Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:35

«Sosial mediada fəal gənclər hədəfdədir»


Zaur Qurbanlı
Zaur Qurbanlı
-


HRW-un Azərbaycana dair hesabatının Azərbaycan dilinə qeyri-rəsmi tərcüməsinin tam mətni burada.



««Yeməyin duzunu az elə, ana,
Onsuz da göz yaşların hər aldığım qaşıqda yayılır cana».

Mən bu şeiri kompüterdə yığdım və «Facebook»da partlayış yaratdı. Çox adam bunu bəyəndi və paylaşdı».

Bu misraları NİDA Vətəndaş Hərəkatından Zaur Qurbanlı yazır – anasına həbsxanadan göndərdiyi şeirdə. Şeiri «Facebook» sosial şəbəkəsində xeyli fəal olan anası Səkinə Qurbanova deyir ki, oğlu ilə son dəfə ötən həftə görüşüb. Dediyinə görə, Zaurun ayaqlarında ağrılar var və o, sentyabrın 2-də həkim müayinəsindən keçməlidir.

Zaur hazırda həbsdə olan 7 NİDA-çıdan biridir. «Human Rights Watch» beynəlxalq insan hüquqları təşkilatı gənclərin, NİDA-çılar da daxil, hökumətin xüsusi təqibinə məruz qaldığını bildirir. «Azərbaycanda Vintbərkitmə Dövrü: Vətəndaş Cəmiyyəti və Müxaliflərə Qarşı Hücumlar» adlanan hesabatda yazılıb ki, Azərbaycan hökuməti ölkədəki müxalifləri susdurmaq üçün məqsədli şəkildə pis niyyətli bir siyasət yürüdür.

VIDEO: HRW Avropa və Aziya bölməsinin direktor müavini Rachel Denberin müsahibəsi (ingilis dilində)



Qurumun qənaətincə, hökumətin apardığı bu siyasət ölkədə siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, hökumətin tənqidçilərini susdurmağa və qeyri-hökumət təşkilatları üzərində nəzarəti daha da gücləndirməyə yönəlib. Ölkədə sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları hüquqlarının boğulması prezident seçkiləri öncəsi daha intensiv xarakter alıb. Son ilyarımda sözügedən azadlıqların durumu kəskin şəkildə pisləşib.

HƏR ŞEY «ƏRƏB BAHARI»NDAN SONRA BAŞLADI

HRW-nin Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia AzadlıqRadiosuna müsahibəsində deyir ki, hücumlar 2011-ci ilin «Ərəb baharı»ndan sonra başlanıb, çünki hakimiyyət gənclərin və sosial medianın gücünü anlayıb. «Eurovision» mahnı müsabiqəsindən sonra hücumlar daha da artıb:
Giorgi Gogia
Giorgi Gogia

«Artan təkcə həbsə atılanların sayı deyil. Keyfiyyət dəyişikliklərini görürük. İfadə azadlığı, sərbəst toplaşma, birləşmə azadlıqları məhdudlaşdırılır».

O, diqqəti mülki cəmiyyət üçün mühitin ağırlaşdırılmasına yönəldir və razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələrin artırılmasını, diffamasiyaya görə cəzanın onlayn kontentə də aid edilməsini, QHT-lərə dair qanunvericiliyin sərtləşdirilməsini və s.-i buna misal göstərir.

Gogia prezident seçkiləri yaxınlaşdıqca, basqıların artdığını söyləsə də, təzyiq kampaniyasının təkcə bundan irəli gəlmədiyini, gənclərin, xüsusən sosial mediada fəal, sosial şəbəkələrdə izləyiciləri çox olan gənclərin hədəfə alındığını vurğulayır. Onun dediyinə görə, hakimiyyət ölkədə tənqidi səsləri susdurmaqla ictimaiyyətə gedən informasiyanı cilovlaya biləcəyini düşünür. Gogia bildirir ki, adamların azad şəkildə toplaşması, fikirlərini sərbəst ifadə edə bilməsi istənilən seçkiöncəsi mühitin əsas elementləridir:

«Hücumların miqyasını nəzərə alsaq, seçkilərin hüquqiliyi şübhə altına alına bilər. Seçkilərin azad və ədalətli keçirilməsi üçün hakimiyyət dərhal tədbirlər görməlidir».

