Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

R. İbrahimbəyov: «Heç vaxt vəzifəyə can atmamışam»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
«İlk növbədə vahid namizəd müəyyən olunacaq şəxs əvvəlcədən öz razılığını bildirməlidir. Əgər namizədliyi rəsmi qaydada irəli sürülüb elan olunarsa, həmin şəxs seçkiqabağı kampaniyada iştirak etmək üçün mütləq Azərbaycanda olmalıdır. Bu kampaniyanın aparılmasına başlamaq üçün vahid namizəd müvafiq işlər görməli, o cümlədən Azərbaycanda demokratik dəyişikliklərdə marağı olan beynəlxalq güclərin dəstəyini qazanmaq üçün zəruri fəaliyyət göstərməlidir».

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun şura üzvlərinə müraciətində belə deyilir.

«XALQIN ETİRAZÇI HİSSƏSİNƏ RƏHBƏRLİK»

Müraciətdə daha sonra bildirilir ki, «Milli Şura irəli sürdüyü vahid namizədin Mərkəzi Seçki Komissiyasında əsassız olaraq qeydiyyata alınmaqdan imtina edilməsi ilə bağlı zəruri fəaliyyəti nəzərdə tutmalıdır. Şura mümkün geniş ictimai etirazı dəstəkləməyə hazır olmalıdır. Seçkinin saxtalaşdırılması nəticəsində yaranmış mübahisəli situasiya da xalqın ictimai etirazına səbəb ola bilər. Ona görə də vahid namizəd keçmişdə baş vermiş səhvlərin təkrarlanmaması üçün sonadək xalqın etirazçı hissəsinə rəhbərlik etməyə hazır olmalıdır».

«MİLLİ ŞURANIN SEÇKİSONRASI ADDIMLARI»

Rüstəm İbrahimbəyov bildirir ki, seçkilərdə qələbə çaldığı təqdirdə vahid namizəd öz öhdəliklərini iki ildən çox icra etməməyə razılıq verməlidir. Seçkidən sonrakı ilk aylarda aşağıdakı addımlar gerçəkləşdirilməlidir:

- Demokratik Qüvvələrin Milli Şurasının kadr bazası əsasında müvəqqəti Milli Etimad Hökuməti formalaşdırılır;
- Büdcədən maliyyələşdirilən bütün kütləvi informasiya vasitələri (o cümlədən televiziya və radio) senzuradan azad edilir;
- Özəl televiziya və radio kompaniyalarının yaradılması üçün maneələr aradan qaldırılır;
- Bütün səviyyələrdə müstəqil məhkəmə icraatının yaradılmasının əsası qoyulur;
- 6 ay müddətində indiki parlament buraxılır (prezidentin buna konstitusiya hüququ olmadığı üçün referendum da nəzərə alınmaqla, digər qanuni metodlardan istifadə edilməlidir);
- Hakimiyyətin müxtəlif qolları arasında real balansın təmin olunmasını, dövlət idarəçilik sisteminin islahatını, qarışıq sistem – proporsional-majoritar sistem əsasında keçirilən parlament seçkiləri nəticəsində hökumətin formalaşmasını, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini, şəhər bələdiyyə şuralarının və icra hakimiyyəti başçısının seçkilər yolu ilə müəyyənləşdirilməsini və s. nəzərdə tutan konstitusiya islahatına dair referendum keçirilir;
- Bir il ərzində yeni parlament seçilir və seçkinin nəticələrinə uyğun olaraq ali qanunverici orqan qarşısında hesabatlı olan hökumət formalaşdırılır;
- Parlament seçkilərindən təxminən 3 ay sonra prezident seçkisi elan olunur.

«BAKIYA DÖNMƏZDƏN ƏVVƏL AVROPAYA... SƏFƏR ETMƏK NİYYƏTİNDƏYƏM»

Müraciətdə xarici siyasətdə Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsi və Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasına üstünlük veriləcəyi də vurğulanır.

Rüstəm İbrahimbəyov Bakıya qayıtmağı ilə bağlı bildirir ki, «təəssüf ki, geniş beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı vəziyyətə cəlb etməyin önəminin lazımınca qiymətləndirilməməsi ona gətirib çıxarıb ki, hakimiyyətə lobbilik edən strukturlar xaricdəki bəzi dairələrdə indiki rejimin qondarma müsbət obrazını yarada biliblər. Müxalifətin bu istiqamətdəki aktiv işi situasiyanı əhəmiyyətli dərəcədə dəyişə bilər. Ona görə də mən başlanmış prosesi tamamlamaq üçün Bakıya dönməzdən əvvəl Avropaya və Türkiyəyə səfər etmək niyyətindəyəm».

«MİLLİ ŞURA... MƏNİM NAMİZƏDLİYİM ÜZƏRİNDƏ DAYANARSA»

Rüstəm İbrahimbəyov müraciətdə özünün prezidentliyə namizədlik məsələsinə də toxunur:

«Mən heç vaxt vəzifəyə can atmamışam. Hətta ən yüksək vəzifə olsa belə, heç indi də bunun üçün çalışmıram. Əminəm ki, Milli Şuranın tərkibində müxalifəti seçki kampaniyasında yüksək səviyyədə təmsil edə biləcək layiqli ziyalılar (mən tanınmış siyasi partiya və hərəkat liderlərindən ona görə danışmıram ki, keçid dövrü üçün prezidentliyə namizəd müstəqil şəxs olmalı və bütün siyasi qüvvələrin dəstəyini almalıdır) kifayət qədərdir.

«Öz namizədim var» deyərkən mən məhz bu məqamı nəzərdə tuturdum. Lakin təkrar etməyi vacib bilirəm ki, Milli Şura bütün hallarda mənim namizədliyim üzərində dayanarsa, bu təklifi qəbul edər və qarşıda bizi hansı çətinliklərin gözləməsindən asılı olmayaraq, xalqımız qarşısında öz borcumu yerinə yetirərəm».
XS
SM
MD
LG