Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

Seçkiyə 2 ay qalsa da, suallar azalmayıb


-
Avqustun 5-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar hökuməti xalqın iradəsini göstərəcək azad və ədalətli seçki keçirməyə çağırıb.

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar MSK-nın səsvermə günü pozuntu hallarının məhdudlaşdırılmasını hədəfləyən maarifləndirmə fəaliyyətindən razılığını bildirir:

Richard Morningstar
Richard Morningstar
“Bununla belə, azad və ədalətli seçkilər, sadəcə, seçki günü baş verənlərlə məhdudlaşmır. Qərəzsiz seçkiöncəsi mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün partiya və maraqlı qrupların KİV-ə bərabər çıxışına, hər hansı müdaxilə olmadan ölkənin hər yerində seçki kampaniyası aparılmasına və aramsız partiya görüşlərinin keçirilməsi azadlığına təminat verməlidir. Bura gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında bildirməsi, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan ictimai tribunadan yararlanmasına imkan verən sağlam dialoq mühitinin yaradılması da daxildir”.

Səfir İlqar MəmmədovunTofiq Yaqublunun, eləcə də gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə proseslərini sürətləndirməyə, şəffaf və ədalətli qərar çıxarmağa çağırır.

Richard Morningstar seçkilərin monitorinqinin aparılması üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə şifahi vədi də xatırladaraq, seçki fəaliyyətinin izlənməsinə şərait yaradılmasını arzulayır:

“Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və ölkənin hər yerində seçki fəaliyyətini sərbəst şəkildə və qanunauyğun formada izləməyə icazə verməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə, Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir”.

SENTYABRIN 16-DAN OKTYABRIN 8-DƏK SEÇKİQABAĞI TƏŞVİQAT OLACAQ

Mərkəzi Seçki Komissiyasının binası
Mərkəzi Seçki Komissiyasının binası

Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək.

Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır.

Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur.

Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.

​Təqvim planına görə, MSK oktyabrın 19-dək seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə verir. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan etməlidir. Seçilmiş prezident 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.

MSK: “ÖLKƏDƏ SEÇKİ ÜÇÜN DEMOKRATİK ŞƏRAİT VAR”

Bu günlərdə MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirib ki, dairə seçki komissiyaları yüksək standartlara cavab verən texniki baza ilə təchiz edilib. Onun fikrincə, ölkədə seçki üçün demokratik şərait var:

​“Avropa seçki rəsmiləri rəhbərlərinin assosiasiyası var. Mən bu günlərdə illik hesabat yığıncağından qayıtmışam. Orada da Azərbaycandakı vəziyyət çox yüksək qiymətləndirilib”.

EKSPERTLƏR: “DEMOKRATİK ŞƏRAİT? BİZ ONU GÖRMÜRÜK”

Zəfər Quliyev
Zəfər Quliyev
Politoloq Zəfər Quliyevin fikrincə, bu gün demokratik seçki şəraitindən danışmaq mümkün deyil:

“Ona görə ki, seçkiyə 2 ay qalıb, lakin biz görürük ki, nə namizədlər bərabər şəkildə seçkiyə qoşulub, nə də seçki kampaniyasını aparmağa şərait yaradılıb. Bütün sahələrdə basqılar da davam edir”.

Ekspert Hüseynbala Səlimov da əvvəlki illərlə müqayisədə indi müəyyən geriləmələrin olduğunu düşünür:

“Artıq Avropa Parlament Assambleyası qərar verdi ki, Azərbaycana seçki müşahidəçiləri göndərməyəcək. Bundan başqa ATƏT-in Bakıdakı Ofisinin missiyası dəyişdirildi. Düzdür, bu missiyanın dəyişdirilməsi məsələsi 2014-cü ildən qüvvəyə minəcək, amma güman edirəm ki, bu məsələ ATƏT-in Azərbaycandakı seçkini müşahidəsinə müəyyən qədər təsir edəcək. Kompleks şəkildə götürəndə, hələlik, seçkidə imkanlar balansı daha çox hakimiyyətin tərəfindədir. Müxalifət də bu seçkinin əvvəlki dövrlərdən fərqlənməsi üçün ciddi bir iş görə bilməyib. Əksinə, özünü müəyyən mənada siyasi bir dalana dirəyib. İndi də bu dalandan çıxmağa cəhd edir”.

Ekspertlər seçki kampaniyası başlayandan sonra cəmiyyətdə fəallığın artacağını da gözləyirlər.

Azərbaycanda bundan əvvəlki prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçirilib. Rəsmi məlumata görə, seçkinin qalibi 88,73 faiz səslə İlham Əliyev olub.
XS
SM
MD
LG