Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:24

AXCP fəalı Daşqın Məlikovun məhkəməsi təxirə salınıb


-
İstintaq bitdikdən sonra AXCP fəalı Daşqın Məlikovun ilk məhkəməsi keçirilib.
Məhkəmə işinə Sumqayıt şəhər məhkəməsində baxılıb.

Bu barədə AzadlıqRadiosuna Daşqın Məlikovun vəkili Əshabəli Mustafayev məlumat verib.

Vəkil deyir ki, məhkəmədə 3 vəsatət qaldırıblar:

«Daşqını saxlayan şəxslərin onun üzərində axtarış aparmaq səlahiyyətləri yox idi, onlar öz səlahiyyətlərini aşıblar. Buna görə də cinayət işinə xitam verilməsi vəsatətini qaldırdıq. İstintaq başa çatdığından Daşqının istintaqa təsir etmə imkanı yoxdur. Ekspertiza onun qanında narkotik də aşkarlamayıb. Buna görə həbs qərarının dəyişdirilməsini tələb etdik. Daşqının səhhətinin pis olması da qərarın dəyişdirilməsinə əsas verir. Onun azadlıq və toxunulmazlıq hüququ da pozulub. Mayın 25-də Daşqının həbs müddəti bitib. Heç bir qərarla da uzadılmayıb. Onun 10 gündən çox saxlanılması qanunsuzdur. Bunun qanunla tanınmasını istədik. Prokuror vəsatətlərə münasibət bildirməyə hazır olmadığından məhkəmə təxirə salınıb».

Vəkil Daşqın Məlikovun səhhətinin də pis olduğunu deyir:

«Daşqının vəziyyəti pisdir. 2-ci qrup əlildir, üstəlik bronxial asması var. İldə 2 dəfə ciddi müalicə almalıdır».

Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı qurama sayır.
XS
SM
MD
LG