Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Ağsaqqalın kitabla düşmənçiliyi və Baba Vəziroğlunun özünü cəzalandırmağı...


Günel Mövlud
Günel Mövlud
-

Azərbaycan kimi ölkələrdə yaşlı adamların, ağsaqqalların oxumuş gəncə, əlində kitab tutan adama qarşı gizli bir nifrəti, acığı, qəzəbi, kini var...


Günel Mövlud


AĞSAQQALIN KİTABLA DÜŞMƏNÇİLİYİ

və Baba Vəziroğlunun özünü cəzalandırmağı...


Bəşər övladı hələ qasığına heyvan dərisi bürüyüb mağaraya girmək istəyən dinozavrı əllərindəki uzun nizələrlə qovmağa çalışdığı zamanlardan ağsaqqala-ağbirçəyə hörmət eləyib.

O vaxtlar bu hörmətin səbəbi heç də mənəvi dəyərlər, əxlaq-filan kimi insanın sonradan kəşf elədiyi nazlı şeylər deyildi.

Ibtidai ağsaqqala ehtiram göstərmək, onu mağaranın, ocağın baş tərəfində otuzdurmaq, ovun yağlı yerini ona vermək, qəbilənin ən gözəl qızını onun yatağına salmaq - acından ölmək və ya hansısa sarsaq pterodaktilin caynağına keçmək istəməyən ibtidai insanın yeganə yolu idi.

Çünki ömrünün ağlı kəsən hissəsini ov ovlamağa, quş quşlamağa, hər addımda rastlaşa biləcəyi ixtiozavrdan qorunmağa sərf eləmiş ağsaqqal ibtidai insana lazım olan bütün informasiyaları özündə saxlayır və onu sonrakı nəsillərə qram-qram ötürürdü.

Qolunda zoru, dizində qüvvəti, belində təpəri olsa da, hansı quşun, heyvanın hansı səsə gəldiyini, vəhşi heyvanların nələrdən qorxduğunu, mamontu necə ovlamağın lazım olduğunu bilməyən gənc mağara adamı bu şeyləri öz təcrübəsindən bilən yaşlı mağara adamına hörmət göstərməyə borclu idi.

Bəşəriyyət inkişaf elədikcə lazımi bilgilərin mahiyyəti də dəyişdi.

İnsanın özünü doyurmaq və başını salamat saxlamaq dərdindən başqa qayğıları da peyda oldu. Təbiidir ki, bu qayğıların çarəsin tapmaq üçün lazım olan bilgilər yenə də yaşca çox böyük adamlarda olurdu.

Amma zaman dəyişdi.

İnsan övladı bilgiləri maral dərisinə, papirusa, kağıza yazmağa başladı. Yəni bilgi, informasiya əlçatan oldu. İnsanlğın elm, kitab, yazı vasitəsilə bilgiyə, informasiyaya əli çatan hissəsi üçün ağsaqqallıq intitutu öz funksiyasını itirdi. Onlara hörmət, ehtiram isə ancaq yaşlarına, yaşadıqlarına, zəifliklərinə, gücsüzlüklərinə olan mərhəmət səviyyəsində qaldı.
Şerifdən karikatura
Şerifdən karikatura

Azad, demokratik, inkişaf etmiş, sivil cəmiyyətlərdə yaşlılar bu gerçəklə barışıblar. Onlar artıq bilginin, informasiyanın hər gəncin qarşısındakı internetdə, kitabda olduğunu bilirlər. Buna heç bir etirazları yoxdur. O yaşlılar öz həyatlarını yaşayır, səyahətlərini eləyir, maraqlı, bəzən də gülməli təşkilatlar yaradıb, müxtəlif şeylərlə məşğul olur və başlarını qatırlar. Onların gəncliklə problemi yoxdur. Buna görə də sivil cəmiyyətlərdə uşağı, yeniyetməni kitaba, elmə, oxumağa alışdırmaq birmənalı olaraq qəbul olunub.

Təbii ki, söhbət inkişaf eləmiş, normal ölkələrdən, xalqlardan gedir. Daha bizim kimi xalqlardan, bizim günümüzdə olanlardan deyil.

Azərbaycan kimi ölkələrdə yaşlı adamların, ağsaqqalların oxumuş gəncə, əlində kitab tutan adama qarşı gizli bir nifrəti, acığı, qəzəbi, kini var.

Gəncin kitab oxuması onlara sərf eləmir. Çünki informasiyanı kitabdan alan gənc üçün ömründə iki kitab oxumamış ağsaqqalın danışdıqları maraqsız olacaq. Məsləhətləri boş və mənasız görünəcək. Mütəfəkkirlərin, filosofların, alimlərin yazdıqlarını oxuyan cavanlar savadsız, bəsit və ibtidai bilgilərə sahib, çoxu aqrar təfəkkürlü qocaların onlara həyat dərsi keçmə cəhdlərinə güləcəklər.

Əksər müsəlman ölkələrində yaşlıların elmlə, kitabla düşmənçiliyinin səbəbi budur.

Gənci, cavanı bilgisiz, korazehin, avam saxlamaq onlara sərf eləyir. Çünki bilgi kimdədisə güc ondadı. Zaman onundu. Kitab kimin əlindədisə tarix onun əlindədi. Tarixi əlində pulu, silahı olan deyil, əlində kitab olan yazır.

Bir halda ki, söhbəti kitabla bitirirəm, azərbaycan ədəbiyyatında ağsaqqal obazını ən yaxşı işləyən, ağsaqqal kultunu sındıran ən yaxşı hekayələrdən bir neçəsini yazmış Baba Vəziroğlunun adını çəkmək istəyirəm.

Onun «Müsəlman qəbri» hekayəsi isə Azərbaycan xalqının ağsaqqala olan ehtiramının nə qədər saxta, şişirdilmə, üzgörəsi olduğundan bəhs edir.

Baba müəllimin «Yol» adlı seçilmiş hekayələr kitabını oxumağı hamıya məsləhət görürəm.

Baba müəlllim illərdi ki, nəsr, ciddi ədəbiyyat mənasında heç nə yazmır. İstedadını müğənnilər üçün mahnı sözləri yazmağa xərcləyir. Bu təbiidir. İctimai mövqeyi olmayan, illərdir ölkədəki haqsızlıqlara, hətta doğma rayonunun insanlarını polis dəyənəyi ilə üz-üzə qoyanda belə səsini çıxarmayan (yaxud çıxarsa da, əzilənləri sona qədər müdafiə etməyən) yazar ən azı yalan yazmamaqla özünə bəraət qazandıra, yaxşı bacardığı nəsri yazmamaqla özünü cəzalandıra bilər. Bu baxımdan Baba müəllimi alqışlayıram.
XS
SM
MD
LG