Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Assange deyir Ərəb baharını WikiLeaks doğurdu


Julian Assange (Arxiv foto)
Julian Assange (Arxiv foto)
-

WikiLeaks saytının banisi Julian Assange bundan sonra da məxfi sənədləri faş edəcəyini bildirib. Bu barədə AFP xəbər verir.

Ötən yaydan bəri Londondakı Ekvador səfirliyinə sığınmış Assange “Cablegate” qalmaqalının ildönümündə, şərhlə çıxış edərək deyib ki, onun özünəməxsus anti-sirlər saytı “ABŞ-ın öz vəhşiliklərini gizlətmək, başqa ölkələri təhdid etmək və qlobal ağalığa yiyələnmək cəhdlərini ifşa edib”.

Julian Assange “Huffington Post” saytında yazır: "2010-cu ildən bəri Qərb hökumətləri WikiLeaks saytını terrorçu təşkilat kimi təsnif etməyə çalışırlar”.

Assange deyib ki, onun saytı dünyanı yaxşılığa doğru dəyişib.

O bildirib ki, ötən iki il ərzində sayta görə konkret olaraq heç bir fərd zərər görməyib.
Julian Assange bu qənaətdədir ki, ABŞ qoşunlarının İraqdan çıxarılması və Ərəb baharı onun WikiLeaks saytından qaynaqlanıb.

Amerika hökumətinin narazılığına baxmayaraq, Assange deyib ki, gizli sənədləri bundan sonra da açıqlayacaq və onun saytına maliyyə dəstəyini dayandırmaq mümkün olmayacaq.

YALNIZ GENERALLARIN BİLDİYİNİ FAŞ EDƏN SIRAVİ

Assange-ın son şərhi ABŞ-ın gizli sənədlərini WikiLeaks-ə ötürmüş Amerika ordusu sıravisi Bradley Manning-in iki illik həbsdən sonra məhkəməyə hazırlıq çərçivəsində ilk ifadələrini verdiyi vaxta təsadüf edir.

Bəzi şərhçilər bildirirlər ki, Assange sıravi Manning-dən alınan ifadələrdən ona qarşı istifadə edilə biləcəyindən narahatdır.

Bradley Manning
Bradley Manning
Assange narahatdır ki, bu ifadələrdən onun ABŞ ədliyyəsinin hədəfinə çevrilməsi üçün istifadə olunsun və ya başqa sözlərlə, Vaşinqtonun onu Londondan istəməsinə yol açılsın.

London isə Vaşinqtonun tələblərinə, İsveçin tələblərinə yanaşdığı kimi yanaşa bilməyəcək.

Bəzi xəbərlərə görə, Bradley Manning, necə deyərlər, kiçik xətaları boyununa almaqla, daha böyük ittihamdan – hərbi sirlərin WikiLeaks-ə ötürülməsi ittihamından və dolayısı ilə məhkəmədən yaxa qurtarmağa çalışır.

Julian Assange Bradley Manning-in işi barədə BBC-yə müsahibəsində bildirib ki, sonuncu Amerika həbsxanasında işgəncə kimi qiymətləndirilə biləcək şəraitdə saxlanıb.

“BBC NƏ VAXTDAN MƏNİM SƏHHƏTİMİN QEYDİNƏ QALIB?”

BBC-nin jurnalsiti Zeinab Badawi ilə əsəbi və acıqlı müsahibəsində cənab Assange Pentaqonun əleyhinə ağır ittihamlar səsləndirib.

BBC-nin daxili qaydaları, belə hallarda jurnalistdən müsahibin sözünü kəsməyi, ona çox ağır ittihamlar səsləndirdiyini xatırlatmağı tələb edir.

Həm də bu elə şəkildə edilir ki, BBC müxbirinin “ittihamların səslənməsinə müqavimət göstərdiyi” qeydə alınsın.

Bu, BBC-nin qeyd-şərtsiz əməl etdiyi hüquqi normalardan sayılır və ona görə edilir ki, sonradan BBC məhkəmə tərəfindən müsahibin ittihamlarına şərik kimi günahlandırılmasın.

Lakin görünür, BBC-nin bu daxili qaydalarından kifayət qədər xəbəri olan Assange bütün müsahibə boyu Zeinab xanımı ağzını açmağa qoymur və hətta BBC-nin özünü də ittiham edirdi.

Assange Ekvador səfirliyində çıxış zamanı
Assange Ekvador səfirliyində çıxış zamanı
Bir məqamda Assange hətta BBC-ni “nəhayət insan haqlarına hörmət göstərməyə” çağırdı.

Müsahibəni tezcə yekunlaşdırmağa, daha doğrusu, yeni ittihamların səslənməsinin qarşısını almağa çalışan Zeinab Badawi, üzündə kinayəli bir təbəssümlə Assange-dan onun səhhəti barədə və ağ ciyər iltihabı keçirdiyinə dair xəbərlər barədə sual verdi.
Lakin Zeinab Badawi-nin barışdırıcı təbəssümü Assange-ı daha da qeyzləndirib.

“BBC nə vaxtdan mənim səhhətimin qeydinə qalmağa başlayıb. Siz mən həbsxanada olanda mənim səhhətimlə maraqlanmısınızmı və mən ekstradisiyaya qarşı mübarizə aparanda, özümü necə hiss etdiyimi soruşmusunuzmu? Siz yaxşı bilirsiniz ki Ekvador səfirliyi polislər tərəfindən mühasirədədir və onlar bircə əmr gözləyirlər ki, bura soxulub məni həbs etsinlər”.

EKVADOR PREZİDENTİ DİLƏ GƏLDİ

Rafael Correa
Rafael Correa
Bu arada Ekvador prezidenti Rafael Correa Peru televiziyasına müsahibəsində bildirib ki, onun ölkəsinin Londondakı səfirliyinə sığınan Julian Assange-ın səhhətində problemlər yaranıb.

Correa deyib ki, Assange-ın səhhətindəki problem hələlik böyük deyil, lakin onun dar bir məkanda uzun müddət qalması, təmiz havadan məhrum olması vəziyyəti gərginləşdirə bilər.

Britaniya avqustun 16-dan Londondakı Ekvador səfirliyində yaşayan Julian Assange-a ölkəni tərk etmək üçün “salamat dəhliz” verməkdən imtina edir.

Bununla belə, Ekvador prezidenti deyib ki, vəziyyətdən çıxış yolu hələ də mümkündür:
“Bu məsələnin həlli Britaniyanın, İsveçin və Avropanın ədliyyə hakimiyyətinin əlindədir”.
“Əgər Britaniya ona ölkədən çıxmaq üçün dəhliz versə, günü sabah bu problem həll olunacaq”, - deyib Correa.
XS
SM
MD
LG