Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Masallı böyüyür, şikayətlər çoxalır


Masallı
Masallı
-
Bu yaxınlarda Masallı şəhərinə 4 kəndin ərazisini birləşdiriblər. Bununla da şəhər əhalisinin sayı 30 mini keçib. Ancaq bu, kənd əhalisində müəyyən narazılıq yaradıb. Əslində şəhər əhalisinin dilindən də giley-güzar eşidilir. Bu isə şəhərin küçələrinin yararsız vəziyyətə düşməsi ilə bağlıdır.

Hazırda şəhər ərazisində eyni vaxtda qaz, su və kanalizasiya xətlərinin çəkilməsindən danışırlar. Şəhərin bütün ərazisində xəndəklər qazılıb. Keçidlər yararsız hala salınıb. Nəqliyyat vasitələri çətinliklə hərəkət edir. Bu işləri görən Türkiyə şirkəti isə fəaliyyətini dayandırıb. İşlərin haçan başa çatacağı haqda məlumat verilmir.

Sosial şəbəkələrdə əhalinin bu narazılıqları ilə bağlı mesajlar yayılır. Müsavat Partiyasının rayon təşkilatı və «Masallı ziyalıları» İctimai Birliyi bununla bağlı bəyanatlar veriblər.

«GƏLƏN ÖZ MƏNTİQİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR»

Müsavat Partiyasının Masallı rayon Təşkilatın sədri Xasay Səfəroğlu deyir ki, əhali yığılıb qalan problemlərdən bezib:
İşlərin haçan başa çatacağı haqda məlumat verilmir.
İşlərin haçan başa çatacağı haqda məlumat verilmir.
«Biz o bəyanatı Masallı mərkəzində qazılan yollarla bağlı vermişdik. Əhali həqiqi mənada bezib. Bir yandan da başçının yerdəyişmələri əhalidə bədbinlik yaradıb. Gələn öz məntiqinə uyğun fəaliyyət göstərir».

«TÜRK ŞİRKƏTİ ÇIXIB GEDİB»

Xasay Səfəroğlu deyir ki, icra hakimiyyəti başçısı ötən ilin aprelində dəyişdirilsə də, rayonda ciddi dəyişiklik müşahidə olunmur. O, kanalizasiya xəttinin çəkilişinə də toxunur:

«Türk şirkəti faktiki olaraq çıxıb gedib. Ödəmələr həyata keçirilməyib, böyük narazılıq var. Masallının 70 faizi, şəhərin özü bərbad vəziyyətdədir. Maşınlara dəyən ziyanı hesabladıq, təxminən on min manatlarla çıxır xərclər. Kənardan xırda məsələ kimi görsənir. Amma elə deyil».

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev
«Masallı ziyalıları» İctimai Birliyinin sədri Məmmədağa Eynullayev də deyir ki, rayonda işsizlik artır. Onun bildirməsinə görə, Masallı yeganə rayondur ki, onun ərazisində «qul bazarı» var. Əhalinin şikayətlərinə qulaq asmırlar:

«Bizim rayonda vəziyyət gərgindir. Əsas narazı olan kəndlərdir - Türkobadır, Ərkivandır, Masallı şəhərin özüdür».

Məmmədağa Eynullayevin dediyinə görə, mətbuata danışan və şikayət edənləri təzyiq altında saxlayırlar.

RUSİYADAN GÖNDƏRİLƏN PULLAR...

Mətləb Dadaşov
Mətləb Dadaşov
Jurnalist Mətləb Dadaşov da deyir ki, Rusiyada çalışan Masallı işadamlarının qaz çəkilişi ilə bağlı göndərdikləri pulların taleyi indiyə qədər məlum deyil. Onun deməsinə görə, qaz xətti Kolatan və Sığdaş kəndlərinə çəkilməli idi. Lakin bu günə kimi heç bir iş görülməyib:

«Mən də yazırdım hər gün. İndi də yazıram. Sosial şəbəkədə səhifəmdə yazıram».

«MASALLIDA HEÇ BİR NARAZILIQ YOXDUR»

Masallı rayonu İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə rayonda narazılıqların artması ilə bağlı fikirlərlə razılaşmır. O deyir ki, əhalinin şikayətlərinə baxılır və problemlər tədricən aradan qaldırılır:

«Masallıda heç bir narazılıq yoxdur. Bizə indiyə kimi heç bir narazılıq bildirilməyib. Nə rayonun kəndlərindən, nə də digər məsələlərdən. Özünüz rayonda baxa da bilərsiniz, soruşa da bilərsiniz .Masallıda bütün sahələrdə - istər qaz olsun, yol olsun - heç bir narazılıq olmayıb. İnzibati ərazi bölgüsü ilə bağlı iş ola bilər. İnzibati ərazi bölgüsünü Milli Məclis dəyişdi. İki ərazi ayrılıb. O da camaatın razılığı ilə olub».
XS
SM
MD
LG