Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

"Uşağı Cırtdanla aldatmaq olmur. Yeni qəhrəmanlar yaranmalıdır" (Debat)


Şrek
Şrek
-
Şahnaz Bəylərqızı, Namiq Hüseynli

Elxan Rzayev:

- Mən Qəşəm müəllimə qulaq asdım, onun mövqeyini başa düşmədim. AYB Azərbaycan hökumətinin ədəbiyyat sahəsində siyasətini müəyyən edən bir qurumdur, bəlkə də baş qurumdur. Belə bir qurumun şöbə müdiri “olmalıdır, getməlidir, yazmalıdır” deyəndə mənə qəribə gəlir.

Qəşəm Nəcəfzadə:

- Sən Kitab Klubunun rəhbəri kimi öz işindən danışmalısan. Mən də deyə bilərəm ki, sənin kitabxananda nələr çatmır...


Azadlıq Radiosunun “Pen klub” proqramında uşaq ədəbiyyatının durumu ilə bağlı “Altun” Kitab Nəşriyyatının direktoru Rafiq İsmayılov, uşaq yazarı Reyhan Yusifqızı, Kitab Klubunun rəhbəri Elxan Rzayev, Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə və tənqidçi Nərgiz Cabbarlı qatıldılar.

“AZƏRBAYCANDA UŞAQ ƏDƏBİYYATI ZƏİF İNKİŞAF EDİB”
Şahnaz Bəylərqızı:
- Azərbaycanda uşaqlar üçün kitab seçimi kasaddır. Xüsusən də yeniyetmələr üçün. Niyə belə?
Rafiq İsmayılov:
- Sözün açığı, Azərbaycanda uşaq yazarları bəlkə də məni qınayarlar desəm ki, uşaq ədəbiyyatı çox zəif inkişaf edib. Müasir uşaq yazıçılarının əsərləri yararlı deyil. Düzdür, bir neçə uşaq yazarı var, məsələn, Reyhan Yusifqızının əsərləri, onun elmi-fantastik povesti “Yaşılgözlü qız”ın qəhrəmanı Lemi Şrek kimi, Hörümçəkadam kimi bizim uşaqlara artıq tanışdır. Amma ümumən götürəndə müasir Azərbaycan uşaq ədəbiyyatında uğurlu nümunə çox azdır. Ola bilsin öz dövründə Abdulla Şaiq, Sabir və başqaları yazıblar. Onların da bir çoxunun leksikası indiki uşağa düz gəlmir. Mən bir dəfə Hüseyn Cavidin “Məktəbli qız” şeirini adaptasiya etdim, tənqid hədəfinə çevrildim, uğurlu alınmadı görünür. Orda Anadolu türkcəsindən gəlmə sözləri öz türkcəmizə çevirdim, tənqid edildim, bəlkə də düz etdilər. Öz yazıçılarımızı adaptasiya etməyə bizdə bir qədər qısqanc yanaşırlar. Hərçənd ingilislər buna gedirlər. Şekspiri uşaqlara orijinalda vermir, onu adaptasiya edirlər. Adam istəyir ki, bizim uşaq da öz ədəbiyyatına alışsın. Ancaq dili, mətni olduğu kimi saxlayanda uşaq çətinliklə oxuyur. Məsələn, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nı götürək, o qədər orda yad ifadələr, arxaizmlər, dialekt sözlər var. Uşaq bir cümlədə iki tanış olmayan sözə rast gələndə və bu tez-tez təkrarlananda əsər ona yadlaşır.

Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə
“XX əsrin əvvəlində tülkü necəydisə, XXI əsrin əvvəlində də tülkü elə o tülküdür”
Qəşəm Nəcəfzadə:
- Burda bir problem var, biz uşaq ədəbiyyatını uşaq yerinə qoyuruq. Bugünkü uşaq ədəbiyyatının iki problemi var. Biri çap, poliqrafiya, yayım işləridir. Biri də uşaq yazıçısının yaradıcılıq problemi. Bugünkü ədəbiyyatımıza baxıram, bizim obrazlar inkişaf etmir. XX əsrin əvvəlində tülkü necəydisə, XXI əsrin əvvəlində də tülkü elə o tülküdür, canavar da onu kimi. Şeirdə inkişaf olmalıdır, sərbəst uşaq şeiri olmalıdır, modern uşaq şeiri olmalıdır. Elə tülküylə, dovşanla, Çırtdanla oynamalıyıq? Uşaq şeirinə sosial problemlər qatılmalıdır. Uşaq ədəbiyyatına qeyri-hökumət təşkilatları yardım etməlidirlər. Və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə olar uşaq kitabıyla da məşğul olsun, nə olar o tikilən məktəblərdə partaların üstünə bir uşaq kitabı qoysun, nə olar uşaq ədəbiyyatıyla bağlı müsabiqə keçirsin? Azərbaycan Uşaq Təşkilatı var idi, o bir iş görməliydi.
Ş.Bəylərqızı:
- Yazıçılar Birliyi bu yöndə hansı işi görür?
Q.Nəcəfzadə:
- AYB-nin uşaq ədəbiyyatı müsabiqəsi var. Azadlıq Radiosunu alqışlayıram ki, ədəbiyyat müsabiqəsi keçirir, nə olar biri də uşaq ədəbiyyatına aid olsun. Televiziyalarda verilişlər olsun. Hanı Azərbaycan televiziyasının “Savalan baba”sı, hanı Zahid Xəlilin apardığı “Çıraq” verilişi, hanı Mikayıl Rzaquluzadənin “Kitab evi” verilişi? Uşaqlar bu saat modern, vuran-tutan obrazları sevirlər. Biz müasir düşüncənin nağıllarını uşaqlara yedirtməliyik.
“Şrek, Hörümçəkadam, Harri Poter səviyyəli qəhrəmanlar yarada bilməmişik”
R.İsmayılov:
- Bizdə bütün uşaqların xoşuna gələcək, qəhrəmanına çevriləcək obrazlarımız - qəhrəmanlarımız yoxdur. Cırtdan o səviyyəyə çatmayıb. Şrek, Hörümçəkadam, Harri Poter bu səviyyəli qəhrəmanlar yarada bilməmişik. Hər xalq da bunu yarada bilmir.
Türklərin Kəloğlanı artıq nağıl qəhrəmanı Avropada da məşhurlaşıb. Qəhrəmanlar ədəbiyyatı yaradır.
Tənqidçi Nərgiz Cabbarlı
Tənqidçi Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı:
- Mən bir müddət “Beşik” nəşriyyatında işləmişəm. Biz müəlliflərə yüksək qonorar verməyə hazırıydıq, amma normal uşaq nağılı, şeiri ortaya çıxara bilmirdik. Məcbur olurduq sovet dövründə yazılmış uşaq mətnlərini götürüb üzərində işləyirdik. Azərbaycanda uşaq ədəbiyyatı var, inkişaf edir deyən özü də bilir ki, belə deyil. Uşaq ədəbiyyatıyla məşğul olanlar var, amma ortaya qoyulacaq, fəxr ediləcək heç nə yoxdur. Uşaq üçün kitab yazmaq daha çətindir nəinki böyüklər üçün. Düzdür, uşaq kitabı ilk növbədə vizual baxımdan cəlb etməlidir. Amma mətn zəif olandan sonra bunun da effekti olmayacaq. Heyf ki, Azərbaycanda uşaq ədəbiyyatına dövlət qayğısı artırılsa da, özəl nəşriyyatlar buna diqqət ayırsalar da nəticə yoxdur. Yeni qəhrəmanlar yaranmalıdır. Uşağı Cırtdanla aldatmaq olmur. Yeni surətlər təqdim olunmalıdır. Açığı, cavanlar arasında istedadlı yazıçı tapmaq çətindir, elə adamlar dərsliklərə düşür ki, ədəbiyyatdan xəbəri yoxdur.
“Ay savaşçılar”ına baxan uşaqlar bugünkü Yaponiyanı yaratdılar...”
Reyhan Yusifqızı:
Uşaq yazarı Reyhan Yusifqızı və “Altun” Kitab Nəşriyyatının direktoru Rafiq İsmayılov
Uşaq yazarı Reyhan Yusifqızı və “Altun” Kitab Nəşriyyatının direktoru Rafiq İsmayılov
