Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Nazim Hikmət Səməd Vurğunun məqaləsini oxuyanda kimin intihar xəbərini aldı? (9)


Nazim Hikmət
Nazim Hikmət
-

Stalin Nazim Hikmətlə görüşdən niyə imtina etdi?

Nazim Hikmət Simonovu niyə söyüb evindən qovdu?



Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


əvvəli

Məyus oluram. Gəncliyimin dostlarına nə olub, hamısı xəstələnib, hamısı dağlara köçüb? Buna görə də ziyafətdə deyirəm ki, mən iyirminci ildə Moskvadan gedəndə bura incəsənət cənnəti idi. Hər teatrın özünün əvəzolunmaz siması vadı.

Meyerxoldun teatrının siması Moskva Bədaye teatrının simasına oxşamırdı, MDBT isə Tairovun və Vaxtanqovun teatrından fərqlənirdi. Bura qayıdandan sonra isə heç nə başa düşə bilmirəm – binalar fərqlidi, səhnədə isə Gertsen demiş, eyni “marksist vicdan əzabları”.

Həmin banketdə soruşdum ki, axı sizə nə olub? Niyə bütün teatrlarda eyni axmaq pyesin müxtəlif variantlarını oynayır və hər dəfə yoldaş Stalini mədh edərək onu günəşə oxşadırlar? Dedim ki, əvvəla, əsl kommunist özünün günəşə bənzədilməyinə yol verməməlidi, ikincisi də ki, bu - zövqsüzlükdü. Dedim ki mən Rusiyada ölümündən sonra günəşlə müqayisə olunası bircə insan tanıyırıam, o da Puşkindir! Özüm də istəmədən belə çıxdı ki, mən Stalin kultuna etiraz eləyirəm.

XX qurultayda məni buna görə ittiham elədilər. Amma o vaxtlar mən nəsə deyəndə, sözlərimin kiminsə xoşuna gəlib-gəlməyəcəyi barədə düşünmürdüm. Qonaqların çoxu mənim danışdıqlarımdan elə qorxdular ki, mən masaya oturanda yüz adamdan yarısı da ziyafətdə qalmamışdı. Fedinlə Oxlopkov dəfələrlə mənim orda danışdıqlarımı yada salırdılar… Həmin ərəfədə mən Stalindən təklif almışdım, bir həftədən sonra Kremldə görüşməli idik. Amma həmin banketdən sonra o xəbər göndərdi ki, xəstədir və görüşümüz alınmayacaq. Stalinin əvəzinə görüşə gombul Malenkov gəlmişdi... Sonralar biz Fadeyevlə tez-tez görüşürdük. Mən «xalq düşmənləri», «yad ünsürlər», «saxta yenilikçi», «saxta», «individualizm», ölümünə yaxın isə «insan ruhu mühəndisi» kimi lənətli sözləri ilk dəfə Fadeyevdən eşitdim.

Özümə gələndən sonra mənə mənzillə birlikdə təqdim olunmuş xadimədən, Paşa xaladan soruşdum ki, bütün bunların – sürücü və «ZİM», mənzil, xadimə, beşnəfərlik ərzaq payının hamısı bir yerdə nə qədər eləyir. mən əmin idim ki, bunların hamısını mənim qonorarımdan çıxacaqlar və narahat idim ki, pulum çatacaqmı? Bunu soruşanda, mənə qədər xeyli dövlət məmurunun evində işləmiş Paşa xala fəxrlə mənə dedi ki, Mərkəzi Komitənin qonağı olan adam, belə şeylərə görə narahat olmamalıdır. Onun və sürücünün maaşını dövlət ödəyir, “ZİM” – hökumətin hədiyyəsidi. Yemək barədə isə heç düşünməyə də dəyməz - “kremlyovka”ya böyük endirimlər var. Onun sözlərinə görə yoldaş Stalin belə imtiyazları ancaq özünün ən yaxın köməkçilərinə verir.

