Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 20:40

Müşfiqi ittiham edirdilər ki, Lenini Məhəmməd peyğəmbərlə müqayisə edib (Oxu)


Yazıçı və tənqidçilər. Yuxarıda soldan ikinci Məmməd Rahim, soldan üçüncü Mikayıl Müşfiq
Yazıçı və tənqidçilər. Yuxarıda soldan ikinci Məmməd Rahim, soldan üçüncü Mikayıl Müşfiq
-

“Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi”.

“O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd ilə, Budda ilə müqayisə etmişdir”.


“Oxu zalı”nda 1937-ci ilin mətbuatından götürüb çap etdiyimiz bu yazılar kimlərisə gözdən salmağa yönəlməyib, məqsəd, sadəcə, repressiyalar dövrünün ab-havası haqda təəssürat yaratmaqdır. Qoy nəticəni oxucu özü çıxarsın. Məmməd Rahim bu məqaləni Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin həmin il iyunun 4-dəki həbsindən 2 ay sonra yazıb.


Məmməd Rahim


Kontrrevolyusioner, kontrabandçı, oğru…


Ədəbi sahə ideologiya cəbhəsində sınıfi mübarizənin ən kəskin və mürəkkəb sahəsi olduğundan düşmən buraya soxulmağa və öz fikirlərini yürütməyə çalışır.

M.Müşfiq belələrindən biri idi. Zahirən “səmimi”, “məzlum” görünən, əsas mahiyyəti etibarilə isə hiyləkar olan Mikayıl Müşfiq çox zaman ifşa olunmaq ərəfəsində “Sovet əsəri” yazaraq özünü gözdən yayındırmışdır.

Onun zahirən sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsion ruhu ilə dolu olan bir sıra əsərləri vardır. “Səməndər” əsərində revolyusion böyük rus xalqının Azərbaycan xalqına olan yardım əli, onun səadəti, çiçəklənməsi üçün olan köməyi inkar olunmuşdur.

Burada müsavatçıların dediyi od yurdu vardır ki, o özünü yalnız bu od yurdunun “Səməndər”i sayır. Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa çalışmışdır.

Halbu ki gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzü qara olmamışdır. O, əsrlərlə döyüşmüş, üsyan etmiş və nəhayət şanlı, Aprel revolyusiyasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordu.
Məmməd Rahimin Mikayıl Müşfiq haqda məqaləsi
Məmməd Rahimin Mikayıl Müşfiq haqda məqaləsi

Müşfiq ilk qidasını Türkiyənin aristokrat şairi Hamid və kontrrevolyusioner Hüseyn Caviddən almışdır. Onun “Küləklər” kitabçası hər cür meşşan, anarxist və yaramaz qara antisovet kontrrevolyusion fikirlər ilə doludur. O, kitabının düşmən əsəri olduğunu gizlətmək üçün “etiraf” yazdı. Bəzi prinsipsiz, liberal, averbaxçı tənqidçilər bu etirafı həqiqi etiraf kimi qələmə verdilər (Mehdi Hüseyn). Tənqid düşmənin bu pərdələnməsini görmədi, onu yırtmadı.

Mikayıl Müşfiq bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arxasında gizlənməyə çalışırdı.

O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığını satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peyğəmbər Məhəmməd ilə, Budda ilə müqayisə etmişdir. O, dahi Lenin obrazını qəsdən təhrif edir, alçaqcasına öz ideyasını yürüdərək sinfi mübarizəni nifrətlə qarşılayır. İlk baxışda “müsbət” görünən misraların arxasında əsas kontrrevolüsion fikrini yürüdür, düşmən ilə aparılan mübarizədə tökülən qanı qardaş və sevgili qanı adlandırır, Lenini düşmənçiliyi yaratmış kimi göstərir.

Böyük Sovet xalqının və dünya proletariatının ali rəhbərini ancaq türkün dastanında gurladığı üçün qəbul edir.

“Küləklər”də sovet Gürcüstanı “Zagesi”nə qarşı olduqca reaksion kontrrevolüsion fikirlər vardır. O, üzərində “Zages” qurulan Kür çayına müraciət edib kim tərəfindən kilidləndiyini, sinəsinə dağ çəkildiyini soruşur. Tbilisi nura boyayan “Zages”dəki çarxları Kür çayının başına bəla kəsilmiş bir xəncər kimi verir. Kənddə sosializmin simvolu olan traktoru “torpağın köksünü bıçaxlayan”, “ulayan nər”, “təzə cəllad” kimi göstərir. Öz zəhərli müsavatçı nasionalist kisəsini Türkiyənin hər cür reaksion, mühafizəkar, millətçi şairlərindən dolduran bu reaksioner təbiət qoynunda çəkilən dəmir yollarına amansız fikirlər bəsləyir. O, təzə çəkilən dəmir yollarını “Dağların qəddini bükən”, “sinəsinə ayrılıq dağı çəkən” bir amil kimi göstərir. Halbuki tənqid belə vicdansızlığa qarşı öz sözünü deməli, onu bolşevik atəşinə tutmalı idi.