- Mən yazar kimi öz adımdan danışa bilərəm. Mən özüm də valideyn kimi bu problemlə rastlaşmışam. Əvvəla, uşaq kitabları tapmaq əziyyətiydi, ikincisi də keyfiyyəti nə uşağı, nə məni qane edirdi. Uşaq nağılları cəmiyyətin göstəricisidir. Yəni Disney Amerika cəmiyyətində yarana bilərdi. Və ya “Ay savaşçıları”nı ancaq yaponlar yaza bilərdi. “Ay savaşçılar”ına baxan uşaqlar bugünkü Yaponiyanı yaratdılar... Nəsə, uşaqlara oxumağa hekayə tapmayanda özüm yazmağa başladım. Sonra da onu kitab şəklində buraxdıq. Nərgiz xanım düz deyir, indiki uşaqları Cırtdanla aldatmaq olmaz. İnternet dövrüdür, müxtəlif cizgi filmləri, filmlər var və onların bəyənəcəyi əsər yazmaq lazımdır. “Yaşılgözlü qız” elmi-fantastik povestimi yazdım. Əsər Türkiyədə üçüncü yer tutdu. Azərbaycanda bu əsər dərsliyə də salınıb. Amma uşaqlardan bununla bağlı məktub almışam. Uşaqlar ideyalar da verirlər, tənqid də edirlər. Bizim uşaqlarımız yaxşı əsərlər istəyirlər.
Q.Nəcəfzadə:
- Nərgiz xanım sovet pedaqoqu kimi danışdı, quru didaktikadır, onu bəyənmədik, bunu bəyənmədik. O ardıcıl şəkildə uşaq ədəbiyyatını izləməyib. Azərbaycanda tənqid yoxdur. Tərif var, kitablara ön söz yazmaq var və s... Mən bilmirəm axı Nərgiz xanım kimləri axtarıb, o Reyhan xanımı axtarıbmı, Aygün Bünyadzadəni, Əfsanə Laçını tapıbmı? Uşaq nəyi sevir, biz onu dəqiq bilmirik. Bayaq müəllim dedi ki, kitablar illüstrasiyalı olmalıdır. Bəzən uşaq küçədə axsaq pişiyi tutmaq istəyir, qırılmış budağı götürür. Bunu necə izah edək? Kitabları illüstrasiya ilə bəzəmək fikriylə o qədər də razılaşa bilmirəm. Azərbaycanda uşaq ədəbiyyatının normal olması üçün uşağın özü olmalıdır. Bizim dərsliklər nə gündədir? Yəhya Seyidov dərslik yazırdı, gecə mənə zəng vurub ki, mənə ana haqqında şeir lazımdı, gör hardan tapırsan. Və ya biri küçədə rast gələndə deyir ki, dərslik yazıram, pişik haqda şeir lazımdır, tapa bilərsən? Belə ədəbiyyatmı yaranır? Ədəbiyyat dərslikləri AYB ilə Təhsil Nazirliyi birgə hazırlamalıdır. Həvəskar müəlliflər ora qatılmamalıdır.
Elxan Rzayev: “Bu təkliflər Qəşəm müəllimdən, onun şöbəsindən, son nəticədə Yazıçılar Birliyindən hökumətə getməlidir”
Elxan Rzayev
Elxan Rzayev
Elxan Rzayev:
- Qəşəm müəllim səhv etmirəmsə, AYB-nin uşaq ədəbiyyatı şöbəsinin müdiridir. Mən ona qulaq asdım, onun mövqeyini başa düşmədim. AYB Azərbaycan hökumətinin ədəbiyyat sahəsində siyasətini müəyyən edən bir qurumdur, bəlkə də baş qurumdur. Belə bir qurumun şöbə müdiri “olmalıdır, getməlidir, yazmalıdır” deyəndə mənə qəribə gəlir. Bu təkliflər Qəşəm müəllimdən, onun şöbəsindən, son nəticədə Yazıçılar Birliyindən hökumətə getməlidir. Hökumət hansı problemlərin olduğunu, buna nə qədər vaxt, vəsait ayırmalı olduğunu bilməlidir. Azadlıq Radiosu Azərbaycan Respublikasının problemlərini həll etmək üçün yaradılmayıb. Ona görə deyirəm ki, mən Qəşəm müəllimin mövqeyini başa düşmədim. Mən Qəşəm müəllimlə saatlarla söhbət edərəm, amma belə verilişdə bizim diskussiyamıza ehtiyac yoxdur.
Q.Nəcəfzadə:
- Sən Kitab Klubunun rəhbəri kimi öz işindən danışmalısan. Mən də deyə bilərəm ki, sənin kitabxananda nələr çatmır. Yazıçılar Birliyi qeyri-hökumət təşkilatıdır. Orda olduğum 10 ildə bütün problemləri demişəm, istər birliyin məruzəsində, istərsə də müsahibələrimdə.
Ş.Bəylərqızı:
- Qəşəm bəy, AYB adından hökumətə hansısa təkliflər vermisizmi?
Q.Nəcəfzadə:
- Əlbəttə, vermişəm. Təklif vermişdim ki, Azərbaycan uşaq antologiyası yaransın. Sağ olsun ki, Anar dəstək oldu, yaxınlarda çıxacaq. İlyas Tapdıqdan tutmuş ən gənc yazara, sizin də, o müəllimin, Nərgiz xanımın da tanımadığı Əfsanə Laçına qədər yazıları çap olunur. Kitab köşkləri haqda danışmışam, şəxsi şəkildə demişəm.

TAM İZLƏ
XS
SM
MD
LG