Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:37

Rüstəm İbrahimbəyov «Ya Milli Şura, ya da... Milli Şura» deyir


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Ünlü kinodramaturqun siyasi ssenari təklifi, özəlliklə müxalifət partiyalarına müraciəti necə qarşılanır? Həm də Ziyalılar Forumunun təşəbbüskarlarından olan Rüstəm İbrahimbəyov AzadlıqRadiosunun bu və başqa suallarını cavablayır.

«MİLLİ ŞURA ONA GÖRƏ LAZIMDIR Kİ, QARŞIDA SEÇKİLƏR VAR»

– Rüstəm müəllim, yəni Milli Şura «olmazsa olmaz» məsələsidir?

– Milli Şura ona görə lazımdır ki, qarşıda seçkilər var. Xalqımız bu seçkilərin, çox yox, bir balaca şəffaf və ədalətli olmasını istəyirsə, kimsə bu işə əmək sərf etməlidir. Demokratik qüvvələr birləşib bu işlə daha effektli məşğul ola bilər. Birləşmənin də cürbəcür formaları var. Bunun adını Milli Şura da qoymaq olar, demokratik qüvvələrin birliyi də. Azərbaycan Cümhuriyyət yarananda da bu işə Milli Şura başlamışdı. Belə fikrə gəldik ki, bu ad həmin birlik üçün daha uyğun olar. Birinci məqsəd – seçkidir. Seçkidən sonra bir keçid dövrü yaranacaq. Bu keçid müddətində bir proqram hazırlamaq lazımdır ki, gələcəkdə cəmiyyət necə yaşayacaq, necə olacaq? Milli Şura həmin vəzifəni öhdəsinə götürə bilər.

- Son bəyanatınızda Milli Şuranın yaradılması prosesinin sürətləndirilməsini istəmisiniz. Bu çağırışa səbəb nədir, yəni işlər ləng gedir?

- Mən bu ideyanı irəli sürəndən sonra ən tanınmış partiya liderləri işi öz öhdələrinə götürdülər və bu birliyi yaratmağa başladılar. Amma görürəm ki, vaxt getsə də, ortaya bir qərar çıxara bilmirlər. Ona görə məcbur qalıb bu bəyanatla onlara müraciət etdim ki, bu işlər bir az yerindən tərpənsin. Axı bu vaxtadək bir nəticə yoxdur.

- Sizcə, kimlər ləngidir? Yeri gəlmişkən, işlərin sürətləndirilməsini kimlərdən umursunuz?

- «EL» Hərəkatı, Müsavat və Xalq Cəbhəsi partiyaları bir neçə dəfə görüşüblər. Öz aralarında bir neçə yaxşı qərar da qəbul ediblər ki, başqa partiyaları da dəvət eləsinlər, müxtəlif təşkilatları, o sıradan hüquq-müdafiə təşkilatlarını, tanınmış adamları da. Amma hələlik söz olaraq qalıb. Nə real bir siyahı var, nə də təkliflər. Görüşürlər, prinsipləri elan edirlər, amma nəticə yoxdur.

«VAHİD NAMİZƏD MƏSƏLƏSİ İKİNCİ MƏRHƏLƏNİN MƏSƏLƏSİDİR»

- Bu durumda Milli Şura nə vaxt elan olunacaq?

