Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:01

Rektorlar yeni təhsil naziri haqda nə düşünürlər?


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
-
Yeni təhsil nazirinin təyinatı mətbuatın gündəmindədir. Bazar günü çıxan «Yeni Müsavat» qəzeti yazır ki, Misir Mərdanovun yerinə təhsil sahəsi ilə əlaqəsi olmayan Mikayıl Cabbarovun təyin edilməsi təəccüb və marağa səbəb olub.

ŞƏMSƏDDİN HACIYEV: «İŞLƏYƏNDƏN SONRA GÖRƏRİK»
Milli Məclisin elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qəzetə açıqlamasında deyib ki, yeni nazirin təhsillə bağlı adam olmaması onun normal fəaliyyətinə problem yaratmaz:

«Təcrübə göstərir ki, bəzən təhsildə olan adamlar vəzifəyə çəkildikdə, özünü doğrultmur. Bəzən görürsən ki, başqa sahənin adamı vəzifəyə təyin olunandan sonra tamamilə başqa bir islahatlar başlayır. Başqa bir ab-hava, mühit yaranır. Mikayıl Cabbarov normal təhsil alıb, Amerika təhsili görüb, bizim təhsili görüb. Hüquqşünasdır, iqtisadçıdır. Hesab edirəm ki, cavan, enerjili bir kadrdır. Həm də problemlərə qarşı hamılıqla çalışmalıyıq. Bu gün rektorlar da maraqlıdır ki, təhsilə üzqaralığı gətirən problemlər həllini tapsın».
Rektor yeni nazirin təhsildəki problemləri həll etməyə gücü çatacağı ilə bağlı sualı bu cür cavablandırıb: «İşləyəndən sonra görərik».

ƏHMƏD VƏLİYEV: «KÖHNƏ NAZİR SAVADLI KADR İDİ»
«Odlar yurdu» universitetinin rektoru, deputat Əhməd Vəliyev isə deyib ki, yeni nazirin gələcək fəaliyyəti barədə proqnoz verə bilməz: «Onunla bir yerdə işləməmişəm, tanımıram, buna görə heç nə deyə bilmərəm. Köhnə nazir isə savadlı, peşəkar kadr idi».
«Azadlıq» qəzetində «Harvardın və həyatın dərsləri» məqaləsində Elnur Astanbəyli yazır:

«Şəxsən mən indi bu «real, köklü dəyişiklik tərəfdarlarından» fərqli olaraq belə içiboş ümidləri yaxşı xatırlayıram, hətta 2003-də İlham Əliyevin özünün də ingilis dili bilməsinin ətrafında necə hava yaradıldığını unutmamışam. Dəfələrlə yazdıq, yenə yazaq: bu sistem korrupsiya, oğurluq, işgəncə, yalan, yaltaqlıq, saxtakarlıq üzərində bərqərardır. Bunların biri olmazsa, sistem ayaqda qalmaz, qala bilməz».

Hakim «Yeni Azərbaycan» Partiyasının saytı isə Mikayıl Cabbarovun Nazirlər Kabineti yanında «İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtlarda verdiyi müsahibəni yenidən önə çıxarıb: «İçəri Şəhərin canlı şəhər olması və burada insanların yaşaması bir abidə kimi İçəri Şəhəri unikallaşdırır».
XS
SM
MD
LG