Mən sarsılmış halda Yazıçılar İttifaqına, Fadeyevin yanına gedib, soruşdum ki, doğrudanmı məni işçi sinfinin boynuna mindiriblər? Doğrudan da başa düşə bilmirdim ki, sovet kommunistləri məni necə belə təhqir edə bilərdilər – axı həbsdə olanda belə mən çörəyimi əlimin qabarı ilə qazanmışdım. Qışqırırdım ki, məni biabır eləyən adamı döymək istəyirəm! Fadeyev məni sakitləşdirməyə çalışırdı, deyirdi ki, sovet xalqı ölkəmizin yaxın dostuna bu yolla öz qonaqpərvərliyini göstərir. Mən ondan soruşdum:

– Qardaşım, bəs yoldaş Stalin sizə də belə imtiyazlar veribmi? Bəs yoldaş Simonova veribmi?

Sonra dedim ki, düz MK-ya gedirəm. Bu yerdə Fadeyev mənə görə bərk qorxdu, arxamca qaçaraq, qapıda məni tutdu və yalvardı ki, MK-ya getməyim. Dedi ki, mən hələ heç nəyi başa düşmürəm. Sonra bu sözləri dedi:

– Bunu sizə heç vaxt bağışlamayacaqlar!

Sözü yadımda saxladım, amma yenə də Köhnə Meydana getdim ki, bu imtiyazlardan imtina elədiyimi bildirim. Amma sonradan özümə qarşı fərqli münasibət gördüm.
Fadeyevlə bağlı sovet poçt markası
Fadeyevlə bağlı sovet poçt markası
adeyev nə danışdığını bilirdi… Əllinci illərin əvvəllərində Fadeyevin məni müxtəlif uzunmüddətli səfərlər adı ilə Moskvadan zorla ora-bura göndərdiyi hələ də yadımdadı. Məni Çinə və başqa sosialist ölkələrinə, Venaya, Stokholma, Helsinkiyə göndərirdi:

– Gedin, Nazim, gedin, dünyanı gəzin, maraqlı şeylər çoxdur, iqlim də daha həlimdi, geri qayıtmağa da tələsməyin…

O vaxt bu məni əsəbiləşdirir, az qala qəzəbləndirirdi. Mən bu qayğıkeşliyi boyuna minnət qoymaq, azadlığımı məhdudlaşdırmaq kimi qəbul eləyirdim. Ancaq indi başa düşürəm ki, o vaxt Fadeyev sadəcə mənim həyatımı sığortalayıb! O görüb ki, mən hələ Stalin Moskvasının necə təhlükəli olduğunu başa düşmürəm... Mən Fadeyevin müxtəlif ovqatlarını tanıyırdım: şən, güləyən, xəstə, sərt. Bir dəfə Helsinkidəki Ümumdunya Şurası sessiyasının bağlanışı münasibəti ilə verilən banketdə Korneyçuk, Boris Polevoy, Erenburq, Tixonov və orada olan başqa hansısa ədiblə söhbət edirdik. Fadeyev Frederik Jolio-Kürinin yaxınlığında dayanmışdı. Birdən Şoloxov yavaş addımlarla bizə yaxınlaşdı. O, həmvətənlərinin üzünə baxıb, qəfildən hündür səslə mənə dedi:

– Bunlarla nə danışırsınız, Nazim?! Elə bilirsən, bunlar yızıçıdırlar? Bunların heç biri yazıçı-zad deyil!

Bu vaxt mən ona tərəf addımlayan Fadeyevin qəzəbli gözlərini gördüm. O Şoloxova cəmi bir-iki kəlmə dedi, o sözlərdən qulağım çalan ancaq bu söz oldu: «Nifrət eləyirəm!». Sonra da hamı ilə sağollaşıb, məni banketdən apardı. Bir-iki saat yaxınlıqdakı xiyabanda oturduq. Fadeyev uzun müddət sakitləşmədi…Biz onun “Gənc qvardiya ” romanından danışdıq. Fadeyev öz qəhrəmanlarının həyatlarının yazmadığı tərəflərini mənə danışdı. Sonra “Partlayış”ı oxumağımı istədi. Onun əsl yazıçı istedadını “Partlayış”dan sonra anlamışdım.