- Bunu hərəkatların, partiya və təşkilatların özləri etməliydi. Mən nə partiya üzvüyəm, nə də hərəkat. O səbəbdən bunu onlardan gözləyirəm. Məncə, belə getsə, bəlkə daha yaxşı olar ki, bir təşkilat komitəsi yaradaq və bu işlə təşkilat komitəsi məşğul olsun. Ümidvardım ki, partiya liderləri oturub bu məsələni, bu problemi qısa müddətdə həll edər, amma bir aya yaxındır ki, söhbətlər getsə də, bir nəticə yoxdur. İş ondadır ki, bunlar bir araya gəlməsələr, cəmiyyətimizə böyük ziyan vuracaqlar. Çünki cəmiyyət bunlardan çox şey umur. Çünki bunlar çox iddialı partiyalardır və birləşməyə meylləri yoxdur. Belə olsa, demək, cəmiyyətimiz hələ o qədər də islahatlara, dəyişikliklərə hazır deyil. Ona görə bəyanatımda yazdım ki, əzizlərim, sizin işinizin nəticəsi əsasında cəmiyyətin vəziyyətinə qiymət vermək olar ki, cəmiyyət nə vəziyyətdədir – islahatlara hazırdır, ya hazır deyil. Mənə elə gəlir ki, buna cürbəcür qüvvələr, cürbəcür səbəblər də mane olur. Məsələ çox şeydən, amma hələlik, 5-6 konkret şəxsiyyətdən asılıdır – İsa Qəmbərdən, Əli Kərimlidən, Eldar Namazovdan, Rəsul Quliyevdən, Lalə Şövkətdən, REAL Hərəkatından, «NİDA» Hərəkatından. Bunların nümayəndələri də iştirak eləməlidir. Oturub yaratmalıdırlar. Biz Ziyalılar Forumunun üzvüyük, biz bu ideyanı dəstəkləyirik. Mən bu ideyanın müəllifiyəm. Amma biz konkret siyasətlə məşğul deyilik. Biz ideyanı vermişik, indi bunlardan gözləyirik ki, bunlar bir hərəkət eləsinlər. Amma görürəm ki, məsələ ləngiyir. Bəlkə məcbur olduq təklif eləyək ki, bir təşkilat komitəsi yaratsınlar. Partiya liderləri yox, başqa adamlar. Məsələn, 10-15 nəfərlik Təşkilat Komitəsi bu işlə məşğul olsun.

- Sadaladığınız adamların birgəliyi mümkündürmü, onları bir yerdə görürsünüz?

Müxalifət liderləri - 2009
Müxalifət liderləri - 2009
- Hamının məqsədi birdir. Seçki hər ölkədə necə keçir, bizdə də heç olmasa, ona oxşayan bir şey olsun. Saxtalaşdırmaq norması bir az azalsın, yalan az olsun. Paralel ekzit-pol yaransın. Bu məqsəd üçün birləşməyə dəyməz? Söhbət partiyaların, hərəkatların birləşməsindən getmir. Onların hərəsinin öz proqramı var. Söhbət seçkidən gedir – seçki keçirmək lazımdır. Seçkidə hamının məqsədi birdir. Vahid namizəd məsələsi ikinci mərhələnin məsələsidir. Əvvəlcə seçkinin təşkili problemlərini həll eləmək lazımdır və buna görə birləşmək lazımdır. Sonra orada yaradılacaq Milli Şura seçki yolu ilə vahid namizədini irəli sürəcək.

- Vahid namizəd məsələsi alınacaqmı? Bu ideyaya inanmayanlar da az deyil, axı...

- Sizə deyim ki, buna mənim də inamım azdır. Amma bu o demək deyil ki, bunu eləmək lazım deyil. İnamımız olsa da, olmasa da hamımız əlimizdən gələni eləməliyik. Bu, borcumuzdur. Görək nə alınır da. İş ondadır ki, bu işləri görmək lazımdır. Hələlik, bir adam görməmişəm desin ki, Milli Şura lazım deyil. Bəziləri deyir ki, lazımdır və yaranacaq. Elələri var deyir, bu liderlərin iddiaları elə böyükdür ki, bunlar heç vaxt birləşməyəcək. Elələri də var deyir, birləşəndən sonra da bunların arasında o qədər dedi-qodu olacaq ki, yekdil bir siyasət apara bilməyəcəklər. Ancaq bunlar da deyirlər ki, lazımdır. Mən də onların hamısı ilə razıyam. Deyirəm ki, əlimizdən gələni eləməliyik, bu, xalqımızın qarşısındakı borcumuzdur. Bunu etməliyik. Amma alındı, ya alınmadı, bu, xalqın hazırlığından asılıdır. Xalq özü hazırdırsa, demokratik qüvvələr birləşəcək. Birləşməsə, demək, xalq, hələlik, hazır deyil.

