öldürüb, o daha heç vaxt dirilməyəcək. Əgər belə olsa, mən bu iyirmi manatı qurtarandan sonra öləcəyəm. Qoy görüm, ölünü qəbirdən çıxarıb, avansı necə geri alırlar". Bu fikir məni güldürdü, mən bir qurtum aldım. Sonra bir qurtum da aldım. Üçüncü qurtumda birdən gicgahlarımın vurduğunu, damarlarımın şişdiyini, beyin sümüklərimin arasında büzülmüş qırışların açıldığını hiss elədim.

- Sağsınız? - soruşdum.

"Sağıq", - onlar pıçıltı ilə dilləndilər.

- Onda, başlayın, hekayəni uydurmağa!

Bu vaxt əlində qatlama bıçaq satan bir axsaq mənə yaxınlaşdı. Ondan rubl yarıma bir bıçaq aldım. Sonra bir kar mənə yaxınlaşıb, sarı zərfin içində mənə iki açıqça verdi. Açıqçaların üstündə bunlar yazılmışdı:

"Vətəndaşlar, kar adama kömək eləyin".

Açıqçalardan birində qarın ortasında ucalan şam ağacı, o birisində isə üzərinə zər səpilmiş yekəqulaq dovşan şəkli vardı. Dovşan mənim çox xoşuma gəldi, ona diqqətlə baxmağa başladım və hiss elədim ki, damarlarımda pivəli, köpüklü qan var gücü ilə dövr eləyir. Pəncərələrdən alov yağır, asfalt əriyib gedirdi. Kar adam kafenin girişində dayanıb, əsəbi halda axsağa deyirdi:

- Bıçağını da götür, əkil burdan. Sənin nə ixtiyarın var, mənim kafemdə alver eləyirsən? Əkil öz "Eldorado"na!

- Belə deyək, - mən üzüm alışıb yana-yana düşündüm, - küçədən səs-küy ucalırdı, bir motosikl də bulbul səsi çıxara-çıxara sürətlə ötüb keçdi. Deməli, güzgülü şüşələri olan avtobusda sarı rəngdə, bərk-bərk bağlanmış tabut aparırlar!..

- "Hə, yaxşı başladı, - özlərinə gəlmiş beyin yarımkürəciklərim dedi, - yenə pivə istə, karandaşını yon və davam elə... İlhama gəl, ilhama gəl".

Bir neçə dəqiqədən sonra Şubert-Tauzinqin estradadan ucalan hərbi marşının, boşqabların, gümüşlərin cingiltisi altında ilham təşrif buyurdu.

Mən "İllüstrasiya" üçün hekayə yazırdım, beyin yarımkürələrim isə hərbi marşa həmahəng olaraq, oxuyurdular:

Nədi, əziz cənab?
Gəldimi ilhamımız?
Siz necə bilirsiniz?!


Bürküdü! Göydən od yağır!

1926
XS
SM
MD
LG