... Stalin öləndən sonra bir dəfə “Barvixa” sanatoriyasında üçümüz - mən, Fadeyev və Krutitsa və Kolomna mitropoliti Nikolay gəzişirdik. Mən mitropolitə çox hörmət eləyirdim, onunla çox görüşmüşdüm. O, müasir dövr də daxil olmaqla, ədəbiyyatı yaxşı bilirdi. Bizim Şekspirin faciələri mövzusunda başlayan söhbətlərimiz birdən “Gənc qvardiya”ya yönəldi. Mitropolit dedi ki, Fadeyevin romanlarının qəhrəmanları üzərlərinə düşən dünya yükündən, seçdiyi yoldan imtina etmədilər. Nikolay Krutitski Bibliyanın köməyi ilə bizə sübut eləyirdi ki, istənilən faciə –mükəmməlliyə doğru insanın şəxsi irəliləyişi ilə bütün dünyanın irəliləyişinin sintezidir. Bu məsələdə biz onunla razılaşdıq. Sonra söhbət nədən düşdüsə, o dedi:

– Ən dəhşətli günah isə – ümidsizlikdir.

– Amma insan – Allah deyil axı. –Fadeyev etiraz elədi. – O zəiflikdən, günahlardan yaxasını qurtara bilməz...

– Müdriklik günah etməməkdə deyil, tövbə etməkdədir! Günahı başa düşməkdədir. Günahı yumaqdadır –mitropolit əminliklə dedi.

O, İncildən nümunə gətirdi, dedi ki, həvarisi Pyotr bir gecədə üç dəfə müəllimi İsadan imtina edib, amma əfv diləyib və bağışlanıb.

– Bəs İuda? –mitropolit davam edirdi. – O insan üç il yarım İsanın yanında gəzdi, amma yenə də heç nə başa düşmədi. İsanı satandan sonra tövbə eləmədi, məyusluğa qapanıb, özünü zəhərlədi!

– Bəs Bibliyada hər şeyə qadir tanrı obrazında kinayəli şeytan barədə hədis yoxdumu? Sadəlövh axmağın ağzını ayırıb baxdığı...Əşi, nə isə … – Bir az susandan sonra Fadeyev mitropolitdən soruşdu: – Buna görə intihar edənləri kilsənin həyətində basdırmırdılar? Əgər insan ümidsizliyə qapılıbsa, özünə xətər yetiribsə, deməli o, allahsızdır?!

– Hə. Onlar artıq inanclı hesab olunmurdular, buna görə də kilsənin həndəvərində dəfn olunmaqları qadağan idi. –mitropolit dedi.

Fadeyev onda etiraz eləyir, sübut eləməyə çalışırdı ki, insan dünya və özü qarşısında azaddır, əgər yaşamaq daha mükünsüz, ruh artıq yorğundursa, insanın öz xaçını yerə qoymaq haqqı var. Sinəsini güllə qabağına verən yorğun Puşkindən, Mayakovskidən danışdılar. Mitropolit intelligent pastorlara xas aram səslə bizi əmin etməyə çalışırdı ki, intihar – insanın müvəqqəti məyusluq, keçib gedəcək ümidsizlik anında təslim olduğu ümidsizlikdir:

– İnsan öz xaçını ömrünün axırına qədər daşımalıdır, sizin romanınızdakı gözəl uşaqlar kimi…

– Yox! Mənim uşaqlarım tamam başqa həyat üçün doğulmuşdular. Mən bilirəm ki, necə bir həyat üçün, amma bilirəm ki, onlar vətəni sevdiklərinə, bir də başqalarının cinayətlərinə görə cavab verdilər!

– İnanın, hər ruh üçün tanrının öz yazısı var. Hər insan üçün bu yazı katarsislə qurtarır, bəyəm siz bunun fərqinə varmamısınız? Sizinlə bizim isə özünüdərkimiz var. Axı siz bunları öz gözəl kitabınızda yazmısınız, Aleksandr Aleksandroviç.

