Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

«Azərbaycan zirək çıxdı, yoxsa İran özü istəmədi?»


Musiqi mağazasında satılan Azərbaycan tarı
Musiqi mağazasında satılan Azərbaycan tarı
-

«Ruz» online saytında getmiş bir məqalənin sərlövhəsi Tehran və Bakı arasında tar musiqi alətinə dair davam edən mübahisələrdə İran musiqiçiləri və ekspertlərinin ziddiyyətli vəziyyətdə olduqlarını nümayiş etdirir.

Musiqişünas Behruz Səməd Beygi adı çəkilən məqalədə yazır: «Üç il bundan əvvəl Azərbaycan Respublikası «aşıq musiqisini» öz mədəni irsi kimi qeydiyyatdan keçirəndə, İran Mədəni İrs və Turizm təşkilatının o vaxtkı direktor əvəzi Həmid Bəqayi bunu əhəmiyyətsiz məsələ adlandırmışdı. İndi isə tar – İran musiqisinin ən orjinal və mühüm sütunlarından biri olan musiqi aləti UNESCO tərəfindən Azərbaycanın mədəni irsi kimi qeyd edilmişdir».

«BİZ ÖZ GÜNÜMÜZƏ VƏ DÖVLƏTİMİZİN GÜNÜNƏ AĞLAMALIYIQ»

Bu, Behruz Səməd Beyginin alt sərlövhəsidir və o yazır ki, 1972-ci ildən bəri UNESCO İranın tarixi tikililərini, təbii landşaftlarını və mədəni irsini ümumi qeydiyyatdan keçirib.

Müəllif yazır ki, bu qeydiyyat zamanı ayrıca ölkə kimi İranın adı çəkilməyib, çünki UNESCO bu tarixi abidələri bütün dünyanın mədəni irsi hesab edib.

Səməd Beygi bu abidələrin geniş siyahısını verir: «Çoğa Zənbil, Persopolis, Meydani İmam, İsfahan, Təxti-Süleyman, Bam və onun təbii landşaftı, Pasarqad, Sultaniyyə, Bisütun, Azərbaycan Kilsə kompleksi (yeri gəlmişkən, UNESCO-nun rəsmi saytında bu kompleks Erməni Monastr Kilsələri kompleksi kimi qeydiyyata alınıb – red.), Şüştərin tarixi su sistemi, Təbriz Bazarı kompleksi, Şeyx Səfiəddinin Ərdəbildəki xanəgahı, Fars bağı, İsfahanın cümə məscidi, Keykavusun gümbəzi».

Müəllif həmçinin iddia edir ki, Türk sufilərinin «Səma» rəqsi də İranın mədəni irsi olduğu halda UNESCO tərəfindən Türkiyəyə «bağışlanıb».

O barışdırıcı mövqe tutmağa çalışaraq yazır ki, «Səma» rəqsi Türkiyə və İranın, aşıq musiqisi isə İranla Azərbaycanın müştərək irsi kimi qeydiyyatdan keçməli idi.
Behruz Sadegi bildirir ki, «Novruz» Azərbaycan, Hindistan, Qazaxıstan, Özbəkistan, Pakistan və Türkiyənin müştərək irsi kimi qeydiyyatdan keçirilib.

Müəllif bildirir ki, İranlılar UNESCO-nun qərarından iki məsələdə narazıdırlar:
«Birincisi, bu qərarda İran və Azərbaycan tarları arasındakı fərq qeyd olunmalıydı, ikincisi isə Azərbaycan tarının İran tarından yarandığı göstərilməlidi».

ONLAR DİVARA BİR MIX VURUB DEYİRLƏR Kİ…

Müəllif İranda bir nömrəli tarzənlərdən sayılan, Şərqi Azərbaycan ostanından olan Daryuş Pirniyakandan sitat gətirir: «Bu, mədəniyyət oğurluğudur. Bu, sadəcə bir musiqi məsələsi deyildir. Hakimiyyət buna qarşı yaxşı hesablanmış addımlar atmalıdır. Hələ ki, gec deyildir. Onlar sübutları toplayıb UNESCO-ya göndərməlidirlər. Əminəm, ki, UNESCO tarın İrana məxsus olduğunu qəbul edəcək».

İranlı tarzən Hamid Motebassem
İranlı tarzən Hamid Motebassem
Pirniyakan tarın Azərbaycan aləti kimi tanınmasını İranın işğalına bənzədir.

«Bu alətin Aran və ya Azərbaycan Respublikasına heç bir aidiyyatı yoxdur. Onlar divara bir mıx çalıb sonra bəyan edirlər ki, bu divar onlarındır. Mən üzümü Mədəni İrs təşkilatına, İrşad Nazirliyinə və hətta Ali Təhsil Nazirliyinə tuturam. Onlar niyə bu alətin qədimdən İrana məxsus olduğunu elan etmirlər?», - deyir Pirniyakan.

