Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

Tamilla Nağıyeva: «Hələ ki, Rüstəm İbrahimbəyovun tərəziyə qoymağa bir şeyi yoxdur»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Qarşıdakı prezident seçkisində Milli Şura xarici imicmeykerlerdən istifadə etməyi planlaşdırır. Şuranın icra aparatının rəhbəri Eldar Namazov mətbuat konfransında belə deyib. Onun bildirdiyinə görə, ABŞ və Rusiyadan mütəxəssislər dəvət edəcəklər. Bəs niyə yerli mütəxəssislərdən yox? Xarici imicmeykerlər yerli özəllik və incəlikləri nəzərə ala biləcəklərmi?

Polittexnoloq Tamilla Nağıyeva deyir ki, əvvəla, Azərbaycanda imicmeyker yox səviyyəsindədir; ali məktəblər belə mütəxəssis hazırlamır, xaricdə bu yöndə təhsil alanlara da rast gəlməyib. Buna görə də siyasətçilər xaricdən mütəxəssis dəvət edirlər. Tamilla Nağıyevanın dediyinə görə, Azərbaycanda ilk dəfə Heydər Əliyev imicmeykerlə çalışıb və bu zaman Rusiyadan mütəxəssis qrupu çağırıb.

- Rusiyadan polittexnoloqlar çağırdılar. Birinci seçkilər zamanı (1993-cü ildə – red.) buna ehtiyac görmədilər. Amma ikinci dəfə (1998-ci ildə – red.) dünya baxırdı və normal, demokratik seçkilər keçirilməliydi. Onda baxdılar ki, belə bir xidmətə ehtiyac var. Ona görə Rusiyanın nüfuzlu polittexnoloqunu çağırdılar, imicmeyker də o qrupun içində idi.

- Onlar nəyi dəyişdilər?

- Xarici görünüşdə heç nə dəyişdirilmədi. Komanda işləməliydi. Heydər Əliyevə çox əziyyət vermək istəmirdilər, rayonları gəzməsini istəmirdilər. Komanda, partiyanın üzvləri hər yerdə işləyirdilər. Amma polittexnoloqlar dedilər ki, əziyyətli olsa da, mütləq gəzməli, xalqın qarşısında çıxış etməli, görüşlər keçirməlisiniz. Bax, bunu etdilər. Seçkini də uddular. İmicmeyker ümumi PR texnologiyalardan ayrılmır. Buna kompleks baxılır. İmic siyasi texnologiyaların bir hissəsidir. Təkcə geyimlə, oturub-durmaqla məsələ həll olunmur. Bizdə, əfsuslar olsun ki, imicmeykerlər yoxdur. Ona görə məcbur qalıb xaricdən gətirirlər. Xaricdən gətirilən imicmeykersə bu məsələləri bir günün içində həll etməyəcək. Yəqin ki, namizədi, Azərbaycanı, sosial, psixoloji, siyasi durumu öyrənəcək, ondan sonra kömək etməyə razılıq verəcək. Namizəd onlara yaxındırsa, inam varsa, prosesə qoşulacaqlar. Rüstəm İbrahimbəyovdan danışırıqsa, onun Rusiyada yaxınları və bu cür mütəxəssis dostları, yəqin, çoxdur. İnanmıram, onlar Azərbaycanı, seçkiləri öyrənmədən bu işdən yapışsınlar. Bizdənsə məsləhətçilər işə qoşula bilər, amma kampaniyanı sıfırdan başlayıb axıradək yükünü çəkəcək mütəxəssislər yoxdur.

- Siz özünüz vaxtilə imicmeyker kimi fəaliyyət göstərirdiniz. Yanılmıramsa, son illər namizədlərlə işləmirsiniz...

- Prezident seçkilərində mənə ehtiyac yoxdur, çünki namizədlərin sayı azdır. İndi iki əsas namizəd var. Mənə elə gəlir, o iki namizəd də azərbaycanlı mütəxəssislərə üz tutmayacaq. Milli Məclis seçkilərindəsə məndən yardım istəyənlərə bacardığım qədər kömək edirəm. Amma biləndə ki, bizim zəhmətimizdən asılı olmadan, bu adam 100 faiz seçilməyəcək, o işdən yapışmıram.

- Prezidentliyə iki namizəd – İlham Əliyev və Rüstəm İbrahimbəyov sizə üz tutsalar, konkret hansı tövsiyəni verərdiniz?

- Zənnimcə, Azərbaycanda gözəl xarici siyasət aparılır, amma daxili siyasət bir az zəifdir. Ölkə daxilində verilən vədlər və konkret olaraq görülən işlər daha effektiv olmalıdır. Azərbaycan əhalisi biz istədiyimiz səviyyədə yaşamayanda xarici uğurlar da gözə görünmür. Mən namizəd olsaydım, çalışardım insanları inandırım və o vədləri yerinə yetirim. Xalqın rifahı yüksəlməlidir! Daxili iqtisadi siyasəti düzəltməlidirlər.

- Seçkilərə bir neçə ay qalır... Bu, nə dərəcədə mümkündür?

- Bir az maaş qalxacaq, bir az pensiya qaldırılacaq. Populyar aksiyalarla camaatı şirnikləndirəcəklər. Güc qurumlarını da stimullaşdıracaqlar. Təbii ki, bunu inzibati resursu olan namizəd edəcək. İbrahimbəyovun isə buna imkanı yoxdur.

- Rüstəm İbrahimbəyova namizəd kimi, daha çox rusdilli olması, ölkədə daimi yaşamaması, mühiti bilməməsi ilə bağlı iradlar tutulur. Siz necə düşünsürsünüz?

- Bizim indiki prezidentimiz də rusdilli idi. Rusiyada yaşayır, orada işləyirdi. Bunun mətləbə dəxli yoxdur. Azərbaycanlı hər yerdə azərbaycanlıdır. Rüstəm İbrahimbəyov da intellektual səviyyəli adamdır, mühitdən ayrılmayıb. İndiki prezident də həmin yolu keçib. Ona həmin iradı tutmursunuz, axı...

- Onda belə anlamaq olar ki, polittexnoloqlar İbrahimbəyovun şansını yüksək qiymətləndirir...

- Yüksək qiymətləndirmir. Amma seçkidə mütləq alternativ olmalıdır. Biri var deyəsən ki, onsuz da seçiləcək, mən getmirəm seçkiyə, özləri özlərini seçəcəklər... Biri də var ki, alternativ var deyə, elə düşüncələr dağılır, vətəndaş fəallığı artır. Amma hələ ki, Rüstəm İbrahimbəyovun tərəziyə qoymağa bir şeyi yoxdur. Düzdür, o, bütün hallarda alternativdir, nüfuzlu şəxsdir, səs yığacaq. Nə qədər səs yığacağını təhlillərdən sonra demək olar.

- İlham Əliyevlə bağlı nə demək istəyirsiniz?

- Komandaya qarşı sərt olmalıdır, komanda onu tormozlayır.
XS
SM
MD
LG