Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

"Müsavat hökumətini Mir Cəlal da tənqid edib. Bəs ona niyə söz demirlər?" (Debat)


Proqramın aparıcısı Şahnaz Bəylərqızı və Teyyub Qurban
Proqramın aparıcısı Şahnaz Bəylərqızı və Teyyub Qurban
-

Teyyub Qurban:

- Səməd Vurğundan başqa Müsavatı tənqid edən yazıçı olmayıb? Mir Cəlal Paşayev “Bir gəncin manifesti”ndə yazıb: “Camaat Nikolay boyunduruğundan qurtulub Müsavat boyunduruğuna düşdü. Müsavat nazirləri xalqın fəlakətindən ləzzət alırlar...” Son illər Mir Cəlalın əsərləri çap olunur, bu əsər də içində. Mir Cəlalın haqqında söz deyən var?.. Budur mənim narazılığım. Yazıçıdan yazıçıya fərq qoyulur...



Doğrudanmı, Səməd Vurğun şair dostlarını satıb, yoxsa bu, uydurmadır? Və ümumiyyətlə, 37-ci ilin repressiyalarından sağ çıxan yazarları bu gün mühakimə etmək düzgündürmü?

“Pen klub” proqramındakı debata araşdırmaçı yazarlar Teyyub Qurban, Şəmistan Nəzirli, Bədirxan Əhmədov və şair Rasim Qaraca qatıldılar.


RASİM QARACA: “SƏMƏD VURĞUNLAR ƏYİLƏRƏK AYAQDA QALMAQ YOLUNU TUTUBLAR”

Şahnaz Bəylərqızı:

- Rasim bəy, bir siyasi sistem çöküb, keçmişə qarışıb. Sizcə, ötən əsrin 37-38-ci illərində baş verənləri araşdırmaq, qiymət vermək lazımdırmı?

Rasim Qaraca:

- Bu mövzunu gündəmdə saxlamaq, davam etdirmək şübhəsiz lazımdır. Nədən olmasın? Biz gələcəyimizi götür-qoy edərkən keçdiyimiz yola da qiymət verməliyik.

Ş.Bəylərqızı:

- Bəs mühakimə etmək lazımdırmı? Yazıçı Anar bu günlərdə Səməd Vurğunla bağlı gedən debata cavab olaraq yazıb: “Hər bir dövrün sənətçiləri haqqında söz açarkən hökmən o dövrün şəraitini, şərtlərini, mühitini, tələblərini nəzərə almaq lazımdır. Tarixilik hissi məhz bundadır. Tarixi unudub dünəni bu günün icazəli “cəsarətiylə” mühakimə etmək ədalətsizlikdir”...

R.Qaraca:

- Tarixə qiymət verməliyik. Əlbəttə, Anar müəllim kimi öz şəxsi mənafelərimiz nöqteyi-nəzərindən yox, obyektiv qiymət vermək lazımdır. 37 əgər 37-də qalsaydı, səməd vurğunlar, rəsul rzalar və başqa repressiya illərindən sağ çıxan yazarlar, ictimai xadimlər, onların ənənələrini, onların övladlarını demirəm, mənəvi övladları bu gün də həmin mənəvi repressiyanı davam etdirməsəydilər biz o tarixin üstündən sükutla keçə bilərdik. O repressiya bu gün ən zəif işartıları ilə də olsa davam edir. Məsələn, Səməd Vurğun mövzusu ilə bağlı Rafiq Tağının 2004-cü ildə bir məqaləsi çıxmışdı: “Qafqazın qartalı Şaumyan belə...” Səməd Vurğuna tənqidi yanaşmasına görə Rafiq Tağının məsələsi öz iştirakı olmadan Yazıçılar Birliyində müzakirəyə qoyulmuşdu. O, ədalətsiz şəkildə Yazıçılar Birliyindən xaric edilmişdi. Bu da mənim fikrimcə, repressiyadır, 1937-ci ildəki ənənənin davamıdır. Bizim Anar müəllim də bu işlərin başındadır. Tarix qarşısında cavabdehlik ona görə lazımdır ki, tarixi səhvlər təkrarlanmasın. Yoxsa Səməd Vurğunla bizim nə işimiz var, digərləri ilə nə işimiz var? Bəlkə mən də olsaydım həmin satqınlıqları edərdim. O qədər basqılı rejim olub ki, heç kim sığortalana bilməz. Amma təbii ki, yenə də qınayırıq. Mənəvi qınaq, cavabdehlik hər zaman olmalıdır. Bəli, səməd vurğunlar səhvə yol veriblər, yanlış bir ənənənin başlanğıcını qoyublar, əyilərək, “ləbbeyk” deyərək ayaqda qalmaq yolunu tutublar. Bax bu ənənədən qurtulmaqdan ötrü gərək tarixə qiymət verək. AYB də 1937-ci ildəki fəaliyyətinə görə Azərbaycan xalqından üzr istəməlidir. (ardı aşağıda)

