Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Hərbi hissədə nə baş verib: qətl, yoxsa intihar?


Daha bir əsgər həlak olub
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
-
«Axı o, özünü niyə öldürməliydi ki? Ağıllı, savadlı və sağlam uşaq idi. Adətən çətinlik, fərqli mühitə uyğunlaşmamaq ilk vaxtlar olur. Elman isə 9 ayın əsgəri idi. Çavuş rütbəsi almağa hazırlaşırdı. Tezliklə məzuniyyətə buraxılacaqdı».
Aprelin 6-da qeyri-döyüş şəraitində həlak olan Azərbaycan Ordusunun əsgəri Elman Yaqub oğlu İmanovun atası Yaqub İmanovu sarsıdan təkcə sinəsinə çəkilən övlad dağı deyil, həm də deməsinə görə, ölümün əsl səbəbinin gizlədilməsidir.
RƏSMİ MƏLUMATLA BAĞLI SUALLAR YARANIB
Hadisə baş verən gün Müdafiə Nazirliyi Tərtər rayonundakı N saylı hərbi hissədə postda olarkən əsgərin, tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində ölməsi barədə ilkin məlumat yayıb. Ölkənin bəzi kütləvi informasiya vasitələrində bu xəbər «Azərbaycan ordusunun əsgəri intihar edib» başlığı ilə dərc olunub.
Elman İmanova «tabeliyindəki silahdan atəş açılması» məlumatı özlüyündə bəzi suallar yaradır: silahdan atəşi kim açıb- özü, yoxsa başqası? Əgər özü tərəfindən açılıbsa, bu, ehtiyatsızlıqdan olub, yoxsa planlı surətdə həyata keçirilən intihar aktı? Əgər intihar barədə deyilənlər həqiqətdirsə, əsgəri ölüm həddinə çatdıran nə olub?
«İSTƏMİRDİLƏR TABUTU AÇAQ...»
Əsgərin atası Yaqub İmanov və anası Lalə İmanova
Əsgərin atası Yaqub İmanov və anası Lalə İmanova
Ata- Yaqub İmanov deyir ki, hadisə barədə xəbər tutanda, oğlunun özünə qəsd etməsinə inanmayıb. Ailəsinə təhvil veriləndən sonra yaxınları tərəfindən meyitə baxış keçirilib. Bu zaman mobil telofonla çəkiliş aparanlar olub.
Mərhumun dayısı Bakir Qasımov deyir ki, tabut hərbi hissədən gətirilərkən deyilib ki, meyit məsciddə müsəlman adəti ilə yuyulaqraq kəfənlənib: «İstəmirdilər tabutu açaq. Amma qəbiristanlıqda təkid etdik, axund da daxil olmaqla 20-dək adam meyitə baxdı. Mərhumun başının arxa tərəfində kəsilib-deşilən və digər tərəfə çıxış açmayan yara vardı. Deyə bilmərik baltayla vurublar, dəhrəylə, ya bıçaqla, amma bircə onu bilirik ki, güllə yarası deyildi»
Qonşu Səfalı Pənahov da intihar versiyasının ağlabatan hesab etmir: «Özünə qəsd edən adam bıçağı qarın nahiyyəsinə soxar, qolunu doğrayar, daha başının arxa hissəsinə yox- bunu etmək də heç mümkün deyil».
ANA: «BALAMA NƏ AD QOYACAQLAR BİLMİRƏM»
Oğlunun ölümündən dərin sarsıntı keçirən ana- Lalə İmanovanı həyəcansız dinləmək mümkün deyil. Onu hər şey kövrəldir: şəxsiyyət vəsiqəsinin surəti, orta məktəbi bitirmək barədə attestat, fotoşəkillər, hətta onların arasından yerə düşən yarpaqlar da: «Nə olursa elə kasıbın balasına olur. Güllə qabağına verirlən də onlar olur, arxadan vurulan da. Atam müharibədə həlak olub. Amma balama nə ad qoyacaqlar bilmirəm».
İmanovlar ailəsi
İmanovlar ailəsi
QIRMIZI KƏLAĞAYILI HƏYƏT
İmanovlar ailəsində 3 oğlan uşağı doğulub. Onlardan biri hərbi xidmət borcunu yerinə yetirib, biri hələ orta məktəb şagirdidir, biri də Elman idi ki, xidməti də ömrü kimi yarımçıq qaldı... 19 yaşı tamam olmağına hələ 3 ay vardı.
Yolunu gözləyəninin olub-olmamağı ilə də maraqlandım. Belə bir cavab aldım: «Sinif yoldaşları bu saat qan ağlayır. Amma mən biləni sevdiyi qız yox idi. Oxumaq arzusundaydı, bütün fikrini buna salmışdı».
Ailə yaxın zamanlaradək torpaq və qamışdan tikilən evdə yaşayıb, 2010-cu ilin sel fəlakətindən sonra yeni evlə təmin olunublar. Həyət qapıları olmadığından hüzr yerini nişan verən və rəngi ilə cavan adamın ölməyini bildirən qırmızı kəlağayı ağaca bağlanmışdı...

MÜDAFİƏ NAZİRLİYİ DEYİR Kİ...

Eldar Sabiroğlu
Eldar Sabiroğlu
«Müdafiə Nazirliyi üçün hər əsgər ölümü itkidir. Hər əsgər ölümünə görə məsluliyyət daşıyan da, ittiham olunan da bizik. Bıçaqla intihar edən əsgərin güllə ilə öldüyünü deməkdə nə marağımız ola bilər?». Bu sözləri Azadlıqradiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.

Ailəsi əsgərin qətlə yetirildiyini desə də, iddiaya münasibət bildirən nazirlik rəsmisi əsgər Elman İmanovun başqa biri tərəfindən vurulmasını yalanlayır. Halbuki, bu ölümlə bağlı Müdafiə Nazirliyinə istinadla KİV-lərdə gedən ilkin məlumatlarda atəşi onun və ya başqasının açdığı dəqiq göstərilmirdi:

«Başqası tərəfindən vurulubsa bunu nə üçün gizlətməliyik? Valideyinlərin acısını başa düşürük. Ancaq əsgər ölümündən başqa məqsədlər üçün istifadə edənlərin və buna nəyin bahasına olursa-olsun don geyindirənlərin əməlləri başa düşülmür. Əsgərin ölmünü nazirlikdaxili təhqiqat idarəsi, hərbi tibbi ekspertiza, hərbi polis və nəhayət, prokurorluq araşdırır. Niyə yalan danışıb, məsuliyyət altına girməliyik? Heç bir dəlil-sübutu, ekspertiza rəyini öyrənmədən belə məlumat yaymaq olmaz».

Cavan adamın ölməyini bildirən qırmızı kəlağayı
Cavan adamın ölməyini bildirən qırmızı kəlağayı


Əsgərin qohumları yas mərasimində
Əsgərin qohumları yas mərasimində


Əsgər Elman Yaqub oğlu İmanov dostları ilə birlikdə (sağdan birinci)
Əsgər Elman Yaqub oğlu İmanov dostları ilə birlikdə (sağdan birinci)
XS
SM
MD
LG