Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39

AzadlıqRadiosunun prezidenti Xədicə İsmayılovaya qarşı hücumların dayandırılmasına çağırır


Xədicə İsmayılova
Xədicə İsmayılova
-
«ABŞ-ın Bakıdakı səfirliyi jurnalist Xədicə İsmayılovaya qarşı hücumları tənqid edən bəyanat yayandan sonra jurnalistin şərəf və ləyaqətinə yönəlmiş hücumlar daha da artıb».

Bu haqda Azad Avropa və AzadlıqRadiosu Korporasiyasının avqustun 30-da yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur:

Hakim ailənin sərvətini üzə çıxaran araşdırmaları ilə tanınan Xədicə İsmayılova avqustun 26-da hakim Yeni Azərbaycan Partiyasına yaxın «Səs» qəzetinin veb-saytında təhqiramiz məqalənin hədəfi olub.

Bu məqalədən sonra ABŞ səfirliyi bəyanatla çıxış edərək Xədicə İsmayılovaya qarşı qarayaxma və hədə-qorxu kampaniyasına etirazını bildirmişdi. Azərbaycan rəsmilərini milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq təhqiqat aparmağa çağırmışdı.

«Xədicənin erməni anası ölsün» adlı həmin məqalədə İsmayılovaya qara yaxılaraq onun qohumları «erməni» adlandırılır. Anasının Bakıda yaşadığı ünvan göstərilir. Məqalədə Xədicə İsmayılovanın bacısının adı çəkilir, onun guya Türkiyədə qadın alveri ilə məşğul olduğu, özünün isə pornoqrafik filmlərə çəkildiyi iddia olunur.

Bəzi azərbaycanlılar üçün erməni milliyyətinə mənsubluq vətənə xəyanət kimi qəbul olunur.

Lakin ABŞ səfirliyinin bəyanatından sonra avqustun 29-da «Səs» Xədicə İsmayılovaya hücumları genişləndirərək kinayəsini indi də ABŞ-a ünvanlayıb.

«ABŞ Xədicəyə görə nə etməlidir?» adlı məqalədə ABŞ-ın Fələstində, Misirdə və Suriyada guya qadınlara və uşaqlara qarşı törətdiyi əməllərinə toxunulur. Belə qənaətə gəlinir: «Xədicəni götürün, ancaq bizim qadınlara toxunmayın, onsuz da o, ermənidir».

«Səs» qəzeti Xədicə İsmayılovaya olan hücumların səbəbini gizlətməyərək yazır:

«Villaları bəzi rəsmilərlə əlaqələndirən qadın bilməlidir ki, başqa ailələri təhqir edən özünə qarşı yönələn tənqidə dözümlü olmalıdır».

Azad Avropa və AzadlıqRadiosunun hazırkı prezidenti və icraçı direktoru Kevin Klose «Səs» qəzetinin Xədicə İsmayılovaya və onun ailəsinə qarşı hücumlarını şər və saxta adlandırır. Bu yazının zorakılığa təhrik kimi təhlükəli olduğunu deyir.

«Mən Azərbaycan hakimiyyətini iyrənc qarayaxma kampaniyasına son qoymağa və burda əli olanları cəzalandırmağa çağırıram» – deyə Klose bildirib.
XS
SM
MD
LG