Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:47

Məhbus fəal İlkin Rüstəmzadə sanitar hissəyə yerləşdirilib


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-

«Azad Gənclik» Təşkilatının üzvü İlkin Rüstəmzadə iyulun 8-də saxlandığı Bakı İstintaq Təcridxanasının sanitar hissəsinə yerləşdirilib. Bu haqda AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov deyib. Onun sözlərinə görə, hələ bir ay qabaq İlkin Rüstəmzadənin belində ağrılar olub, müayinə zamanı belindəki yaranın iltihaba məruz qaldığı aşkarlanıb. Məhbus fəalın əməliyyat olunacağı gözlənir:

«Belindəki yaranın şişməsi və çirk etməsinə görə son günlər hərarəti yüksək olub. Ona bu müddətdə qızdırmanı salmaq üçün dərmanlar verilib. Bazar günü kamerada tək qalan İlkin Rüstəmzadə ağrılara dözməyib belindəki yaranı deşməyə başlayıb, vəziyyəti bir az da kəskinləşib. Bazar ertəsi mən ona baş çəkdim və hay-küy qaldırdıqdan sonra onun sanitar hissəyə yerləşdirilməsinə nail oldum. Əməliyyat olunacaq xəstənin hələ də kamerada saxlanması rəzalətdir. Bunun başqa adı yoxdur».

Vəkilin sözlərinə görə, İlkin Rüstəmzadənin nə zaman əməliyyat olunacağı bilinmir.

Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, təqsirləndirilən şəxslərin və məhkumların müalicəsini Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi həyata keçirir:

«İdarənin yüksəkixtisaslı kadrları və tibbi avadanlıqları var. Eyni zamanda, qanun təqsirləndirilən şəxslərin ödənişli tibb ocaqlarından mütəxəssis dəvət etməsinə və istintaq təcridxanasının həkimləri ilə birgə müalicə aparmasına imkan verir. O ki qaldı, İlkin Rüstəmzadənin vəziyyətinə, bu haqda Tibb Baş İdarəsi daha dolğun məlumat verə bilər».

Nazirliyin Tibb Baş İdarəsindən bildirildi ki, rəis və müavini indilik yerində yoxdur, ona görə də İlkin Rüstəmzadə haqda az sonra məlumat verə biləcəklər.

İlkin Rüstəmzadə bu ilin mayında saxlanılıb. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.
XS
SM
MD
LG