Rasim Qaraca
Rasim Qaraca


ŞƏMİSTAN NƏZİRLİ: “O DÖVRDƏ QARDAŞ QARDAŞI SATIRDI”

Ş.Bəylərqızı:

- Şəmistan bəy, bu gün 1937-ci ildən sağ çıxan yazarlar mühakimə olunurlar. Rasim Qaracaya görə, bu, cavabdehlik və həmin ənənənin davam etməməsi üçün lazımdır. Siz necə fikirləşirsiz, mühakimə etmək, o dövrə qayıtmaq lazımdırmı?

Şəmistan Nəzirli:

- Qətiyyən! Mən ömrümün 40 ilini Səməd Vurğuna həsr etmişəm, 33 kitab müəllifiyəm, onun altısı Səməd Vurğun haqqındadır. O dövrdə yaşayan hansı yazıçı, şair dostluq, qardaşlıq haqda yazmayıb? Şeyx Nizami özü şahlara, sultanlara əsərlər həsr edib. Səməd Vurğun bunu etməyib, billur kimi poeziyasını yaradıb.
-
Ş.Bəylərqızı:

- Səməd Vurğunun da “Rəhbərə salam” şeiri var.

Ş.Nəzirli:

- “Rəhbərə salam” şeiri də var, “Qori” şeiri də, “Yoldaş Stalinə” şeiri də var. Bunlar ayrı şeydir. Amma Sərdar Cəlaloğlu Səməd Vurğuna şər atır. O, Şaumyana “26-lar” poemasında “baba” yox, yoldaş deyib. Orda Əzizbəyovla Şaumyana ötəri toxunur. Poemada o taylı bu taylı Azərbaycanın dərdindən danışır. Üçüncüsü, deyir ki, guya Məmməd Əmini təhqir edib. Məsələ bundadır ki, 1935-ci ildə Türkiyədə Müsavatın bərpa qurultayında Rəsulzadənin yaxın silahdaşı Əbdülvahab bəy həmin poemanı ona göstərib ki, burda sizin də adınız çəkilir, amma dırnaq arasında. O sonra yazır ki, Məmməd Əmin bəy həmin kitabı məndən aldı və bir az da sevincdən şaşırmış şəkildə dedi ki, bunu yazan böyük adamdır, adım mənfi planda çəkilsə də, gələcək nəsillər mənim varlığımdan xəbər tutacaqlar. “Bunu oxuyan cocuq atasından, müəllimindən Müsavat, müstəqil Azərbaycan haqda soruşacaq, deməli, bunu yazan böylə bir ağıl sahibiymiş...” deyib.

Ş.Bəylərqızı:

- Mövzumuz Səməd Vurğunun həmin dövrdə guya qələm yoldaşlarını satması haqda ittihamlar idi. Ötən verilişimizin qonaqları da Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabına istinadla belə deyirdilər.