- Belə fikirlər də səslənir ki, Rüstəm İbrahimbəyov burada olsaydı, birləşmə daha tez baş tutardı...

- Mən təşkilat işləri ilə heç vaxt məşğul olmamışam və olmayacağam da. Bizim Ziyalılar Forumunun başqa bir vəzifəsi və başqa məqsədi var. Biz ictimai rəy yaranmasının bünövrəsini qoymuşuq. Camaatın çoxu gördü ki, danışmaq olar, bu o qədər də qorxulu deyil. Qorxu bir az çəkildi. Biz durumun nə vəziyyətdə olduğunu açıqlayırıq. Bu yaxınlarda bəyanatımız olub. Məsləhət görürük ki, belə bir şura yaransın, amma özümüz ictimai şuranı yaratmayacağıq. Çünki bu, bizim işimiz deyil. Bunu bu işlərlə məşğul olan adamlar, siyasətçilər etməlidir. Əks-halda, biz Ziyalılar Forumu olmarıq, müxalifət olarıq. Biz lap əvvəldən demişik ki, bu, bizim işimiz deyil. Bu işlərlə məşğul olmayacağıq. Biz belə qərara gəldik ki, bu, lazımdır, elan elədik, hamıya müraciət elədik. Hamı ilə zəngləşdik, dedik ki, əzizlərim, indi siz bunu eləməlisiniz. Dedilər, mütləq, dəstəkləyirik, lazımdır. Amma real bir şey eləmirlər.

«MƏNƏ DESƏYDİLƏR Kİ, AY RÜSTƏM, BU MİLLİ ŞURA YARANDI, GƏL...»

- Rüstəm müəllim, neçə müddətdir Bakıda deyilsiniz. Ölkədəki vəziyyət kənardan necə görünür?

Bakıda aksiya - 26 yanvar 2013
Bakıda aksiya - 26 yanvar 2013
- Vəziyyət çox pisdir. Ofşor məsələsi var, 130-170 ölkədən lap yüksək vəzifəli adamların, siyasətçilərin gizli hesabları açılıb. Prezidentin də adını çəkirlər və hesabları olduğunu bildirirlər. Ofşorda hesab açmaq cinayət deyil. Cinayət bu sərvətlərin necə, hansı üsullarla, hansı mənbələrdən toplanmasında gizlənə bilər. Bunları açıb deyəndən sonra işin içində cinayət yoxdursa, hər adamın hüququ var ki, hesab açsın. Bunu biz Azərbaycanda görmədik. Bunu görmürüksə, deyə bilərik ki, biz demokratik hökumət deyilik. Çünki qanun qarşısında hamımız bərabərik və hamımız qanuna tabe olmalıyıq. Tabelik yoxdursa, deməli, biz demokratik ölkə deyilik. Axır vaxtlar siyasi repressiyalar qat-qat artıb. Günahsız-səbəbsiz adamları, xüsusən gəncləri həbs edirlər. Nə var-nə var, bunlar fikirlərini söyləyiblər, mitinqlərə gediblər. Problem Qarabağ problemidir, veteranların taleyidir ki, hökumət onlara kömək etmir, qaçqınlar qalıb belə. Pullar yeyilir, korrupsiya artır. Vəziyyət çox gərgindir. Camaat çox narazıdır. Orda-burda bu narazılıqların nəticələrini görürük. Çıxışlar, nümayişlər, tətillər olur. Mənə elə gəlir ki, iqtidar yaxın müddətdə siyasətini dəyişdirməsə, qaldırdığımız məsələlərə cavab verməsə, oturub dialoqa başlamasa, camaat qalxacaq. Camaat qalxanda da çox pis vəziyyət yaranacaq, xaos olacaq. Biz bunu artıq görmüşük, nəticələrini də bilirik. Ona görə də iqtidar siyasətini dəyişdirməlidir. Cəmiyyətlə dialoqa başlamalı, islahatlar keçirməlidir. Korrupsiyanın səviyyəsi azaldılmalıdır. Çünki bizdə korrupsiya günü-gündən artır, bu barədə danışanları da tutub həbs edirlər. Vəziyyət belə davam etsə, hər şey xaos və inqilabla qurtaracaq və bu hökumət dağılacaq. Bu da çox pis şeydir. Yenə də 30-40 il geriyə düşəcəyik. Bir neçə ildir deyirik, amma fikir verən yoxdur.