– Mən islaholunmaz allahsızın biriyəm, vəssalam! – Fadeyev güldü. Sonra onlar mənim bu barədə nə düşündüyümü soruşdular. Onlara qulaq asmaq mənə çox maraqlı idi, çünki mən hər iki kitabı – Quranı da, Bibliyanı da yaxşı bilirdim. Həbsxanada məhbuslara ancaq bu kitabları oxumağa icazə verirdilər. Mən həbsdə çox yatmış, bu kitabları yaxşı oxuyub öyrənmşdim. Onlara dedim ki, mən Bibliyanı kommunist kimi
Nazim Hikmət və Vera Tulyakova
Nazim Hikmət və Vera Tulyakova
xumuşam, onun heyrətamiz süjetlərindən biri əsasında özümün “Möhtəşəm İosif” pyesimi yazmışam. Qəhrəmanın adına və Stalinlə assosiasiyasına görə onu səhnəyə buraxmasalar da, mən bu pyesimi ən uğurlu əsərlərimdən biri hesab eləyirəm. Bu öz yerində. Mən də yoldaş Fadeyev kimi, ancaq insana inanıram. İnsan isə var olmaq üçün doğulur. Ömrüm boyu məni öldürmək, asmaq, zəhərləmək istəyiblər... İnfarkt olmuşam, amma həmişə içimdə dəli bir yaşamaq həvəsi olub və bu gün də yaşadığıma görə məhz bu yaşamaq istəyimə minnətdaram. Buna görə də «Olum. ya ölüm?» pyesi mənim üçün dini deyil, nəzəri əsərdir. Uzun sözün qısası, mən də intiharın əleyhinəyəm.

Yadımdadır ki, sanatoriyaya çatana qədər Fadeyev bütün yolu susdu. Mitropolit, deyəsən, nəsə hiss eləmişdi. O mənim «Məhəbbət əfsanəsi» əsərimə də istinad edərək (açığı, bu mənim xoşuma gəldi) ümidsizliyin necə dəhşətli günah, Tanrı lütfünün necə sonsuz, həyatın isə necə çətin olmasından danışırdı.


…Sonra bir müddət də keçdi və 1956-cı ilin may ayının 11-də Fadeyev mənə zəng edərək, sabah dostumuz Səməd Vurğunun ad günü olduğunu yadıma saldı. Ona görə yadıma saldı ki, bizdə, Türkiyədə ad günlərini qeyd eləmək ənənəsi yoxdur. Məsləhət gördü ki, Bakıya zəng eləyim, teleqram vurmağın daha yaxşı olduğunu dedi, qoy Səməd sevinsin. Biz Səməd barədə elə həvəslə danışdıq ki… Fadeyev dedi ki, Səmədin bir məqaləsini evdə saxlayır, həmin məqalənin altında məmnuniyyətlə öz imzasını qoymaq istədiyini dedi. Mənə maraqlı gəldi, Fadeyev bu günlərdə həmin məqaləni mənə göstərəcəyinə söz verdi. Səhəri gün, mayın 12-də Peredelkinodakı dükanın yanında görüşdük. Fadeyev içində qəzetdən kəsilmiş vərəq olan zərfi mənə uzatdı. Hava soyuq idi və deyəsən, Fadeyev donmuşdu. Dedi ki, məni ötürmək istəyir. Amma biz yeriməkdən çox, dayanıb, danışırdıq, Fadeyev bir ucdan zarafat eləyirdi. Birdən, söhbətimizə heç bir dəxli olmadığı halda, soruşdu:

–Nazim, siz həbsxananı tez-tez yadınıza salırsınız?

Dedim ki, o vaxtdan bəri o qədər ağrı, həyəcan yaşamışam, həlli olmayan o qədər qayğılar çəkmişəm ki, həbsxana arxa planda qalıb. Bunu deyəndə Fadeyev iki-üç həftə əvvəl bağ evinin üst pəncərəsindən həyət qapısının yanında bir adamın dayanıb onun evinin pəncərələrinə baxdığını gördüyünü danışmağa başladı.