Ş.Nəzirli:

- Mən o kitabı oxumuşam. Belə fakta rast gəlməmişəm. Teyyub müəllim sənədlə, arxivlə işləyən adamdır. Amma indi gəlin görək 90 il sonra bunu üzə çıxarmaq lazımdırmı? O dövrdə qardaş qardaşı satırdı. Nə demək istəyir o Sərdar Cəlaloğlu və ya Teyyub Qurban? Neyləyək, dağ boyda Səməd Vurğundan imtina edək? (ardı aşağıda)

Şəmistan Nəzirli
Şəmistan Nəzirli


TEYYUB QURBAN: “SƏMƏD VURĞUN HEÇ VAXT HEÇ KİMİ SATMAYIB”

Teyyub Qurban:

- Arxiv sənədinə onun-bunun sözüylə qiymət vermək olmaz. Nizami Cəfərov deyib ki, Teyyub Qurban mənbə deyil. Teyyub Qurban, əlbəttə, mənbə deyil. Teyyub Qurban mənbələrə əsaslanmadan heç nə demir. Nizami Cəfərov “Azərbaycan” qəzetində yazmışdı: “XX əsrdə 3 rəhbər tanıyıram: Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev. Üçüncüsü – Heydər Əliyev əvvəlkilərdən də üstündür”. Mən də yazmışam ki, Heydər Əliyevi türklərin birincisi kimi təqdim etmək Nizami Cəfərovu Nizami Gəncəviyə bənzətməkdir... Səməd Vurğuna gələndə, o heç vaxt heç kimi satmayıb. O, siyasi işlə məşğul olmayıb. Mikayıl Rəfilini də, Səməd Vurğunu da Mir Cəfər Bağırov 1937-ci ildə müdafiə edib, repressiyadan qurtarıb. Moskvadan yazırlar ki, necə olur Səməd Vurğunla işləyən Seyfulla Şamilov tutuldu, o isə sağ qaldı?.. Repressiyaları Azərbaycan təşkil etməyib, Moskvanın qərarı ilə aparılıb. Son illər arxivlərlə işləyən Cəmil Həsənlinin kitablarını oxuyun, görəcəksiz Səməd Vurğunla Mirzə İbrahimov həmin illərdə nələr ediblər.

Ş.Bəylərqızı:

- Teyyub bəy, sizin kitabda Səməd Vurğunun SSRİ Yazıçılar İttifaqının İdarə Heyətindəki çıxışı verilib: “Bir gün mən Bağırov yoldaşın yanına getdim. Xalq düşmənlərinin fəaliyyətinə dair mülahizələrimi ona bildirdim və dedim ki, Azərbaycanın fəhlə sinfi və kəndliləri partiyamıza sadiqdirlər, ancaq Azərbaycan ziyalılarının yüksək təbəqəsi xalq mənafeyindən ayrı düşmüşlər, işimizi pozmaq istəyirlər... Bu şayka və bandalarla mübarizədə mənəvi və bolşevik gümrahlığımı qoruyub saxlayırdım. Həm döyüşür, həm də yaradıcılıqla məşğul olurdum. Millətçi Ayna Sultanova (hazırda xalq düşməni kimi ifşa olunmuşdur) həmfikirlərinin həbsə alınmasından sonra mənə qarşı mübarizəyə qalxmışdı. Bu həmin Sultanovadır ki, mən onu altı ay bundan qabaq Azərbaycan Sovet Yazıçıları İttifaqının Rəyasət Heyətinin iclasında xalq düşməni adlandırmışdım”. Bu çıxışı necə qiymətləndirirsiz?

TEYYİB QURBAN: “1937-Cİ İLDƏ SƏMƏD VURĞUN BƏS NƏ YAZMALI İDİ?”
RASİM QARACA: “SİZ ONA HAQQ QAZANDIRIRSIZ?”