Gogia vurğulayır ki, rəsmilər fəalların söz və ya hərəkətinə görə həbs olunmadığını desələr də, həbslərin, istintaqın aparıldığı şəraitə baxanda, bu ittihamların siyasi motivli olması qənaəti ortaya çıxır.

«NƏ OLSUN İSLAMÇILARDIR»

Parlamentin İnsan hüquqları komitəsinin üzvü İlyas İsmayılov həbslərlə bağlı istintaq getdiyindən ətraflı danışmağın tərəfdarı olmadığını deyir.
Çingiz Qənizadə
Çingiz Qənizadə
Ancaq o, beynəlxalq təşkilatların hesabatlarının daha çox hakimiyyətə təzyiq niyyəti güddüyünü, «Human Rights Watch»u isə qərəzli sayır:

«Niyə Misir hadisələri ilə bağlı səslərini qaldırmırlar? Dövlət çevrilişi olub, xalqın seçdiyi prezident həbsdədir. Etiraz edənləri də öldürürlər, nə olsun islamçılardır? Qoy beynəlxalq təşkilat buna münasibət göstərsin, biz də nümunə götürək».

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə beynəlxalq hüquq-müdafiə təşkilatlarının hansısa qurumların diktəsi ilə oturub-durduğunu, həqiqəti söyləmədiyini düşünür. O, insan haqlarının durumu baxımından Azərbaycanı Qırğızıstan, Tacikistan, Belarusla müqayisə etməyin düzgün olmadığını deyir:

«Bunların hamısı, məncə, Azərbaycana qısqanclıqdan irəli gəlir. Bir milyona yaxın qaçqın və məcburi köçkünümüzlə bağlı məsələdə obyektiv mövqe göstərməyən təşkilatın digər məsələlərə münasibəti obyektiv ola bilməz».

«NORD OST», BESLAN MÜQAYİSƏSİ

Deputat QHT-lərlə bağlı qanun dəyişikliklərinin heç bir məhdudlaşdırmaya xidmət etmədiyini bildirir:

«Bu cür beynəlxalq təşkilatlar bilsələr ki, layihələri, ayırdıqları pullar çirkin məqsədlərə xərclənəcək, təbii ki, narahat olacaqlar. «Nord Ost», Beslan hadisələrində məlum oldu ki, cinayətkar dəstələri maliyyələşdirən ərəb ölkələrindən hansısa islamçı təşkilatlardır. Onlar QHT-lər vasitəsilə terrorçu təşkilatlara yetərincə maliyyə yardımı ayırıblar. Azərbaycanda da Beslan olaylarına bənzər hadisənin baş verməsini istəyirikmi?».

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
AŞIĞIN SÖZÜ QURTARANDA

Burası da var ki, əksər müşahidəçilər və hüquq müdafiəçiləri «Human Rights Watch»un hesabatının ölkədəki durumu real əks etdirdiyini düşünür. Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin fikrincə, seçkiöncəsi ictimai-siyasi fəallığı azaltmaq, müxalifəti dəstəkləyən şəxslərin qorxudulması hakimiyyətin özünümüdafiə taktikasıdır. Bu tip hesabatların təzyiq vasitəsi olmasına gəlincə, hüquqşünas bütün bunları ölkənin beynəlxalq qurumlar qarşısında öhdəliklərinə əməl etməməsinin nəticəsi sayır, yəni təzyiqlərə görə elə hakimiyyəti günahkar bilir:

«Aşığın sözü qurtaranda «neynim-neynim» deyər. Hakimiyyət hansı beynəlxalq imicdən danışır? 20 ildə bir dəfə də olsun obyektiv və ədalətli seçki keçirməmisən, bütün dünyanı özünə düşmən etmisən. Başqa hansı normal reaksiyanı gözləmək olardı?».

«Human Rights Watch» hakimiyyətə tövsiyələrində siyasi motivlərlə tutulanların azad olunmasını, ifadə azadlığının tam təmin edilməsini, jurnalistlərə təzyiq və zorakılıqlara görə cəzasızlığa son qoyulmasını, dinc aksiyalara icazə verilməsini istəyir. Ölkənin beynəlxalq tərəfdaşlarına da tövsiyə olunur ki, hökumətlə təmaslarda bu məsələlərdən narahatlığı dilə gətirsinlər.
XS
SM
MD
LG