Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

Ruhi-əsəb evində ölən qızın anası: «Bədəni gömgöy idi»


Foto: Arxiv
Foto: Arxiv
-
«Uşaq bir dəri, bir sümük idi. Ona 4 gün nə çörək, nə də su veriblər. Çox pis vəziyyətdə idi. Bədəni gömgöy, burnu sınmışdı, çənəsinin altı göyərmişdi».

Sevil İlyaslı noyabrın 15-də Göygöldəki 8 saylı ruhi-əsəb evində keçinmiş 21 yaşlı qızı Zeynəbi belə təsvir edir. Qəhərdən güclə danışan ana qızının işgəncə verilərək öldürüldüyünü söyləyir.

Dediyinə görə, yoldaşı rəhmətə gedəndən sonra 15 yaşlı Zeynəbi evdə saxlamaq çətin olduğundan 2006-cı ildə onu Saraydakı 7 saylı internat evinə qoyub. Bu il martın 7-də isə ona xəbər verilmədən qızını Göygöldəki 8 saylı internat evinə aparıblar.

«SONUNCU DƏFƏ AVQUSTA GÖRÜŞDÜM. HEY MƏNƏ SARILIB AĞLAYIRDI...»

Sonuncu dəfə qızı ilə avqust ayında görüşdüyünü söyləyən ananın dediyinə görə, qızının xeyli zəiflədiyini görüb. Deyir Zeynəb dəfələrlə ona sarılaraq ağlasa da, heç bir şey anlada bilməyib. Ölüm xəbərini noyabrın 15-də alıblar:

«Allah heç kimin övladını ora salmasın. Ora çox pis gündədir. Heç kimi içəri buraxmırlar. Xəstələr deyir ki, biz sizə söz desək, bizi öldürərlər. İnsanları elə saxlayarlar? Mənim uşağım orda öldü, amma orda nə qədər adam var. İnsanları belə ələ salmaq, işgəncə vermək olar?».

«ZEYNƏB İLYASLI BİZƏ GƏLƏNDƏ YAXŞI İDİ, SONRA ZƏİFLƏDİ»

Foto: Arxiv
Foto: Arxiv
8 saylı internat evində yalnız ölüm faktını təsdiqləyirlər. Amma 21 yaşlı Zeynəb İlyaslının işgəncələrdən ölməsini danırlar. İnternatın təsərrüfat müdiri Fikrət Ələkbərov deyir ki, Zeynəb İlyaslı onlara gələndə hər hansı problemi olmayıb, amma sonradan zəifləməyə başlayıb:

«Əvvəllər yaxşı idi. Sonradan zəiflədi. Ruhi xəstə idi də. Həkim baxmışdı, ciyərində problemlər vardı. Bundan başqa, şəkəri də varmış... Adamlara işgəncə verilməsi və s. yalan məlumatdır. Pisdirsə, onda niyə gətirib adamları bura qoyurlar. Valideynlər çox şey deyə bilər. Bizdə heç kimə pis baxılmır. Düzdür, valideynləri bura gələndə əsəbiləşmişdilər. Biz də təcili yardıma, polisə müraciət etdik».

«BU İL İNTERNATDA 5 NƏFƏR ÖLÜB, ANCAQ NARAZILIQ BİRİNCİ DƏFƏDİR»

Fikrət Ələkbərov 2012-ci ildə internatda 5 nəfərin öldüyünü və yaxınlarından da heç bir narazılıq olunmadığını deyir:

«Hamısının da ölüm kağızı var. Həkim rəyi və s. Bizdə 18 yaşından 90 yaşınadək 123 ruhi-əsəb xəstəsi var. Onların arasında valideynləri olanı da var, olmayanı da. Valideynləri olanlar bəzən gəlib yaxınlarını ev məzuniyyətinə də götürür».

Elçin Behbudov
Elçin Behbudov
Ölüm faktı ilə əlaqədar Göygöl rayon Prokurorluğu araşdırma aparır. Adının çəkilməsini istəməyən prokurorluq əməkdaşının dediyinə görə, məhkəmə tibb-ekspertizasının yekun rəyi olmadığı üçün ölümün səbəbi barədə hər hansı məlumat verə bilməzlər.

«BAŞ PROKURORA MÜRACİƏT EDƏCƏM»

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov məsələni bildiyini və araşdırmalara başladığını deyir:

«Mən vəfat edən qızın anası ilə danışdım. Ana iddia edir ki, meyitin üzərində ciddi işgəncə əlamətləri olub. Mən Zeynəbin ölümünün səbəblərinin araşdırılması ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edəcəyəm... Ana deyir, ola bilər ki, qızı döyülüb öldürülüb. Hər halda, araşdırma aparılar, cavabdeh şəxslər cəzalandırılar».

Hüquq müdafiəçisi həm ruhi-əsəb, həm də digər internat evlərindəki ümumi vəziyyəti o qədər də yaxşı saymır və həmin müəssisələrdə işgəncə hallarının gözlənilən olduğunu deyir.

Respublika Əlil Təşkilatları İttifaqından AzadlıqRadiosuna verilən məlumata görə, məsələ ilə bağlı onlar da araşdırma aparacaqlar.

İnternat evindəki 123 xəstənin 121-i qadın, 2-si kişidir.
XS
SM
MD
LG