Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

«Bizə ev tikib verin, hanı 320 milyon?»


Zəlzələdə dağılmış məktəb - Zaqatala, 28 noyabr 2012
Zəlzələdə dağılmış məktəb - Zaqatala, 28 noyabr 2012
-
- «Gələn-gələn deyir ki, ev təmir olunmalıdır. Ay balam, nə təmir, bu evin təmirlik halı var?».

- «Biz demirik ki, bizə villa tiksinlər. Evə girmək mümkün deyil. Tələbimiz odur ki, bizə ev tiksinlər».

- «Mən uşağımı qonşunun evində saxlayıram, çünki evə girməyə qorxuruq. Müraciət edirik, baxmırlar. Deyir, get, sən evini təmir et».

- «Deyir bu evdə yaşa. Necə yaşayım? Adam bu evdə yaşayar? 8 dəfə komissiya gəlib, hamısı da elə deyir bərpa olunacaq-bərpa olunacaq. Mayda zəlzələnin 1 ili tamam olacaq. Bu soyuqda adam çadırda yaşayar?».

Bu, Zaqataladakı zəlzələdən sonra qorxudan evlərində yaşaya bilməyən rayon sakinlərinin səsidir. Deyirlər, evlərimiz az qala uçacaq, cavabında «bərpa olunmalıdır» sözlərindən başqa heç nə eşitmirlər:

«Deyirlər bərpa olunacaq. Evim elə vəziyyətdədir ki, adam pilləkəndən yuxarı çıxmağa qorxur. Necə bərpa edəcəklər? Mən nə qədər qonşunun evində yaşayacağam? Hərdən gedib baxıram, ürəyim düşür. Deyirəm, bu dəqiqə ev başımıza uçacaq. Evlər tikilirsə, hamıya tikilsin».

Evinin tikilməsini istəyən Zaqatalanın Gözbarax kəndinin sakini Firdovs Qubadovadır. Bir başqa sakin – Əmrulla İsgəndərov artıq ümidsizləşib:

«Çünki yerli icra hakimiyyəti hamıya eyni gözlə baxmır. Ayrı-seçkilik edirlər».

Yerli sakinlər onlara verilən kompensasiyaların da dərdlərinə çarə olmadığını görüblər. Həzrət Qubadov deyir ki, prezidentə qədər hamıya şikayət edib. Ancaq nə faydası?

Kəmaləddin Heydərov və İlham Əliyev Zaqatalada
Kəmaləddin Heydərov və İlham Əliyev Zaqatalada
PREZİDENTƏ DƏ, NAZİRƏ DƏ, İCRA HAKİMİNƏ DƏ YAZMIŞIQ. DAHA KİMƏ DEYƏK?

«Mənim evim tamam dağılıb. Azərbaycan xalqının bizə ayırdığı pula iki belə kənd tikmək olardı. Hara müraciət edirik, kimə müraciət edirik, baxmırlar. Ərizələr üstümüzə qayıdır. Prezidentə də, nazirə də, icra hakiminə də yazmışıq. Görəsən, dərdimizi daha kimə deməliyik?».

Ötən həftə zəlzələdən zərər çəkmiş 150-yə yaxın sakin Zaqatalanın İcra Hakimiyyəti binası önünə gələrək verilən vədlərin yerinə yetirilməsini tələb ediblər. Rayon sakini Taleh Soltanov deyir ki, camaat onlara verilən kompensasiyanı qaytarır:

«Əvvəl «gücləndirici bərpa» yazılmış evlər haqqında bir müddət sonra dedilər ki, söküləcək. İndi həmin evlərin sakinlərinə pul paylamağa başlayıblar. 4-5 min pul verirlər. Camaat əvvəl bu pulu alırdı. Sonra gördülər ki, bununla heç nə tikə bilməyəcəklər, pulları qaytarmağa başladılar. Camaat evlərinin tikilməsini istəyir».

İCRA HAKİMİNİN MÜAVİNİ: «HAZIRDA İŞ GEDİR»

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov AzadlıqRadiosuna deyir ki, indiyədək 1400 nəfərə 6 milyon 800 min manat kompensasiya ödənilib.
Zaqatala yeni tikilmiş məktəb
Zaqatala yeni tikilmiş məktəb
Yanvarın 26-dan başlamış birinci mərhələnin sonrakı günlərində daha 2900 nəfər 14 milyon 200 min manat kompensasiya almalıdır. İcra başçısının müavini onu da deyib ki, ötən ilin oktyabrında baş vermiş yeraltı təkandan sonra təmiri nəzərdə tutulan evlər qəzalı vəziyyətə düşüb. Elman Ramazanov həmin evlərə təkrar baxış keçirilməsi üçün yeni komissiyaların yaradıldığını bildirib:

«Kompensasiyaların verilməsi davam edir. Sadəcə, burda oktyabrın 14-də baş vermiş zəlzələdən sonra evlərdə çatlar dərinləşib, təhlükə artıb. Həmin evlərə də baxış keçirmək lazımdır. Baxışdan sonra onların bərpa olunması, ya da tikilməsi haqqında qərar verilməlidir. Bax, bu sahədə müəyyən qədər anlaşılmazlıq vardı. Bununla da əlaqədar Fövqəladə Hallar Nazirliyinin rayonda 5 komissiyası işləyir. Hazırda bu iş gedir».

Rəsmi məlumata görə, indiyədək Zaqatalada 2 min 650 ev tikilib.

Zaqatalada 2012-ci ilin mayında 6 bal gücündə zəlzələ olub. Zəlzələdən sonra Prezident İlham Əliyev 2012-ci ilin sonlarınadək bütün vətəndaşlara dəyən ziyanı ödəməyi vəd edib. İyunda 3 min 500-dək evin, 35 məktəbin tikintisi və minlərlə evin təmiri üçün 320 milyon manat ayrılıb.
XS
SM
MD
LG