Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:27

London əl-Qaeda şübhəlisini ABŞ-a ekstradisiya etdi


"The Guardian" qəzetindən görüntü.
"The Guardian" qəzetindən görüntü.
-

Britaniyanın Mançester şəhərində və Nyu York metrosunda basqınlar planlaşdırmaqda ittiham edilən Əl-Qaeda şübhəlisi, 26 yaşlı Abid Naseer Londondan ABŞ-a ekstradisiya olunub.

Abid Naseer əslən pakistanlıdır və Mançesterdə ali təhsil almaq üçün Britaniyaya tələbə vizası ilə gəlmişdi.

Lakin ABŞ müstəntiqləri bildirirlər ki, Naseer-in 2009-cu ildə Mançesterdə Pasxa bazarlığı edənlərə qarşı basqın törətmək üçün bomba hissələri toplaması, kəşfiyyat aparması və başqa əl-Qaeda şübhəliləri ilə əlaqədə olmasına dair sübutlara malikdirlər.
Müstəntiqlər iddia edirlər ki, Abid Naseer-in həmçinin Nyu York metrosunda partlayış törətmək niyyəti olub.

“The Guardian” yazır ki, iki illik məhkəmə-hüquq çəkişmələrindən sonra Naseer-i ABŞ-a təslim etmək mümkün olub.

Naseer Belmarş həbsxanasındakı sərt rejimli kamerasından çıxarılaraq Londonun Lyuton hava limanına aparılıb və təyyarə ilə Amerikaya göndərilib.

Əgər Amerikada məhkum edilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Abid Naseer 2009-cu ildə başqa 11 nəfərlə birlikdə Britaniya polisinin Liverpul və Mançester şəhərlərində keçirdiyi koordinasiyalı reydləri zamanı həbs edilmişdi. Tutulanlar Mançesterdə terror aktı hazırlamaqda ittiham edilirdilər, lakin kifayət qədər dəlil olmadığından tezliklə azadlığa buraxıldılar və Pakistana deportasiya edildilər.

Lakin Abid Naseer məhkəmə qərarı ilə deportasiyadan qurtula bildi, çünki hakim, onunla Pakistanda qəddar rəftar edilə biləcəyinə dair hökm çıxarmışdı.

Naseer ikinci dəfə 2010-cu ildə ABŞ-ın Bruklin müstəntiqlərinin xahişi ilə təkrar həbs edildi.

Amerikalılar onu Bosniyalı Adis Medunjanin adlı başqa bir şübhəli ilə əlbir olmaqda təqsirləndirirdilər.

2011-ci ilin yanvarında Britaniya hakimi Naseer-in Pakistana qaytarılmaması şərti ilə ABŞ-a ekstradisiyası haqqında hökm verdi.

ZAZİ-NİN “ŞƏHİDLİK” ƏMƏLİYYATI

ABŞ hakimiyyət orqanları iddia edir ki, Medunjanin və onun daha iki keçmiş ali məktəb yoldaşı Najibullah Zazi və Zarein Ahmedzay 2008-ci ildə əl-Qaedadan terror təlimi almaq üçün Pakistana səfər ediblər.

Koloradoda aeroport mikroavtobusunun sürücüsü kimi işləyən Zazi dindirmə zamanı etiraf edib ki, 2009-cu ilin payızında Denverdəki qondarma laboratoriyada peroksid əsaslı partladıcı maddələri sınaqdan keçirib və maşınla Nyu Yorka gedərək planını həyata keçirmək istəyib.

ABŞ rəsmiləri deyirlər ki, Medunjanin və Ahmedzay metronun Manhattan xəttində, izdiham saatlarında törədilməli olan intiharçı bomba partlayışları planında Zazi-yə qoşulmağa razılıq veriblər.

Zazi bu əməliyyatı “Şəhidlik əməliyyatı”adlandırırmış.

Plan ona görə baş tutmayıb ki, Zazi-nin maşını polis tərəfindən Nyu Yorkun girişində saxlanıb.

QANLI TERRORUN KOD ADI – “NİKAH”

BBC şübhəlilər və onların planları barədə daha müfəssəl məlumat verir.

Reydlər zamanı Abid-dən başqa həbs edilmiş şübhəlilərin hamısı Pakistandan olub və əksəriyyəti Britaniyaya tələbə vizaları ilə gəlib.

Məxfi xidmətlər demək olar ki, ölkəyə gəldikləri gündən bu “tələbələr”dən şübhələnib.
Britaniya kəşfiyyatı Abid Naseer-i əl-Qaedanın Birləşmiş Krallıqdakı əməliyyatçısı kimi izləyib.

Şübhələrə səbəb isə Naseer və Pakistanda “Ahmad” adı ilə tanınan əl-Qaeda şübhəlisi arasındakı elektron məktub mübadiləsi olub.

Polis, şübhəliləri “Nikah” barədə email-dən sonra həbs edib.

Xəfiyyələr “Nikah” sözünün terror basqını üçün kod adı olduğundan şübhələniblər.

Həmin email-də deyilirdi: “Mən Nadia-nın ailəsi ilə tanış oldum və hər iki tərəf Nikah mərasiminin bu ayın 15-dən sonra və 20-dən əvvəl keçirilməsi barədə razılığa gəldi”.

Britaniya Ali Məhkəməsi Abid Naseer-in doğrudan da “arvad axtarışı”nda olduğu barədə iddiasını rədd edib.

BRİTANİYA FEMİDASININ DİLEMMASINI FTB HƏLL ETDİ

Lakin bundan sonra Britaniyanın hakimiyyət orqanları əsl dilemma qarşısında idi.
Ali Məhkəmə tərəfindən dəstəklənən polis və Mİ5 Naseer-i krallığın milli təhlükəsizliyinə qarşı qəsdçi kimi qiymətləndirirdilər. Lakin ölkə prokurorluğu bunu sübut etmək üçün kifayət qədər dəlil olmaması qənaətindəydi.

Amma bu arada məsələ, necə deyərlər, gözlənilmədən həll olundu.

2010-cu ilin iyulunda ABŞ-ın Federal Təhqiqatlar Bürosu Naseer-ə qarşı ittihamlarını elan etdi və onun Nyu Yorka ekstradisiyasını istədi.

Abid Naseer ABŞ məhkəməsinin qarşısına bu bazar ertəsi çıxarılacaq.
XS
SM
MD
LG