T.Qurban:

- Səməd Vurğun heç bir repressiyada iştirak etməyib. O, şair idi. Ayna Sultanova da maarif nazirinin müavini olub. Ayna Sultanova ilə Səməd Vurğun nə mübarizə aparacaqdı? O şair idi. 1937-ci ildə Azərbaycanın bütün şairləri Əhməd Cavada, Hüseyn Cavidə şeir yazıblar. Səməd Vurğun da yazıb. Necə oldu indi ancaq Səmədin şeirini götürürük? “Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam”. 1937-ci ildə bəs Səməd Vurğun nə yazmalı idi? Yazmalıydı ki, mən Əhməd Cavadı, Hüseyn Cavidi müdafiə edirəm?

R.Qaraca:

- Yazmasaydı olmazdı?

T.Qurban:

- Yazmasaydı Səməd Vurğunu da Mikayıl Müşfiq kimi...

R.Qaraca:

- Onda onun bu şeiri yazmağına haqq qazandırırsız?

T.Qurban:

- Əlbəttə, haqq qazandırıram.

R.Qaraca:

- Yəni siz də olsaz yazardız?

T.Qurban:

- İndi o dövr deyil. Bir də Səməd Vurğun sağ olsaydı öz sözünü yenə deyərdi. Səməd Vurğun Azərbaycandakı oğurluğa, tayfabazlığa, ölkəni bu günə qoyanlara sözünü deyərdi.

R.Qaraca:

- Məncə, deməzdi. Teyyub bəy, bu dövrə uyğunlaşardı. Çünki Səməd Vurğun o dövrə uyğunlaşıb.

T.Qurban:

- İndi sən Heydər Əliyev haqda satirik şeir yaza bilərsən? Mən İlham Əliyev haqda yazmışam, amma çap edən yoxdur.

“SƏMƏD VURĞUN YAZIRDI: “SIRALARIMIZI TƏMİZLƏDİK...”
Rəsul Rza və Səməd Vurğun
Rəsul Rza və Səməd Vurğun

R.Qaraca:

- Teyyub bəydə elm adamı kimi bir prinsipial mövqe olmalıdır. O hesab edir ki, dövrə uyğunlaşmaq, sözünü dəyişmək, haqqa nahaq demək olar. Teyyub bəy kitabının üstündə Mikayıl Rəfilinin şəklini verib. O, Azərbaycanda sərbəst şeirin yaradıcısıdır, qiymətli insandır. O heç zaman sözünü dəyişməyib, repressiya illərinin ab-havasını görəndən sonra həmən şairliyin daşını atıb tədqiqatçılığa başlayıb. Yəni necə deyərlər üzüsulu ortamdan uzaqlaşıb. 1947-ci ildə AYB-dı Mikayıl Rəfilinin məsələsini qoyublar, axırıncı xəbərdarlıq ediblər ki, bundan sonra anti-bolşevik fəaliyyətini dayandırmasan, birlikdən uzaqlaşdıracaqlar. AYB-dən uzaqlaşdırmaq da acından ölmək demək idi. Mikayıl Rəfilini susdurublar. Ancaq heç vaxt o proseslərdə iştirak etməyib. O ki qaldı, Teyyub müəllimin dediyinə, yəni Səməd Vurğunla bağlı sənədlərin olmamasına. Mən arxiv sənədlərini demirəm. 1972-ci ildə Səməd Vurğunun 5 cildliyi çap olunub, sonuncu cild məktublar və məqalələr toplusudur. Bax orda səhv etmirəmsə, 1941-ci ildə yazdığı məqalə var: “Biz sıralarımızı təmizlədik”. Orda Hüseyn Cavidlə bağlı kəskin fikirlər işlədib və başqa adlar da çəkib. “Sıralarımızı təmizlədik” nə deməkdir, kimdən təmizləyirsən sıralarınızı? Bu adam hətta repressiyadan sonra da susmur. Bağışlanmaz səhvlərdir. Mənim qayğım odur ki, səməd vurğunlar, rəsul rzalar, süleyman rüstəmlər əyilərək, uyğunlaşaraq millətə yanlış nümunə göstərdilər. İndi bir çox cavan şairlərimiz də bu yolu davam etdirirlər.

