Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:30

James Bond rekordlar vurur


«Skyfall»
«Skyfall»
-
«Skyfall» Britaniya kassasının ən çox satılan filmi oldu.

Bu barədə məlumat verən rejissor Sam Mendes deyib ki, 007 nömrəli agentin son macərası bütün James Bond filmlərinin rekordunu sındırıb.

«The Guardian» yazır ki, bu rekord nəticə filmin ekranlara çıxmasının artıq ikinci həftəsində baş verib.

007-nin Oskar mükafatlı rejissor S.Mendes tərəfindən lentə alınmış 23-cü macərası bu seriyadan çəkilmiş birinci filmin 50-ci ildönümü ilə eyni vaxta təsadüf edir.

Film prokata buraxıldığı vaxtdan iki həftə sonra kassaya 57 milyon funt sterlinq gətirərək hazırda ekranlarda olan «The Dark Knight Rises» filmini də geridə qoyub.

James Bond-un son macərası bu silsilədən olan bütün başqa Bond filmlərinin kassa rekordunu aşıb. Məsələn, 2006-cı ildə ekranlara çıxmış «Casino Royale» filminin kassası 55 milyon 600 min funt sterlinq olmuşdu.

Filmin yaradıcıları üçün ən əhəmiyyətli məqam budur ki, bu həftəsonu ABŞ-da premyerası olacaq «Skyfall» Britaniya rekordunu rekord müddətdə vurub. Gözlənilir ki, bu həftəsonu film kassaya daha 70 milyon dollar gətirərək qlobal miqyasda 400 milyon dollar həddinə yaxınlaşacaq. 594 milyon dollar kassaya malik «Casino Royale» filmini arxada qoyacaq.

Kinoşünaslar bu qənaətdədirlər ki, «Skyfall» filmində kiber-terrorçuların Britaniya kəşfiyyatından oğurladıqları mühüm sənədləri əldə etməyə çalışan aktyor Daniel Craig-in qəhrəmanı Sean Connery-nin zəmanəsindən bəri ən yaxşı James Bond-dur.

Bu arada rejissor bildirib ki, artıq təqaüddə olan S.Connery bu filmdə fəxri epizoda dəvət edilib. Lakin təşəbbüs baş tutmayıb.

S.Mendes jurnalistlərə deyib ki, Sean Connery-nin Bond-u bir daha geri qayıtmayacaq.



SƏRXOŞ BAŞDAN AĞILLI FİKİR

Filmin rejissoru S.Mendes deyir ki, «Skyfall»un çəkiliş ideyasını ona bir içki məclisində baş qəhrəman D.Craig verib.

D.Craig rejissora yaxınlaşaraq James Bond roluna üçüncü dəfə çəkilmək üçün ən yaxşı namizəd olduğunu söyləyib.

«O, o qədər də sərxoş deyildi və mənə əslində konkret təklif də vermədi. Bu elə-belə bir söhbət idi, amma hər şey ordan başlandı. Mən həmin məclisə getməsəydim, filmin başqa bir rejissoru olacaqdı», - S.Mendes deyir.

Dünyanın ətriyyatdan tutmuş avtomobillərə qədər ən müxtəlif məhsul istehsal edən məşhur şirkətlərinin James Bond filmlərindən reklam kimi faydalanmaları təzə xəbər deyil. Bu dəfə də «Sony», «Coca-Cola», «Bollinger», «Swarovski», «Omega» və başqaları filmdə görünmələri üçün onun yaradıcıları ilə çoxmilyonlu razılaşmalar imzalayıblar.
Daniel Craig
Daniel Craig

Hərçənd, AZAL şirkətinin nə vaxtsa belə bir sövdələşmədə iştirakını iddia etmək çətindir. Şirkət Bakı və Londonu birləşdirən uçuş reysinin nə üçün məhz «J007» adlandırılmasının səbəbini bir neçə versiya ilə izah edə bilər. Məsələn, «biz James Bond 007-ni yox, Cahangir və ya Cavanşir 007-ni nəzərdə tutmuşuq», - deyə bilərlər.

Nə isə qayıdaq müqavilələr imzalamış şirkətlərə. Bunların arasında məşhur «Heineken» pivə istehsalçısı xüsusilə seçilir. O, ssenariyə düzəlişlər edilməsinə də səbəb olub. Üstəlik, onun filmin yaradıcıları ilə müqaviləsinin qiyməti 45 milyon dollar təşkil edib.

«Skyfall» filminin prodüserlərindən biri, Michael G. Wilson bu cür sövdələşmələrə aydınlıq gətirib:

«Bu, o deməkdir ki, firma öz malını bizə pulsuz verir və texniki dəstək göstərir. Siz orijinal Bond-u yaratmış Ian Flemming-in kitablarına baxsanız, görərsiniz ki, orada da spesifik brendlərin adları çəkilir. Çünki bu obraz elədir ki, hər an ölə biləcəyini dərk edir və dünyanın naz-nemətindən dadır».

Filmsevərlərin bu ideya xoşuna gəlməsə də, «Heineken» ABŞ premyerasında öz uğuruna inanır.

Burası da var ki, film istehsalçıları bu pivənin əsərin başqa iştirakçıları tərəfindən içilməsinə yol versələr də, Bond-un 50 illik içki şakərinə müdaxilə etməyiblər. O, yenə də «qarışdırılmış yox, sadəcə çalxalanmış vodka-martini» içir.

Şakərləri tərgitmək hətta bir nömrəli casus üçün də asan deyil.
XS
SM
MD
LG