Xalq səadətinə düşmən olan bu əclaf “İnqilab” şeirində proletar revolyusiyasını yandırıb-yaxan bir lava, bir vulkan stixiyası kimi təsvir edir. Əcəba, bu, şanlı Oktyabr revolyusiyasının xüsusiyyətlərini inkar demək deyilmi? Əcəba, bu, əməkçi xalqları səadətə çıxaran işçi, kəndli revolyusiyasına böhtan deyilmi? Əlbəttə, böhtandır, əlbəttə, söz yox ki bu, əməkçi xalqların azadlığını təmin edən işçi revolyusiyasını inkardır.
Bir zamanlar Müşfiq mətbuatda müsbət personaj idi. Dostluq şarjı, 1929-cu il, "Gənc işçi" qəzeti
Bir zamanlar Müşfiq mətbuatda müsbət personaj idi. Dostluq şarjı, 1929-cu il, "Gənc işçi" qəzeti

Müşfiq “Tərtərges nəğmələri” və “Mingəçevir həsrəti” kimi son şeirlərində öz kontrrevolüsion fikirlərini yürütmüşdür. Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi. “Mingəçevir həsrəti”ndə xəstə canımızın asta-asta öldüyündən bəhs edib səfəngiyat söyləyib sovet ordusuna kontrrevolüsion böhtanlar atır. O, Azərbaycanın azadlığını danmaq üçün Mingəçeviri bir vasitə kimi götürürdü. O guya Mingəçeviri həsrətlə gözləyirdi. Halbu ki bu, hiyləkarcasına olan bir metoddur. Şeirdəki ruh isə Azərbaycanın asta-asta öldüyünü iddiadan başqa bir şey deyildir.

Hamid kimi qatı pantürkistin şeirlərindən ilham alan bu düşmən bəxtiyar ölkəsi üçün fədakarlıq göstərən mübariz neft işçilərini “Canavar” obrazı ilə təsvir edir. Onun doğma dilini bir yana qoyaraq ona böhtan atır. İşçini Türkiyə saraylarının dili ilə danışdırır. “Canavar” şeirində Bakı işçisi danışarkən “məqsəd” əvəzinə “maqsad” deyir. O beləliklə öz çirkin hiyləsini yürütmək üçün döyüşcül işçi əvəzinə saxta bir obraz yaradaraq oxuculara təhvil verir. Ümumiyyətlə, dildə osmanizmə orientasiya hiyləkar Müşfiqin apardığı siyasətin bir qolu idi. Pantürkist Müşfiq dildə osmanizmi təbliğ edirdi. O, müstəqil Sovet Azərbaycanının dilini tanımayırdı. O, pantürkist, panislamist bir dil ilə Azərbaycan xalqı dili arasında heç bir fərq görməyirdi. O öz fikirlərini yürütmək üçün “gəliyor”, “gediyor”u rayonlarımızdakı “aleyir”, “gəleyir” ilə qarşılaşdıraraq Sovet Azərbaycanı ilə Türkiyə dili arasında heç bir fərq olmadığını iddia edirdi. Onun dildə pantürkist bir siyasət yürütdüyünü göstərmək üçün leksikonundan gətirəcəyimiz bir neçə misal kifayətdir. O, “vətən” əvəzinə “vatan”, “həftə” əvəzinə “hafta”, “şəfəq” əvəzinə “şafaq” işlədirdi.

Müşfiq dili və şeirlərindəki kontrabanda yolu ilə gətirdiyi fikirləri etibarilə bu günə, proletariata sadiq şair olmamışdır. O, proletar revolyusiyasında əsərləri ilə aktiv iştirak edən Mayakovskiyə nifrət bəslədiyi halda “Mingəçevir həsrəti” və “Şən Tiflis” şeirlərində, onun Sergey Yeseninin ölümünə yazdığı şeirindən açıq-aydın oğurluq etməkdən çəkinməyirdi. Mayakovskinin “Yüz əlli milyon” adlı poemasından açıq oğurluq edərək “Zəfər səsləri”ni yazdığı bir faktdır.
Məmməd Rahim
Məmməd Rahim

Mikayıl Müşfiq şeirləri üçün oğurluq ta ilk günlərdən bu günə kimi xarakterik bir hal olmuşdur. Aleksandr Jarovun “Karl Libknext”, Utkinin “Veter” şeirlərini oğurlayıb “Qonağım” və “Karl Libknext” adı ilə çap etdirən bu şeir oğrusu Vasili Qazinin “Ruçnoy lebed”ini dəxi “Əl ördəyi” deyə vaxtilə təb etdirmişdir. Müşfiq sınıfi qardaşı Çobanzadədən də oğurlayardı. Onun qatı millətçi “şeirlər” kitabından “Bulutlar”ı oğurlayaraq “Küləklər” kitabçasına köçürmüşdür. Nə üçün o belə edirdi? Çünki o, quruluşumuza sadiq deyildi. Ona görə də sovet tematikasından müstəqil olaraq yaza bilməyirdi. Odur ki, o yandan-bu yandan rus, erməni sovet yazıçılarından, Nəsimidən, Məmməd Akifdən, Baba Tahirdən, Hamiddən və başqalarından çırpışdırırdı. O, əclaf ideyası üçün hər cür kontradandçılıqdan istifadə etmişdir. Vaxtı ilə yazdığı kontrrevolüsion “Banditlər” poeması ifşa edilmişdir. O həmən “Banditlər”i “Dağlar macərası” adı ilə yaxınlarda “Ədəbiyyat qəzeti”ndə çap etdirmişdi.

O bu hərəkətləri ilə Azərbaycanın kulturunu, səadətini əlindən almaq, onu eyni kaloniya halına salmaq kimi çirkin bir ideyaya xidmət edirdi. Mikayıl Müşfiq kimi satqınlar sınıfsız dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar.

Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir. Tənqid hər cür ziyanlı əhvali-ruhiyyəyə atəş açmalı, namuslu sovet yazıçılarının yaradıcılığını yüksək səviyyəyə qaldırmalıdır.

“Ədəbiyyat” qəzeti, 21 avqust 1937
Şəkillər "Mikayıl Müşfiq. Seçilmiş əsərləri", (Bakı 2013) kitabından götürülüb.
XS
SM
MD
LG