T.Qurban:

- Rasim bəyin Mikayıl haqda dedikləriylə razıyam. Onu repressiyadan Mir Cəfər Bağırov qurtarıb. Onun atası dvoryan olub, Səməd Vurğun zarafatla ona həmişə “dvoryan balası” deyib, Müsavat dövründə “Yaşıl Qələmlər”in üzvü olub. Buna görə də repressiya oluna bilərdi. İkincisi, Səməd Vurğun siyasi xadim olmayıb, Rəsulzadə onun haqqında yazırdı: “Azərbaycan vətənpərvərliyinə rəvac verən “Vaqif” pyesi çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti, vətəndaşlıqdan gələn xüsusiyyətləri...”

R.Qaraca:

- Orda Rəsulzadənin başqa fikri də yer alıb: “Döşünə Stalin, Lenin ordeni taxmaqdan ötrü xalqın dərdini deməyən şairlərimiz də var”, o şairlər arsında Səməd Vurğunun da adını çəkir...

“MİR CƏLAL PAŞAYEVİN ADINI ÇƏKƏN VAR?”

T.Qurban:

- Mənə qəribə gələn başqa şeydir, Səməd Vurğundan başqa Müsavatı tənqid edən yazıçı olmayıb? Mir Cəlal Paşayev “Bir gəncin manifesti”ndə yazıb: “Camaat Nikolay boyunduruğundan qurtulub Müsavat boyunduruğuna düşdü. Müsavat nazirləri xalqın fəlakətindən ləzzət alırlar...” Son illər Mir Cəlalın əsərləri çap olunur, bu əsər də içində. Mir Cəlalın haqqında söz deyən var?.. Budur mənim narazılığım. Yazıçıdan yazıçıya fərq qoyulur...

Bədirxan Əhmədov:

- Mən neçə gündür izləyirəm, repressiya ilə bağlı çox adamlarda səthi təəssüratlar var. Bu gün kimsə bir sənədə istinad edir və ya hardansa nəsə eşidib onu danışır, fakta-sübuta əsaslanmır, ortaya da şou xarakterli şeylər çıxır. Amma elmi söhbət getməlidir. Məsələn, repressiyanın xarakteri və genezisi haqda ayrıca konfrans keçirilməlidir, o zaman çox şey açılar. Elmi söhbət getməlidir, şantaj və ya ittiham olmamalıdır. Repressiya haqda yanlış təəssüratlar var, guya kimsə kiminsə “donos”u əsasında satılıb, filankəsi satdığına görə kimsə sağ qalıb, ya da yeni quruluşu bəyəndiyinə görə salamat qurtarıb... Mən o dövrün mətbuatını vərəqləmişəm. Əkrəm Cəfər Hüseyn Cavidə yazırdı ki, komsomola üzv ol. Bu gün kimsə oxuyur deyir ki, Hüseyn Cavidi onlar qurban verdi. Repressiya bir fərdin başqasına qarşı törətdiyi lokal hadisə deyil. Sovet dövlət aparatı tərəfindən törədilən ictimai-siyasi məzmunlu hadisədir. Bir də, bu gün mötəbər sənəd kimi istinad edilən istintaq sənədləri tamam yalandır və saxta faktlara əsaslanır. Araşdırılmalıdır ki, həmin ifadələr həmin şəxsə mənsubdurmu və ya hansı yolla alınıb. Bu yöndə tədqiqat aparılmalıdır.

R.Qaraca:

- Repressiyalara tarixi-mənəvi qiymətdən söhbət gedirsə, elə bunu yazarlar verməlidir. Biz hər birimiz bu zərərin içindəyik. Bunun üçün nə araşdırma lazımdır? Hər şey göz önündədir.

PROQRAMA TAM ŞƏKİLDƏ BAX
XS
SM
MD
LG