Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

«Eurovision»: Bu da axırı?


Azarkeşlər Bakıda «Eurovision» mahnı yarışmasının final gününü qeyd edir
Azarkeşlər Bakıda «Eurovision» mahnı yarışmasının final gününü qeyd edir
-

Dörd Avropa ölkəsi «Eurovision-2013»ə qatılmayacağını açıqlayandan sonra Britaniyanın aparıcı qəzetlərində belə bədbin ovqatlı başlıqlar çıxır. Yunanıstan və yunan Kiprinin yarışla bağlı hələ son qərarını vermədiyi diqqətə yetirilsə də, BBC-nin yarış təşkilatçılarına dayanan bu xəbəri bədbin ovqata qapılanlara təskinlik gətirməyib.

BBC yazır ki, «Eurovision-2013»ə qatılmayacaqlarını açıqlayan ölkələr, istər bütövlükdə tədbirin, istərsə mahnı yarışmasında qələbənin çox baha başa gəlməsini əsas gətirirlər.

Polşa və Portuqaliyanın «Eurovision-2013»ə qatılmayacağı birmənalı təsdiqlənsə də, təşkilatçılar gələn ilin mayında İsveçin Malmo şəhərində keçiriləcək mahnı şənliyində yetərli sayda ölkənin yarışacağına inanırlar.

BBC ötən il Bakıda keçirilən «Eurovision»a 42 ölkənin qatıldığını xatırladıb.

Mahnı yarışmasının təşkilatçılarından Sietse Bakker deyir ki, hər hansı ölkənin yarışı tərk etməsinə dair xəbərlər, hələlik olsa-olsa söyləntidir və tam siyahı yanvarda açıqlanacaq.

Cənab Bakker «Eurovision-2013»lə bağlı bədbinliyin Avropadakı maliyyə böhranından qaynaqlandığını düşünür.

Sietse Bakker
Sietse Bakker
O deyib ki, tutalım, Portuqaliyanın qərarı teleproqramların baha başa gəlməsinə və ölkə tele-seyrçilərinin mahnı yarışmasına çox da maraq göstərməməsinə əsaslanıb. Sietse Bakker «pulu çatmayanlara» yarışma təşkilatçılarının yardım əlini uzada biləcəyinə də işarə vurub.

Cənab Bekker-in fikrincə, yarışda qalib gələn, amma növbəti müsabiqənin keçirilməsində maliyyə çətinliyi çəkən ölkələrə keçmişdə də yardım göstərilib.

Bir başqa, ancaq bədbin təcrübəni misal çəkən BBC isə bahalı maliyyəsi və teleseyrçi sayının yetərsizliyi ucbatından Macarıstan, Andorra, Çexiya və Çernoqoriyanın Osloda keçirilən yarışmaya qatılmadığını vurğulayıb.

MAHNI OXUMAQ BİZİM HARAMIZA YARAŞIR?

«The Daily Mail» qəzeti yazır ki, Yunanıstan, Kipr, Portuqaliya və Polşa «Avropa təsisatına çevrilmiş bu zövqsüz yarışmada» iştirak etməyəcəklərini bildiriblər.

Yunanıstan öz qərarını mahnı yarışmasına giriş haqqını - 100 min funt sterlinqi ödəyə bilməyəcəyi ilə əsaslandırıb və onu da vurğulayıb ki, ölkənin bənzər durumunda belə dəbdəbəli yarışma ona yaraşmır.

Yunanıstan dövlət televiziyasının rəsmiləri bildiriblər ki, «söhbət heç puldan da getmir, sadəcə, indi bu yarışmaya qoşulmaq mənəvi baxımdan yanlış addımdır».

Kiprin dövlət televiziyası da bənzər mövqeni bölüşüb və bildirib ki, «əhalinin belə çətin durumunda bu yarışmaya qatılmaq təxribata bərabər bir addım sayıla bilər.

«The Daily Mail» yazır ki, Portuqaliya və Polşa da maliyyə çətinliklərini səbəb göstərirlər. Qəzet bir məqamı da vurğulayır ki, yarışmadan çıxmaq istəyən ölkələrin heç biri indiyədək həmin yarışmada qələbə çalmayıb.

Bakıda keçirilən müsabiqənin qalibi - Loreen
Bakıda keçirilən müsabiqənin qalibi - Loreen
Başqa bir incə məqam da var: qalib ölkə, növbəti ildə mahnı yarışmasını qonaqlamağa 60 milyon funt sterlinq xərcləməlidir. Vaxtilə İspaniya təmsilçisi Bakıda keçirilən «Eurovision-2012»də ölkəsini xərcə salmamaq üçün qəsdən uduzduğunu bildirməmişdimi?

Qəzetin yazdığına görə, İspan hökuməti pop ulduzu Pastora Soler-ə ölkəsini xərcə salmamağı tövsiyə etmişdi.

SƏN ALLAH, UDUZ…

33 yaşlı müğənni deyir ki, dövlət televiziyasının direktorları ona telefon açaraq, qalib gəlməməsini xahiş ediblər. O, bunu da söyləyib ki, direktorları anlayır, çünki bu qədər pulla camaatın maaşlarını vermək daha məqsədəuyğundur.

«The Daily Mail» maraqlı bir statistikanı da diqqətə yetirir.

Məsələn, Britaniya bu yarışmada indiyədək 4 dəfə qalib gəlib.

Mahnı müsabiqəsinin mütləq çempionu 7 dəfə yarışmanın qalibi olan İrlandiyadır.

Di gəl, Portuqaliya «Eurovision»a 46 dəfə qatılsa da, qələbə sevinci dadmayıb. Bu baxımdan Lissabonun qəlbiqırıqlığını anlamaq çətin deyil.

«The Daily Mail» ABBA qrupunu «Eurovision» mahnı yarışmasının ən böyük töhfəsi sayır. Sözügedən qrup 1974-cü ildə mahnı şənliyinin qalibi seçilmişdi. Qəzet töhfələr siyahısında 1988-ci il yarışmasının qalibi Céline Dion-un da adını çəkir.

«EUROVİSİON»U TƏRK ETMƏK ÜRƏK İSTƏR

Britaniyanın bir başqa qəzeti – «The Daily Telegraph» bir oxucusunun məktubuna üz tutub:

Eurovision 2012
Eurovision 2012
«Ser, ümid edirəm ki, Portuqaliya və Polşa gələn ilki yarışmadan çəkiləndən sonra Britaniya da bu «nimdaş tədbirə» qatılmamaq qərarını verəcək».

Oxucu Rona Taylor-un fikrincə, bu yarışmada səsvermənin siyasi xarakter daşıması onun mahnı sənəti baxımından önəmini heçə endirir. «Eurovision» müsabiqəsi Azərbaycanda keçiriləndə bir çox hüquq müdafiəçisi də siyasiləşmə amilini vurğulayırdı.

Britaniyanın aparıcı şərhçilərindən sayılan İain Martin nüfuzlu «The Sunday Telegraph» qəzetinin redaktor müavinidir. O da adi oxucu Rona Taylor-un fikrini bölüşür və düşünür ki, Polşanın «cəsarətli addımından sonra» Birləşmiş Krallıq da ürəkli davranmalı və yarışmadan çıxmalıdır.

Cənab Martin hətta xalq səsverməsi keçirilməsini də təklif edib.

Ən maraqlısı budur ki, belə bir sanballı qəzetin redaktor müavini öz həyatını yaşayan adi Britaniya sakini ilə eyni sonuca varıb:

«Biz «Eurovision» yarışı olmadan da, dünyada ən böyük mahnıları yaradan insanlarıq!».
XS
SM
MD
LG