- Ölkəyə qayıtmağı nə vaxt planlaşdırırsınız? Belə fikirlər var ki, siz gəlməkdən çəkinirsiniz?

- Məni bir dəfə aeroportda iki saat saxladılar. İnformasiya gəldi ki, gələn dəfə tutacağıq səni. Bu hökumət... hər şey eləyə bilər. Öldürə bilər, onu da bacarırlar. Bilirik ki, neçə adam öldürülüb. Əllərindən hər şey gələ bilər. Sərhəddə iki saat saxladıqları kimi, iki gün də saxlayar və sonra deyərlər ki, buraxmırıq səni. Bizim ittifaqın günahsız işçilərinə cinayət işi açıblar. Mənim orda olmağım bir şeyə kömək eləsəydi, mənə desəydilər ki, ay Rüstəm, bu Milli Şura yarandı, gəl, bu Milli Şuranın işində iştirak elə, mən gələrəm. Amma Milli Şura olmaya-olmaya mən özüm onu yaratmayacağam. Çünki bu, mənim prinsipial mövqeyimdir. Çünki bunu partiya liderləri eləməlidirlər. Milli Şuranı yaratsalar, məni dəvət eləsələr, mən də gələrəm.
Bakıda Ziyalılar Forumunun mətbuat konfransı - 2011
Bakıda Ziyalılar Forumunun mətbuat konfransı - 2011

- Milli Şuranın sədri kimi gələrsiniz?

- Xeyr, xeyr, elə sıravi iştirakçısı kimi. Mənim heç nəyə iddiam yoxdur. Nə Milli Şuranın sədri olmaq, nə prezidentliyə namizəd olmaq. Belə iddialarım yoxdur, olmayıb, olmayacaq da. Mənim gözəl peşəm var, öz işlərimlə məşğulam. İndi mən burada iki filmi işləyirəm, o üzdən vaxtım çox azdır. Amma daha görsəm ki, bu lazımdır, mənim doğrudan da xeyrim ola bilər, onda gələrəm.

«RUSİYANIN ÇOX GÖRKƏMLİ SİYASƏT TEXNOLOQLARI OTURUB AZƏRBAYCANDA...»

- Moskva sizin üçün təhlükəsizdir?

- Moskva elə təhlükəlidir ki. Moskva da təhlükəlidir. Mənim üçün özümü ən rahat hiss etdiyim yer ABŞ-dır. Orada mənim üçün təhlükəsizlik qarantiyası var. Rusiya isə yox. Rusiyada bunların imkanları çoxdur. Mənim mühafizəçilərim var. Hər gün küçəyə çıxanda, ora-bura baxıb gözləyirəm başıma nə gətirəcəklər.

- Onda Amerikaya getmək də ağlınızda var?

- İndi əsas işlərim burada – Rusiyadadır. Bunları həll edəndən sonra, adətən, noyabrda oraya 3-4 aylıq gedirəm. Çünki ABŞ-da akademiyanın üzvüyəm. Akademiyanın işində iştirak etməliyəm, filmlərə baxmalıyam. Noyabrdan təxminən fevrala, martadək orada oluram. Amma ondan qabaq ora getmirəm. Əsas işlər burada - Moskvadadır. Ancaq bura çox təhlükəli yerdir.

- Belə fikirlər də var ki, Rüstəm İbrahimbəyovun Milli Şura ideyası Rusiyadan gəlir...