O bildirir ki, tar mənşə etibarı ilə İranın mərkəzi və cənub hissəsinə aiddir və «Azərbaycan İrandan ayrılandan sonra, onlar bu musiqini özləri ilə aparıblar, bir az dəyişiklik ediblər, lakin melodiyalar İran təranələri olaraq qalır».

İranın məşhur tar və setar ifaçısı Keyvan Saket isə deyir ki, tar İranda, İran sənətkarları tərəfindən yaradılıb və Azərbaycana aid deyil.

O qeyd edir ki, tar İranda Qacarlar sülaləsi dövründə xüsusi əhəmiyyət kəsb edib və bu sülalənin milli mənsubiyyətinə baxmayaraq, İran aləti olaraq qalır.

İRAN HAKİMİYYƏTİNİN MUSİQİ PROBLEMİ

İranın musiqi araşdırmaçısı Behruz Vejdani isə bildirir ki, aşıq sənətinin və ya tarın kiminsə mədəni irsi kimi tanınması monopoliya demək deyildir. Aşıq sənəti və tar böyük bir regionda, müxtəlif xüsusiyyətlərlə yayılıb və lazım gələrsə, Tehran da bunlara sahiblik iddiası ilə çıxış edə bilər.

Cənab Vejdani qeyd edir ki, mədəni irsin qeydiyyatının nə xeyri, nə də ziyanı var, lakin bununla belə, İranın Mədəni İrs təşkilatı bu məsələyə diqqət yetriməldir.
Ekspert bu təşkilatı musiqini başa düşməməkdə ittiham edir.

İranın başqa bir musiqi eksperti Fuad Tohidi mübahisənin siyasi tərəflərinə toxunur: «Bizim ölkədə hakimiyyətin musiqi problemi var. Buna artıq dözmək mümkün deyil. Musiqi barədə düzgün qərar qəbul etmək lazımdır. Belə getsə, bizim bütün mədəni irsimiz yox olacaq».

Cənab Tohidi hesab edir ki, ümumiyyətlə, bu gün dünyada İran barədə qəbul olunan qərarlar siyasi motivlidir və UNESCO-nun tar barədə qərarı da bu mənada istisna təşkil etmir.

Onun fikrincə, beynəlxalq birliyin Azərbaycana rəğbəti məhz bu faktorla bağlıdır.

Məqalənin müəllifi Behruz Səməd Beygi də məsələnin siyasi tərəfi ilə razılaşır.

O yazının sonluğunda xatırladır ki, İmam Rzanın ruhuna hörmət əlaməti olaraq Məşhəddə hər hansı konsertin keçirilməsi qadağan olunub.

Bəs başqa şəhərlərdə? Bu barədə də Tehran tərəddüd içindədir.

AZƏRBAYCAN TARI ORKESTR KİMİDİR

Eldar Mansurov
Eldar Mansurov
Azərbaycan tarzəni Bəhram Mansurovun oğlu, tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov İran ekspertləri bir məsələdə razı olduğunu bildirir: «İran və Azərbaycan tarları ayrı-ayrı alətlərdir».

«Ümumiyyətlə, tarixən iki tar olub: Qafqaz tarı və İran tarı, - deyir bəstəkar, - Qafqaz tarı məşhur tarzən və bəstəçi Mirzə Sadıqcan tərəfindən təkmilləşdirilib və bu alət bu gün mübahisəsiz olaraq Azərbaycan tarı sayılır».

Sadıqcan Qafqaz tarının çox böyük çanağını kiçildib, simlərin sayını 5-dən 11-ə çatdırıb.
Eldar Mansurov bildirir ki, İran tarı diz üstündə çalınır, lakin Sadıqcan tarı sinəyə qaldırıb.
Bəstəkar həmçinin İran və Azərbaycan tarları arasındakı fərqdə təəccüblü heç nə görmür.

O bildirir ki, tarın uzaq qohumu olan gitaraların da İspaniya, Fransa, Cənubi Amerikada fərqli modifikasiyaları var. Onlar hətta simlərin sayına görə fərqlənirlər.

Eldar Mansurov bildirir ki, iki tar akkustik xüsusiyyətlərinə görə də çox fərqlidir: «Rəhmətlik atam deyərdi ki, Azərbaycan tarı özü orkestr kimidir, amma İran tarının səsini 10 metrdən eşitmək olmur».

İran musiqişünaslarının Azərbaycan tarının İran tarından yarandığı barədə iddiası barədə suala Eldar Mansurov belə cavab verir: «Bu sualın qoyuluşu düzgün deyildir. Bu, «toyuq, yoxsa yumurta» sualına bənzəyir».
XS
SM
MD
LG