Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Zərdüşt Əlizadə: «Bizim xalqda bir çuğulçuluq ənənəsi var»


İlqar Məmmədov aksiyada
İlqar Məmmədov aksiyada
-
Bəzi hakimlərə və prokurorluq işçilərinə qadağa istənilir. Başqa sözlə, Azərbaycanın da öz «Maqnitski siyahısı» ola bilər.

«ReAL» Hərəkatının lideri, İsmayıllı etirazlarına görə saxlanmış İlqar Məmmədov Kürdəxanı təcridxanasından Avropa Parlamentinə və ABŞ Konqresinə müraciət hazırlayıb. O, ««ReAL»ın namizədi kimi prezident seçkilərindən kənarlaşdırılması üçün ona saxta və siyasi cinayət işinin qurulmasına qatılan şəxslərə viza qadağası və maddi sanksiyalar istəyir».

SİYAHIYA KİMLƏRİ SALMALI

«ReAL»dan Natiq Cəfərli deyir ki, məqsəd əsas insan hüquqlarını pozanları cəzalandırmaq və ictimaiyyətə ciddi mesaj ötürməkdir. O, ATƏT-in seçki pozuntuları aşkarladığı dairələrin rəhbərlərini də belə bir siyahıya salmağı vacib sayır:

«Seçki ilində belə bir siyahı olarsa, insanların seçki hüquqlarını kobud şəkildə pozanların adları ictimaiyyətə açıqlanar və bu, başqalarına da dərs olar».

ABŞ səfirliyi AzadlıqRadiosunun məsələyə dair sorğusu üzərində işlədiyini bildirir.

Ötən il ABŞ Maqnitski Aktı ilə hüquqşünas Sergei Magnitsky-nin ölümündə şübhəli bilinən Rusiya məmurlarının ölkəyə girişini və bank hesablarından istifadəsini yasaqladı. Cavabında rəsmi Moskva ABŞ vətəndaşlarının rusiyalı uşaqları övladlığa götürməsinə qırmızı işıq yandırdı.

Sergei Magnitsky-nin məzarı
Sergei Magnitsky-nin məzarı
Belə «siyahı» aksiyalarına bənzər təşəbbüslərdən daha öncələr də istifadə olunub. Bir neçə il əvvəl Belarus məmurlarına sanksiyalardan həvəslənən 50-dək fəal Avropa Birliyinə Azərbaycana dair sorğu göndərib. Sülh və Demokratiya İnstitutu da 2007-ci ildən bəri hakimlərin «qara siyahısını» hazırlayır və qanunu ən çox pozan hakimlərə zolaqlı mantiya göndərir.

«SU İÇDİKLƏRİ QUYUYA TÜPÜRMƏZLƏR»

Politoloq Zərdüşt Əlizadə, nəzəri baxımdan, Azərbaycanın əksər yetkilili və deputatlarını belə bir siyahıya layiq görür. Ancaq onun fikrincə, ABŞ və Avropa Şurasının rəhbərliyi heç vaxt Azərbaycanla toqquşmaya getməz:

«Çünki Azərbaycandan mənfəət götürürlər. Gələcək ümidləri, təsəvvürləri var. Hakim zümrə, müəyyən ədəbsizlikləri nəzərə alınmasa, onları qane edir. Yəni su içdikləri quyuya tüpürməzlər».

Politoloq Azərbaycanda «Maqnitski siyahısı»nın ortaya çıxmamasını vətəndaş cəmiyyətinin və müxalifətin zəifliyində görür.

İRANDAN, RUSİYADAN SANKSİYA İSTƏMƏK?

Asim Mollazadə
Asim Mollazadə
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadənin fikrincə, bu, xarici təzyiqi öz ölkənə yönəltməkdir və zəiflik əlamətidir. O, elə düşünür ki, hər hansı siyasi mübarizə ölkə içində və qanun çərçivəsində həyata keçirilməlidir. Deputata görə, daxili çəkişmələr ölkənin müstəqilliyinə xələl gətirməməlidir:

«Onda İslam Partiyasının həbsdəki nümayəndələri İrandan dəstək, sanksiya istəməlidir? Yaxud kiminsə ürəyi Rusiyadadır və Rusiya üçün mübarizə aparırsa, həmin ölkədən sanksiya istəməlidir?».

Deputatın fikrincə, Azərbaycan AvroAtlantik məkanla inteqrasiya – bütünləşmə yolu seçib, ABŞ və Avropa ölkələri ilə bir çox sahələrdə əməkdaşlıq edir. Bu səbəbdən o, yaxın zamanlarda Azərbaycana qarşı hər hansı sanksiyanı mümkünsüz və qeyri-ciddi sayır.

«NƏ VERİRSƏ, HÖKUMƏT VERİR»

Politoloq Zərdüşt Əlizadə isə o fikirdədir ki, Azərbaycan xalqı demokratiya barədə düşünəndə, yalnız özünə güvənməli, o sıradan müxalifət də Qərbin niyə hakimiyyətə dəstək verdiyini sorğu-suala çəkməməlidir:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«Sizin nəyinizi saysınlar, axı? Süd vermirsiniz, ət vermirsiniz, sümük vermirsiniz. Nə verirsə, hökumət verir – qazı və nefti verir, ərazini verir. Geosiyasi faydanı Azərbaycan hökuməti verir, ona görə də Qərb hakimiyyəti dəstəkləyir».

ZÜLMDƏN BEZMƏK VƏ XƏBƏRÇİLİK

Zərdüşt Əlizadə onu da vurğulayır ki, hansısa rüşvətxor hakimin, polis rəisinin adının siyahıya salınması ictimai müzakirəyə çıxarıla, xalq da buna böyük həvəslə qatıla, adlar, təkliflər verə bilər:

«Birincisi, xalq zülmdən cana doyub, rejimin əlindən yığıb. İkincisi də, bizim xalqda bir çuğulçuluq ənənəsi var. 37-də yazırdılar, sonra da həmişə yazıblar, indi də Əkrəm Əylislidən yazırlar. Yəni, ədalət həvəsi, zülmdən bezmək və çuğulçuluq, xəbərçilik – bunlar ümumxalq kampaniyasına gətirər, daha kimlərin adlarının siyahıya salınması dartışılar».

Politoloqun fikrincə, bu iş həm də cəsarət tələb edir, siyahını ortaya qoyan siyasi lider təzyiqlərə məruz qalar. Ancaq o, xalqın bilgiləndirilməsinə kömək edər, eyni zamanda «çoxbilmiş» Qərbin müəyyən məsələlərdə gözünü aça bilər.
XS
SM
MD
LG