- Rusiyanın bizdən beşbetər bir hökuməti var. Korrupsiyadır, filandır – bunların səviyyəsi bizimkindən də bəlkə artıqdır. Azərbaycanın prezidenti onları çox qane edir. Bir yerdə öz siyasətlərini yürüdürlər. Onların nə işinə qalıb ki, Azərbaycanda demokratiya olsun. Azərbaycanda demokratiya Rusiyaya lazımdır? Rusiyanın başqa məqsədləri var. Rusiya istəyir ki, Azərbaycan-Ermənistan münaqişəsi uzansın, açar Rusiyanın əlində qalsın. Rusiyanın siyasəti sovet vaxtından yaranıb, hamıya da aydındır. Bu şayiələri yayan iqtidardır, iqtidara işləyən siyasətçilər, partiyalar, iqtidara işləyən mediadır. Çünki istəyirlər bu ideyanı xalqın gözündən salsınlar. Mənə elə gəlir ki, Amerika istəyir ki, Azərbaycanda
İlham Əliyev və Vladimir Putin - 2006
İlham Əliyev və Vladimir Putin - 2006
doğrudan da, başqa yerlərdə olduğu kimi, demokratik islahatlar aparılsın. Amma hər şey bizim öz əlimizdədir. Biz özümüz hərəkət eləməsək, heç kəs bu işə qarışmayacaq, kömək etməyəcək. Deyə bilərəm ki, Rusiyanın çox görkəmli siyasət texnoloqları oturub Azərbaycanda iqtidara kömək edir. Yalandan deyirlər ki, guya Rusiyadan narazıdırlar. Elə deyil, araları çox sazdır. Hər iki-üç aydan buraya (Moskva nəzərdə tutulur –K.D.) gəlirlər, çamadanla pul gətirib paylayırlar. Bunlar da çox razıdırlar onlardan. Bürokratiyanı deyirəm, administrasiyanı. Ona görə, bu axmaq söhbətlərdir, məqsədləri də aydındır ki, ara vursunlar, demokratik qüvvələr birləşməsin.

««MİLYARDERLƏR KLUBU»... PREZİDENTİN QOHUMLARIDIR...»

– Bir şey də var. Bu «Milyarderlər Klubu» ki, deyirlər, Azərbaycanla bağlı barmaqlarını da tərpətməz. Bunlar hamısı prezidentə yaxın adamlardır, prezidentin qohumlarıdır, prezidentlə birgə işlər aparan adamlardır. Abbas Abbasov doğrudan da Rusiyada çox hörmətli adamdır. Bizim diaspor çox çətin vəziyyətdədir. Başqa diasporlara baxanda, çox çətin vəziyyətdədir, çünki birləşməyib. Bu yaxınlarda Tverdə böyük bir tədbir keçirilib. Bizim orda olan bütün milli təşkilatlarımız da qatılıb. Bu işə Abbas Abbasovun yaratdığı SOAR kömək edib. Mən də ordayam, Vahid Ələkbərov da. Azərbaycanda buna Milyarderlər Klubu deyirlər, amma hamımız milyarder deyilik. Bunların işləri budur, Azərbaycanda bunların nə işi var? O söz-söhbət hökumətin işləridir. Bütün təbliğat aparatı bu işləri görür. Təəccüblənirəm ki, azad mətbuat da etiraz bildirməkdənsə, çox həvəslə bu şayiələri təkrar və çap eləyir. Elə bil, mətbuat orqanlarının heç bir mövqeyi yoxdur. Kim nə deyir, onu çap edirlər.

- Adamları bu da maraqlandırır ki, yetərincə imkanlı və şan-şöhrətli Rüstəm İbrahimbəyov niyə birdən-birə müxalifətlə yaxınlaşdı və sərt çıxışlar etməyə başladı?

