Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Saatlı xəstəxanasında ölən qadının yaxınlarının həkimdən şikayəti...


-

Gülbikə nənə
Gülbikə nənə
«Qızım öləndə iki körpə uşağını mənə tapşırdı. Onları balamın əmanəti kimi saxlayıb böyütdüm, hər ikisini oxutdum. Arzu məktəbi qurtarandan sonra il yarım müəllim işlədi, gəlin köçürdüm. Onu xəstəxanada pula görə öldürdülər. İndi körpə balası ağlar qalıb...».

Saatlı rayonunun Qaralar kəndində yaşayan 86 yaşlı Gülbikə nənənin 6 aydır ki, gözünün yaşı qurumaq bilmir. Sinəsinə övlad dağı çəkilən anaya, nəvəsi Arzu Səfərovanın da gənc yaşında ölməyi ikiqat dərd olub. Ailə bu ölümə görə Saatlı rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin sabiq müdirini günahkar hesab edir.

UŞAQ DOĞULMAMIŞ MUŞTULUQ İSTƏNİLİB?

Mərhum Arzunun analığı Rəna Səfərova:

«Həmin gün onda narahatlıq var idi, küt ağrılar hiss edirdi. Amma hələ doğuş vaxtına vardı. Biz onu müayinədən keçməsi, həkimdən məsləhət alması üçün xəstəxanaya aparmışdıq. Yoldaşı Ramal, qardaşı Rəfael, bir də uşağı ilə birgə getdik. Çatan kimi doğum şöbəsinin müdiri Arzu Əsədovaya zəng etdik. Gələn kimi mənə heç bir söz demədən onu saldı bir otağa, düz 4 saat bizi qapı arxasında saxladı».

Mərhum Arzu Səfərova
Mərhum Arzu Səfərova
Bu müddətdə Arzu Səfərovanın atası, qohumlarının bəziləri xəstəxanaya gəlib. Onlar bayırda gözlədiklərindən doğum şöbəsində baş verənlərdən xəbərləri olmayıb. Mərhumun qardaşı Rəfael deyir ki, doğum şöbəsinin işçilərindən biri bayıra çıxaraq, onlara uşağın doğulmaqda olduğunu bildirib və muştuluq istəyib. Lakin doğuş baş tutmayıb, həkimlər nə 27 yaşlı Arzunu, nə də onun bətnindəki uşağı xilas edə biliblər.

«KÖMƏYƏ BAŞQA HƏKİMLƏR GƏLƏNDƏ GEC İDİ»

Rəna Səfərova bildirir ki, o, içəri buraxılanda hamilə qadının vəziyyəti kritik həddə çatıbmış:

«Onu halsız vəziyyətdə görüb, Arzu həkimə dedim ki, kömək üçün başqa həkim çağır. Dedi, Sabirabaddan olan həkimə zəng etmişəm, hələ gəlib çıxmayıb. Amma görünür ona gec deyib. Heç olmasa bizə vaxtında desəydi, özümüz həkim tapardıq. Ona ilk yardıma gələn reanimasiya şöbəsinin müdiri Aqil Ağakişiyev oldu. Aqil həkim gələndə qadın artıq can üstə idi. Başqa həkimlər də gəlib baxdı, hamısı başlarını bulayıb dedi ki, gecdir, qız artıq əldən gedib...».

«PROKURORLUQ İSTİNTAQ BARƏDƏ HEÇ BIR MƏLUMAT VERMİR»

Saatlı rayon prokurorluğu
Saatlı rayon prokurorluğu
Baş verən hadisə ilə bağlı fevralın 22-də Saatlı rayon prokurorluğu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə iş açıb. Zərərçəkmiş ailənin müdafiəçi qismində istintaq işinə cəlb etdiyi Güloğlan Hüseynov Saatlı rayon prokurorluğundan heç bir zəruri məlumat ala bilmədiklərini deyir:

«Hadisə yanvarın 6-da baş versə də, cinayət işinə fevralın 22-də başlanılıb. Ötən 4 ay ərzində istintaqın hansı hərəkətlər etməsi bizə məlum deyil. İndiyədək keçirilən ekspertizalarla tanış edilməmişik. Amma Arzu Əsədovaya bu imkan yaradılıb, hətta onun şikayəti əsasında təkrar ekspertiza təyin olunub. Bizə şifahi olaraq bildirilib ki, Baş Prokurorluq tərəfindən istintaq müddəti iki ay artırılıb. Lakin qərarın surəti təqdim edilmədiyindən bilmirik ki, bu, hansı zərurətdən irəli gəlib».