Adam əlləri cibində dayanıbmış, həyət qapısını açmırmış. Fadeyev nə baş verdiyini öyrənmək üçün həyətə çıxıb. Həmin adam dimdik dayanıb, əsəbi halda Fadeyevin ona tərəf gəlməyinə baxırmış…

Onun paltarları kasıbyana, üzü boz, yorğun imiş…Birdən Fadeyev onu tanıyaraq, adı ilə çağırıb. O isə Fadeyevin gözlərinə baxıb, həyət qapısına tüpürərək, ağır-ağır addımlarla ordan uzaqlaşıb. Fadeyev danışırdı ki, həmişə özünü vicdanlı adam hesab eləyib. İndisə hər şey başqa cürdü, onun özü də baş-ayaq dayanıb. Buna görə də gözlərinin
Səməd Vurğun
Səməd Vurğun
abağında qığılcımlar oynaşır, çevrilməyə isə taqəti çatmır … Mən onu sakitləşdirməyə çalışdım, amma Fadeyev gülümsəyərək, əlimi bərk-bərk sıxdı və getməyə tələsdi…

Onun arxasınca baxanda qoltuğundakı çörəyi gördüm. Fadeyevlə görüşümüzün səhəri günü, artıq mayın 13-ü idi, mən Səməd Vurğunun «Şairin haqqı» məqaləsini oxudum. Amma məqaləni oxuyub qurtarmamış, telefon səsləndi, dəstəyi götürəndə o başındakı səs qışqırdı – Fadeyevlə faciə baş verib, təcili öz həkimimi onun yanına göndərməyimi istəyirdilər. Bir neçə dəqiqədən sonra onun bağ evinin ikinci mərtəbəsinə atıldım – Fadeyev artıq ölmüşdü. Otaqdakı tapançanı, özünü vuranda üzərində güllə ilə deşik açılmış yastığı və iki zərf, onun iki son məktubunu gördüm. Məktublardan birini o Mərkəzi Komitəyə, birini arvadına yazmışdı. Ölü sifətdə açıq qalmış gözlər məni sarsıtdı. Mən şərq ənənəsinə riayət edərək, qadından onun üzünü örtməyi xahiş elədim, amma o dedi ki:

– Lazım deyil, bəlkə nəfəs aldı…

Mərkəzi Komitəyə yazılan məktubda nə olduğunu mən bir neçə ildən sonra öyrəndim. V.N. Ajayev Fadeyevin dəfn komissiyasının üzvü idi. Məktubun mətnini o demək olar ki, əzbərləmişdi. Fadeyev Stalinə necə inandığından, XX qurultayın onun üçün necə dəhşətli oyanış olduğundan yazmışdı. Yazmışdı ki, həmişə özünü vicdanlı hesab edən adam, bir çox yazıçıların ölümündə günahkar olduğunu biləndə necə dəhşətə gəlib. Yazıbmış ki, indi onun ancaq iki yolu var: ya həyata təzədən başlamaq, öz əməlləri ilə yoldaşlarının hörmətini yenidən qazanmaq, ya da əli olan bütün əməllərin əvəzini öz həyatı ilə ödəmək. Birinci yol ondan çoxlu mənəvi və fiziki güc tələb edir – onunsa gücü qalmamışdı. Buna görə də o ikinci yolu seçir".


Bu gün Muzanın ad günündə idim. Qonaqlardan kimsə onun əri Volodya Buriçə Stalinin nəhəng başını hədiyyə gətirmişdi. Baş sarı rəngdə idi, üzündə məkrli bir təbəssüm vardı. Volodya başını maket-başın içinə soxdu, başına keçirdiyi maket elə nəhəng idi ki, Volodya iribaşlı liliputa oxşayırdı. Amma mən gördüm ki, qonaqların yarısı qorxudan sarısını udub.


Sən 1953-cü ilin martında, infarkt xəstəliyindən sonra “Barvixa” sanatoryasında yatdığından danışırdın. Stalinin xəstəliyini və ölümünü səndən ciddi-cəhdlə gizləyirmişlər, qorxurmuşlar ki, bu ağır xəbər sənə ölümcül təsir edər. Amma günlər keçirmiş və həkimlər hansısa bədxah təsadüfdən qorxaraq, maksimal tibbi sığorta şərtləri altında xəbəri sənə çatdırmaq qərarı veriblər. Bu işi Simonova tapşırıblar.
Xəbəri eşidəndə sən əvvəlcə dəhşətə gəlmisən, donub qalmısan. Bir neçə dəqiqə danışa bilməmisən. İkinizin də gözləri yaşarıb. Qəfildən hissləri bir-birinə qarışmış Simonov deyib:

– Bəs, biz indi necə yaşayacağıq? Axı o bizim əvəzimizə fikirləşirdi?!