- Mən müxalifətə yaxın deyiləm. Bu çağacan mən nə İsa Qəmbərlə, nə də Əli Kərimli ilə görüşmüşəm. 15-20 il öncə vəziyyətləri çətin olanda – Vəzirovun, Mütəllibovun vaxtında – onlara əlimdən gələn köməyi edirdim. Bunlar məlumdur. Mən heç vaxt iqtidara yaxın olmamışam. Bunlar hamısı mifdir, uydurmadır. Həmişə öz fikirlərimi, öz mövqeyimi yaradıcılığımda bildirmişəm. Bakı barədə fikirlərimə görə, 6-7 il bundan qabaq üstümə düşmüşdülər. O vaxtdan hökumət mənimlə mübarizəyə başlayıb. Mən də yavaş-yavaş bunlara cavab verməyə məcbur qalmışam. Nə vaxt belə fəaliyyətə başladığımı Cəmil Həsənlidən soruşsunlar. Yenə deyirəm ki, mən siyasətçi deyiləm. Yığdım dostlarımı başıma, dedim ki, əlimizdən gələni eləməliyik ki, Azərbaycanda ictimai rəy yaransın, vətəndaş cəmiyyətinin təməli qoyulsun. İndi əlimizdən gələni eləyirik də. Mənə elə gəlir ki, bu da bizim böyük uğurumuzdur. Mən müxalifətçi deyiləm, olmamışam, sovet vaxtı da olmamışam. Kommunist də olmamışam. Əsərlərimdə də, bir dəfə də olsun, kommunistləri tərifləməmişəm.
İlham Əliyev
İlham Əliyev
1972-ci ildə «Ultimatum» adlı pyes yazmışam. Sovet dönəmində bizim cümhuriyyətdən, demokratik respublikadan birinci dəfə pozitiv danışmışam və bir ildən sonra tamaşanı bağlayıblar. Davranışıma təəccüblənənlərin, məni bağışlayın, savadları, məlumatları azdır, çox şeyləri bilmirlər. Cəmil Həsənli, Ramiz Abutalıbov kimi adamlara üz tutsalar, onlar mənim haqqımda gerçəyi anladarlar.

- Deyilənə görə, sizin prezident İlham Əliyevlə yaxşı münasibətləriniz olub. Necə oldu ki, münasibətlər pozuldu?

- Prezident İlham Əliyevlə mənim çox gözəl münasibətlərim olub. Çünki hələ prezident olmaya-olmaya bizə çox kömək edib. Bir-iki dəfə müraciət eləmişik, ittifaqımıza köməyi dəyib. Bizim teatrı açmaq üçün kömək eləyib. Çətin vəziyyətlərdə əl uzadıb bizə. Mən onu dəfələrlə demişəm. 2003-cü ildə seçkidə biz hamımız sevinirdik ki, cavan və mədəni prezidentimiz olacaq. Deyim ki, üç-dörd il işlər pis deyildi. Təxminən 5-ci, 6-cı ildən sonra Azərbaycanda vəziyyət dəyişdi. Korrupsiya sistemləşdirildi və aşağıdan yuxarıyadək bütün ölkəni bürüdü. Mən ona görə dedim ki, bu, başdan-ayağa cinayətkar hökumətdir. Mən bunu deyəndən sonra bunlar mənimlə mübarizəyə başladılar. İttifaqı bağlamaq istədilər, bağlaya bilmədilər. Binadan qovdular, yerləri aldılar. Hökumətdən 1 qəpik də istəməyə-istəməyə, orada gözəl bir festival mərkəzi – Kino Evi yaradacaqdıq. Onu aldılar. Neft Şirkətinin əli ilə bu işi gördülər.

Qəzetlərdə səhərdən-axşamacan mənə böhtan atırlar. Deyirlər ki, mən Kino Evini Fəxri Xiyabanın yanında tikmək istəyirəm. Axı bu, açıq şeydir, o yerlə Fəxri Xiyaban arasında 4 km məsafə var... O boyda yalan deyəndən sonra bunlardan nə gözləmək olar. Hər şeyləri, nəfəsləri yalandır.
XS
SM
MD
LG