Mərhumun atası Maarif Səfərov istintaqın süni surətdə uzadıldığını iddia edir:

«Prezidentə, baş prokurora dəfələrlə müraciət etmişik. Daha bilmirik dərdimizi kimə deyək...».

ZİDDİYYƏTLİ QƏRARLAR

Səfərovlar ailəsinin şikayəti əsasında ölümün baş vermə səbəblərini araşdıran Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası müəyyən edib ki, doğum şöbəsində tibbi yardımın göstərilməsində mama-ginekoloq Arzu Əsədova nöqsanlara yol verib. Onun məhz bu nöqsanlara görə tutduğu vəzifədən azad edildiyi bildirilib. Lakin Saatlı Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzinin verdiyi əmrdə Arzu Əsədovanın öz ərizəsi əsasında işdən azad olunduğu göstərilib.

Doğum şöbəsi
Doğum şöbəsi
Səhiyyə Nazirliyinin araşdırma sənədlərində, məhkəmə-tibbi ekspertizasının ilkin rəyində ölümün baş verməsində həkim səhvinin də olduğu göstərilsə də, prokurorluq bir müddət cinayət işini başlamaqda tərəddüd edib. Bu müddətdə Səfərovlar ailəsi dəfələrlə Baş Prokurorluğa birbaşa və yazılı müraciət edib.

Saatlı rayon xəstəxanasında, bundan 3 il əvvəl də doğuş zamanı hamilə qadının ölümü halı qeydə alınıb. Onda – «doğuşdan sonra baş verən potologiyaya qarşı tədbirlər işini vaxtında təşkil etmədiyinə görə» xəstəxana rəhbərliyi Arzu Əsədovanı doğum şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırıb. Lakin sonuncunun qaldırdığı iddia əsasında həmin əmri Saatlı Rayon Məhkəməsi ləğv edib. Bu işə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. Saatlı rayon mərkəzi xəstəxanasının tibbi şurası hamilə qadının həkim səhvindən ölməsi rəyinə gəlsə də, rayon prokurorluğu cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edib.

«BU İŞLƏ BAĞLI BƏLKƏ ON DƏFƏ İSTİNTAQA İFADƏ VERMİŞƏM»

Hazırda Saatlı şəhər poliklinikasında həkim işləyən Arzu Əsədova isə adaşının ölümündə özünü təqsirkar hesab etmir:

«Mən onun həyatını xilas etmək üçün bütün qüvvəmi sərf etmişəm. Allah ona rəhmət eləsin. Amma doğuş zamanı ölübsə, o demək deyil ki, bu, həkim səhvindən olub. Bu işlə bağlı bəlkə on dəfə istintaqa ifadə vermişəm».

PROKURORLUQ NÜMAYƏNDƏSİ DANIŞIR, AMMA HEÇ NƏ DEMİR...

Saatlı rayon prokurorunun köməkçisi Hüseyn Hüseynov zərərçəkən tərəfin məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tanış ola bilməmələri ilə bağlı narazılığını əsassız hesab edir:

«Biz Cinayət-Prossessual Məcəlləsində nəzərdə tutulanlara uyğun hərəkət edirik, ondan kənara çıxa bilmərik. Zərərçəkən tərəfin nümayəndələri demək olar ki, iki gündən bir həm prokurorun, həm də mənim yanımda olur. Nələri demək, göstərmək, izah etmək olar, bunları edirik.

«İstintaq sirri» deyilən bir şey var, biz hər bir məlumatı verə bilmərik».

«İstintaq başa çatıb, yoxsa davam edir, davam edirsə nə vaxt bitəcək?» sualına cavabda prokurorluq işçisi dedi: «Buna cavab verməyə də mənim ixtiyarım yoxdur».

STATİSTİKA VƏ REALLIQ

Bu ilin 5 ayı ərzində Azərbaycanda doğuş zamanı rəsmən 10 ana ölümü qeydə alınıb. Bu hadisələrin hər biri zamanı ana bətnində olan körpələr də ölüb. Bəzi müstəqil ekspertlər bu rəqəmlərin reallığı əks etdirmədiyini bildirir. Bundan əlavə, ölkənin bəzi yerlərində hələ də qadınların evdə uşaq dünyaya gətirməsi hallarına rast gəlinir. Bu zaman baş verən ölümlər Səhiyyə Nazirliyi tərəfindən qeydə alınmır.
XS
SM
MD
LG