– Nə? – sən soruşmusan.

– O bizim yerimizə də fikiləşirdi!

Sən qəfildən gülmüsən. Sonra yavaşca, sonra bərkdən, sonra qəhqəhə ilə.

Simonov bunun isterika olduğunu düşünüb, bərk qorxub, qapının arxasında əlində şpritslə dayanan həkim və tibb bacılarına tərəf atılıb. Hamı sənin başına yığışanda sən onlara başa salmağa çalışmısan ki, sənə heç nə olmayıb.

– İndi biz hər şeyi özümüz fikirləşəcəyik! Özümüz! Özümüz! Mənim yoldaş Stalinə hörmətim var, amma insan öz yerinə özü düşünməlidir! – sənə doğru uzanmış şpritsləri itələyərək demisən.

Nazim, bunu istəmirəm, amma bu xoşagəlməz xəbəri artıq deməliyəm – Moskvada sənin sahibin peyda olub.

Bu gün Saşa Tverskoy qorxu içində yanıma gəlmişdi. İçəri keçməmiş, evdə heç kimin olmadığına əmin olub, soruşdu:

– Siz Simonova nə demisiniz?! Dünən onu yazıçılar evində gördüm – hirsindən zəncir gəmirirdi! Sizin əvəzinizə mən qorxuram.

Konstantin Simonov
Konstantin Simonov
– Narahat olmayın, qorxulu heç nə yoxdu, – deyirəm.

– Yox, siz Allah, risk eləməyin! O çox təhlükəli adamdı. bilirsiniz o neyləyə bilər...
Mən Saşanın sözlərini yavaş-yavaş götür-qoy eləyirəm və başa düşürəm ki, Simonov onu qorxutmaqla, əslində məni qorxudur. Axı o, Saşa kimi sıradan bir yazarla söhbət edəcək qədər lütfkarlıq eləməz. Deməli, o mənə müharibə elan eləyir. Neynək, buyurun, Konstantin Mixayloviç, şər dillər deyir ki, İkinci Dünya Müharibəsi zamanı siz barıt iyini ancaq yuxunuzda hiss eləmisiniz.... Saşanı bacardığım qədər sakitləşdirməyə çalışıram, amma sənin ilk bioqrafın Simonovun hoqqaları barədə üyüdüb-tökür. O əməlli-başlı qorxub. Saşa xeyixah, düzgün adamdı, amma bizm əksər intelligentlər kimi, zəif adamdı. o təklif eləyir ki, mən Konstantin Mixayloviçlə razılaşmaya gedim. Sonra da deyəsən, onu çoxdan narahat edən bir sual verir. Saşa bu sualı sənə də vermişdi: Simonovla aranızda olan nifaqın səbəbi nə olub ki, nəticədə sən onu evdən qovmusan? Yox, Saşenka, mən sənə heç nə deyə bilmərəm. Bəsdi, onsuz da hirsimdən Simonova demişəm ki, onun barəsində çox şey bilirəm. O, qaşlarını necə çatmışdı. Gözləmirdi axı. Səninlə görüşmədiyi altı il ərzində o ağlına da gətirməmişdi ki, sən mənə hər şeyi danışa bilərsən.

– Siz bilirsiniz axı, Nazimlə bizim aramızda narazılıq olmayıb, – əvvəlcə o mənim yaddaşımı yanıltmağa çalışırdı. – Sadəcə mən «Pravda»nın müxbiri kimi, üç illiyinə Daşkəndə getmişdim

– Yox, – deyirəm, – aranıza nifaq düşmüşdü.

Və hadisənin dəqiq gününü deyirəm.

Həmin tarixi dəqiq xatırlamağımda təəccüblü heç nə yoxdur. Axı onunla sənin pozuluşman Simonovun “Literaturnaya qazeta”da Pasternakın əleyhinə yazılmış, Boris Leonidoviçə qarşı hücumlara başlamaq üçün siqnal olmuş məktub çap onunan ərəfədə baş vermişdi. Yadda qalan tarixdir.

Həmin gün Simonov sənin bağ evinə dost niyyəti ilə gəlmişdi. Gəlmişdi desin ki, sabah «Doktor Jivaqo»nun müəllifinin kütləvi daşlanması başlayacaq. O səndən xahiş eləyirdi ki, bu dəfə ədəbiyyatın daxili işinə qarışmayasan. Sənin yaxın bir tanışın, həmin vaxt üst mərtəbədə tərcümə üstündə işləyən moskvalı şairə bu söhbəti eşidəndə yarımcan olmuşdu. Yadındadı, biz artıq Moskvadakı mənzildə olanda, o şairə həmin qorxunc mübahisədən necə dəhşətlə danışırdı? Etiraf eləyirdi ki, Simonovun birdən yuxarı qalxıb, onu orada görəcəyindən və sənin Simonovu Stalinin təbəəsi olmaqda, Zoşşenkonu, Pasternakı məhv eləməkdə ittiham eləməyinin şahidi olduğunu biləcəyindən necə qorxurmuş!...

Mənə görə qorxma, Nazim. Ona söz verdiyim kimi, sənə də söz verirəm ki, susacağam. O sağ olduğu müddətcə susacağam. Ona da elə belə dedim::

– Mən sizdən çox yaşamalıyam və mən sizdən çox yaşayacağam!

İblis kimi ikiüzlü zəmanədir! Ətrafda nə qədər yalan, riyakarlıq var. Hamı – yaxşılar da, pislər də yalan danışır. Fərq ancaq özünü məcburetmənin miqyasında bu yalanlardan əldə olunan xeyirlərdədi.

Bilirəm, Nazim, indi sən məndən narazısan. Başa düşürəm, qadına dəxli olmayan işə burnumu soxmuşam. Bir dəfə sənə demişdim ki, mən heç vaxt Zoya Kosmodemyanskaya ola bilməzdim – elə ilk işgəncədə faşistlərə hər şeyi açıb danışardım. Sənsə etiraz elədin:

– Yox. Sən elə qəzəblənərdin ki, hikkəndən heç nə deməzdin!

Mən hələ də sənin əsəbi səsini eşidirəm:

– Vera, nə olub axı, niyə bu murdar hadisəni tez-tez yadıma salırsan?! Həmin gün mən Simonovu evdən qovdum, ona ağzıma gələni dedim, onunla münasibətlərimi bitirdim, sonra daha heç vaxt evimə dəvət eləmədim. Həmin gün mən Boris Pasternakı sabahkı qorxunc məqalədən xəbərdar etmək üçün onun evinə getdim, özü evdə olmadı, arvadı isə özünü qəribə apardığı üçün ona heç nə izah eləyə bilmədim. Sən bunların hamısını bilirsən... Sonra nə elədiyimi də bilirsən... Nə olub, niyə yenə Simonovdan söz salırsan?

Boş şeydi, Nazim, sadəcə, sənin dəfnindən sonra Simonov yanıma gələrək, dedi ki, bundan sonra sənin ədəbi irsin üzrə komissiyanın sədridir. Mən sənin öz ədəbi irsini etibar etmək istədiyin, başda Tvardovski olmaqla yeddi şairin adını çəkdim. O dəli oldu, mənə əmr elədi ki, sənin son məktubun barədə heç kimə heç nə deməyim, artıq hər şey həll olunub. Sənin siyahından (Yevtuşenko, Rojdestvenski, Voznesenski, Yevgeni Vinokurov, David Samoylov, Boris Slutski və Aleksandr Trifonoviç) onun komissiyasına ancaq Borya düşüb. Amma Simonov mənə sizin necə dost olduğunuzu danışanda, mən ona Pasternak barədə biri-iki kəlmə dedim. O qəzəblə məndən aralandı. Cəhənnəm olsun! Saşa isə qorxur, elə Əkbər də narahatdır...

Bizi kimin ümidinə buraxıb, getdin, Nazim? Qorxmuruq, amma ağrılıdı, ağırdı.

ARDI
XS
SM
MD
LG